Əlaqə Arxiv
news Image
2017.04.26
09:45
| A A A
Aqrar sektorda anomal hava təhdidi
Mirzə Musayev: “Havaların qeyri-sabit keçməsi bitkilərin normal inkişafına mənfi təsir edir” Ənvər Əliyev: “Havaların anomal keçməsi kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərir”

Bir neçə gündür ölkə üzrə hava şəraitinin soyuduğu müşahidə edilir. Soyuq hava aprelin 26-da da davam edəcək. Aprelin 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacaq. Mütəxəssislərin sözlərinə görə, aprel ayında müşahidə edilən bu cür hava şəraiti aqrar sahəyə mənfi təsir göstərə bilər.

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun subtropik bitkilər və üzüm laboratoriyasının rəhbəri Mirzə Musayev bildirdi ki, ümumiyyətlə, kənd təsərrüfatı sahəsi üçün  normal il olmur: “Hansısa il güclü isti, güclü yağıntı, şaxta, yaxud da xəstəliklər olur. Normal məhsul əldə etmək üçün isə normal iqlim şəraiti əsas şərtlərdən biridir. Aprel bitkilərin oyanması, generativ tumurcuqlarının açılması, çiçəklənmənin başlanması və tozlanmanın getməsi, bəzilərində vegetativ tumurcuqlarının açılması ayıdır. 
Havaların qeyri-sabit keçməsi bitkilərin normal inkişafına mənfi təsir edir. Çiçək açıbsa, güclü külək onu qırır. Yaxud da güclü yağışların yağması, temperaturun aşağı düşməsi tozlanmadan sonra mayalanma prosesinin qarşısını alır. Bunlar da məhsuldarlığın aşağı düşməsinə  təsir edir. Eyni zamanda, bitkilərin normal suvarılmasının qarşısını alınır. Güclü külək torpağı qurudur. Bunun üçün də bitkiyə əlavə su verilməlidir”.
Mirzə Musayev əlavə etdi ki, artıq bitkilərin vegetasiya dövrünün başlanğıcıdır: “Bitkilərin həyatı iki fazadan ibarətdir. Birincisi, aktiv vegetasiya, ikincisi, nisbi sükunət dövrüdür. Sükunət ona görə deyilir ki, bitki tamamilə yatmır. Bitkinin yerüstü hissəsində müəyyən fizioloji proseslər gedir. Həmin dövrdə bitkilərin bir çoxunu kəssək və onu isti şəraitə yerlədirsək, o bitki inkişaf etməyəcək. Ancaq bu, hər bitkiyə aid deyil. Həmişəyaşıl bitkilər, sitruslar daim müsbət temperatur olan mühitdə əmələ gəlirlər. Bu bitkilər remontantdır. Məsələn, alma, armud ildə bir dəfə gül açarsa, bunlarda iki, üç, daha artıq dəfə zoğ inkişaf edir. Həmin zoğların üzərində çiçək tumurcuqları əmələ gəlir. Eyni vaxtda meyvənin üstündə formalaşmış, açılmış tumurcuq, xırda meyvəcik, yetişmiş meyvəciklər olur. Həmin bitkilərdən xaric, qalan hamısı qış döründə sükunətinə keçir. Bu da onların hüceyrə arasında olan artıq suların buxarlanması ilə nəticələnir ki, havanın şaxtalı keçməsi hüceyrə daxilindəi suyun buza çevrilərək onu dağıtmağa şərait yaratmasın. Orada biokimyəvi proseslər də gedir. Yəni, asan həll olan karbohidratlar çətin həll olan karbohidratlara çevrilir. Onu da bitki enerji, qida şəklində özündə saxlayır. Həmin dövrdə şaxta olsa da müəyyən temperaturda dözə bilir. Normalda hansısa bitki 15 dərəcə şaxtaya dözə bilirsə, çiçək açan dövrdə 2 dərəcədə şaxta ona öldürücü təsir edir. O baxımdan havaların soyuması bitkinin həyat tərzi ilə yanaşı, insanlara da təsir göstərir. Məhldarlıq aşağı düşür”.
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev də havaların anomal keçməsinin kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərdiyini bildirdi: “Hazırda əsasən giləmeyvələrin tozlanma vaxtıdır. Tozlanma da adətən səhər saat 11-dən axşam 5-ə qədər davam edir. Əgər bu müddət ərzində külək, soyuq, sulu qar olursa, o, tozlanma prosesinə ciddi şəkildə mane yaradır. Yəni, əsasən, giləmeyvələr ziyan çəkə bilər. Ancaq bu cür anomal hava şəraiti nadir hallarda olur, uzun müddəti əhatə etmir”.
Ənvər Əliyev əlavə etdi ki, bu vaxtı yağan yağışın xeyri də var: “Bitkilərin ot hissəsinin yerüstü kütlə ehtiyatını artırır. Bunun da heyvandarlığa faydası var. Yaşıllaşmanı sürətləndirir. Çaylarda da su ehtiyatını artırır. Ancaq hava  şəraitinin nə vaxta qədər anomal keçəcəyi barədə dəqiq proqnoz vermək çətindir. Onu da nəzərə alaq ki, Azərbaycana səkkiz istiqamətdə hava daxil olur”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz