news Image
2017.05.18
09:00
| A A A
İnternetlə gələn təhlükə
Sevinc Heydərli: “Bu virus bütün dünya ölkələrinin kompüter istifadəçiləri üçün təhlükədir” Osman Gündüz: “İstənilən halda hücumlar ola bilər”

Artıq bir neçə gündür internet vasitəsilə bütün dünyada kompüterlərin bəlasına çevrilən yeni dəhşətli virus yayılıb. Hakerlər tərəfindən hazırlanan yeni virus hətta kompüterlərimizdəki şəxsi faylları bloklaya bilir. Mütəxəsislərin sözlərinə görə, “Ransomware” kimi tanınan virus ölkəmizdə də bəzi kompüterlərin sıradan çıxmasına səbəb ola bilər. O baxımdan vətəndaşları diqqətli olmaqa çağırırlar.

Qeyd edək ki, virus artıq 150 ölkədə 200 mindən çox kompüterin məhvinə səbəb olub. Bu virus hətta sıradan çıxarılan faylların bərpası üçün istifadəçidən pul da tələb edir. Viruslar gizli şəkildə kompüterə daxil olur, faylları şifrələyərək onları girov götürür və şifrənin açılması üçün istifadəçidən 300 dollara qədər vəsait istəyır. Mütəxəssislərin sözlərinə görə, təhlükədən Azərbaycan istifadəçiləri də sığortalanmayıb. O baxımdan ehtiyatlı olmaları vacibdir. 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Mərkəzinin aparıcı məsləhətçisi Sevinc Heydərli “Mövqe”yə bildirdi ki, kibermühit sərhədsiz bir zonadır: “Odur ki, bu virus bütün dünya ölkələrinin kompüter istifadəçiləri üçün təhlükədir. Bu ziyanverici proqram təhlükəyə açıq olan bütün əməliyyat sistemində yarana bilər. Təhlükəyə yoluxduqdan sonra kompüter demək olar ki, sıradan çıxır. Çünki, fayllar şifrələnir. Şifrə də yalnız bədniyyətli şəxsdə olur. Virusun yayılma səbəbi şəbəkədə “faylların paylanması protokulu”nun açıq olmasıdır. Bunu deaktiv etmək lazımdır. 
Digər vacib məsələ odur ki, bu virus daha çox yenilənmə aparılmayan “Windows” əməliyyat sistemlərinə nüfuz edir. “Windows” özü mütəmadi olaraq istifadəyə  müəyyən yenilənmələr buraxır. Anti-virus proqramları olan kompüter bunu avtomatik edir. Amma bəzi istifadəçilər avtomatik sistemi qoşmur və ya anti-virus proqramı olmur. Bu halda kompüter təhlükəyə açıqdır”. Sevinc Heydərli bildirdi ki, təhlükədən uzaq olmaq üçün “Windows” əməliyyat sistemində yenilənmələr aparmaq, “faylların paylanması protokulu”nu deaktiv etmək lazımdır: “Həmçinin naməlum istifadəçilərdən gələn mesajlar açılmamalıdır. Eyni zamanda aktiv anti-virus proqramlarından istifadə edilməlidir. Mütəmadi olaraq kompüterdə yoxlamalar həyata keçirmək lazımdır. Əsas məsələ budur ki, başqa bir elektron qurğuda əhəmiyyətli sənədlərin ehtiyat nüsxəsi yaradılmalıdır”.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirdi ki, təhlükə artıq bütün dünyaya yayılıb: “Ona görə Azərbaycan üçün də təhlükə istisna edilmir. Çünki Azərbaycan internet şəbəkəsinin bir hissəsidir. 
Virus MDB məkanında Rusiyada, Qazaxıstanda ciddi fəsadlar yaradıb. Lakin hələlik Azərbaycanda bununla bağlı rəsmi açıqlama verilməyib. İstənilən halda hücumlar ola bilər. Xüsusən də ölkəmizdə beynəlxalq yarışların keçirilməsi fonunda bu, daha çox gözlənilir. Ona görə təhlükəsizliyə cavabdeh olan dövlət qurumları ciddi iş rejimində fəaliyyət göstərməsi doğru olardı. Öz səlahiyyətləri çərçivəsində vətəndaşlara metodiki informasiya dəstəyi göstərilməlidirlər. Vətəndaşların özləri də elementar təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Təhlükə yarandığı anda müvafiq qurumlarla əlaqə saxlamalıdırlar. Qurumların saytlarında bununla bağlı məlumatlar yerləşdirilir. Kompüterdən istifadə zamanı adi təhlükəsizlik qaydalarından istifadə edilməlidir. Anti-virus proqramları olmalı və daim onları yenilənməlidir. Naməlum məktublar açılmamalıdır”. 
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs