Əlaqə Arxiv
news Image
2017.09.23
09:30
| A A A
Soyuq silahla törədilən qanlı cinayətlər
Mahmud Hacıyev: “Hazırda cavanların böyük əksəriyyəti üzərində bıçaq gəzdirir” Şəmsəddin Əliyev: “Hadisələrə reaksiya vermək insanın psixologiyası, mədəniyyəti, dünya görüşünə bağlı olan məsələdir”

“Bakıda 32 yaşlı qadını sevgilisi bıçaqladı”, “Kişi arvadına görə qayınanasının boğazını kəsmək istədi”,  “Oğul ata və anasını öldürdü”… Demək olar ki, cinayətsiz gün yoxdur. Diqqəti çəkən məqam isə odur ki, qanla nəticələnən cinayətlərin böyük əksəriyyəti məhz bıçaqlanma ilə müşayiət olunan hadisələrdir. 

Mütəxəssislərin sözlərinə görə, soyuq silahla törədilən cinayətlərin sayının çoxluğu ona əlçatanlığın asan olmasından irəli gəlir. Çıxış yolu isə soyuq silahın da qadağan edilməsi yox, ictimai şüur səviyyəsinin yüksəldilməsindən keçir. 
Sabiq polis rəisi Mahmud Hacıyev bildirdi ki, digər üsullarla törədilən cinayətlərdən fərqli olaraq soyuq silahla baş verəcək cinayətlərin qarşısını almaq çox çətinlik yaratmır: “Müəyyən profilaktik metodlardan istifadə etməklə, bu cür cinayətlərin qarşısını almaq olar.  Düzdür, son 10 ilə baxsaq, görərik ki, soyuq silah qismində bıçaq, balta, çəkiclə törədilən cinayətlərin sayı kifayət qədər çoxdur. Halbuki, Sovet dövründə bu cür cinayətlərin sayı həddindən artıq az idi. Bunun üçün nəzarətin güclü olması vacib şərtdir. 
Həmçinin soyuq silah hər zaman əlçatan olub. Eyni zamanda burada təhsilin də böyük önəmi var. Keçmişdə orta məktəb şagirdinin çibində bıçaq olmazdı. İndi isə yuxarı sinif şagirdlərinin əksəriyyətində bıçaq olur. Son 4-5 ilin məhkəmə-istintaq təcrübəsi göstərir ki, məktəb həyətində, sinif otağında, məktəbin yaxılığında orta məktəb uşaqlarının bıçaqlanması halları kifayət qədər baş verib. Ümumiyyətlə, bu məsələdə təhsil səviyyəsi, ailə tərbiyəsi, dünya görüşünün insanlara böyük təsirləri var. Hazırda cavanların böyük əksəriyyəti üzərində bıçaq gəzdirir. Ali məktəblərdə də vəziyyət bu cürdür. Bu, təlim-tərbiyə, təhsil sistemindən irəli gəlir. Təhsillə tərbiyə bir-birinə paralel inkişaf edir. Ancaq burada digər məsələ də var. Bıçağı gəzdirən onunla kimisə vurmaya da bilər. Bıçaqdn istifadə isə psixoloji gərginliklə əlaqədardır. Eyni zamanda bu gün küçədə böyük iradına diqqət azdır”.
 “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirdi ki, soyuq silahla cinayət törədən subyektlərə baxdıqda, daha çox 30 yaşa qədər olan insanların olduğunu görərik: “Bıçağa meyl etmənin səbəbləri var. Bu gün Azərbaycanda qanun mülki şəxslərə odlu silahın saxlanılmasına, daşınmasına icazə vermir. Bu, çox yaxşı haldır. Ancaq soyuq silah əlçatan olur. Bıçağa əl atan insanların da əksəriyyəti öz iradələrini cilovlaya bilməyən insanlardır. Bu cür insanlar cəmiyyətdə həmişə olub və olacaq. 
İnsanlar öz iradəsinə qalib gələ bilirsə, öz davranışlarını da qəlibə sala bilir. Deməli o, yetkin fərddir. Ancaq hər bir cəmiyyətin səfil adamları da var. Bu da cəmiyyətin özünün məhsuludur. Çünki insan böyüdüyü cəmiyyətin ovqatına uyğun addım atır. Təbii ki, təhsil səviyyəsi, bacarıq, dünya görüşü də  mühüm şərtdir. Ancaq bütövlükdə hər bir cəmiyyətin özünəməxsus cinayəti və cinayətkarı var. Bizim cəmiyyətdə gərginlik yarananda əksər iradəsiz insanların ağlına dərhal bıçaq gəlir. Ümumyyətlə, hadisələrə reaksiya vermək insanın psixologiyası, mədəniyyəti, dünya görüşünə bağlı olan məsələdir. Digər tərəfdən isə odlu silaha çıxış asan deyil. Ancaq səbrli olmaq lazımdır. Dində səbr mükafata layiq görülür”. 
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz