Əlaqə Arxiv
news Image
2017.10.07
10:30
| A A A
Şimal sərhədlərimizdə böyük təhlükə
Nazim Cəfərsoy: “Terrorçuların Şimali Qafqaza qayıtmaları aydındır ki, bu bölgədə gərginliyi daha da artıracaq” Vüqar Zifəroğlu: “Sözügedən terror qruplaşmalarının Suriya və İraqdakı məğlubiyyətin ardınca növbəti məkan kimi Şimali Qafqazda gərginlik yaratmağa çalışmaq cəhdləri gözləniləndir”

Suriya və İraq ərazisindəki terror qruplaşmalarının üzvləri digər ölkələrin ərazisinə keçir. Bunu Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının sədri Marianna Koçubey Bakıda keçirilən tədbirdə deyib. Bu terrorçuların bir qismi də Şimali Qafqaza qayıtmağa çalışır. Bu vəziyyət bölgəyə, eləcə də həmsərhəd Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana hansısa formada təhdid yarada bilərmi? 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Nazim Cəfərsoy bildirdi ki, İraq və Susiyadakı terrorçuların bir hissəsinin Şimali Qafqaza qayıdışı Azərbaycanın da yerləşdiyi bölgədə risq amilinin artmasına rəvac verə bilər: “Əslində, İraq və Suriyadakı terror qruplaşmalarının başqa ərazilərə də yayıla biləcəkləri barədə səslənən fikirlər heç də yeni deyil. Onsuz da bu proses qonşu ölkələrdə özünü göstərirdi. Avropanın özündə İŞİD-in terror əməllərilə bağlı müəyyən hadisələr baş vermişdi. 
Hazırda Yaxin Şərq coğrafiyasında İŞİD getdikcə zəifləyərək mövqelərini itirir. Mövqelərinin zəifləməsi də onları yeni axtarışlara sövq edir. Onu da vurğulayım ki, İŞİD üzvlərinin bir hissəsi Şimali Qafqaz kökənlidir. İŞİD tərkibində xeyli sayda Şimali Qafqaz, postsovet məkanından gedənlər var. Ona görə də İŞİD-in məğlubiyyət anında yeni üz tutacaqları yerlərdən biri onun üzvlərinin öz vətənləri ola bilər. 
İkinci bir tərəfdən bilirik ki, İŞİD-in Suriyada məğlub olmasının əsas səbəbkarı Rusiyadır. Bu mənada məğlub olan terrorçuların intiqam səbəbilə həmin coğrafiyaya, daha dəqiqi elə Şimali Qafqazın özünə geri dönmələri gözləniləndir. Bu iki səbəb fonunda onların qayıdışı bölgəmiz üçün ciddi təhdid yarada bilər. 
Bildiyimiz kimi, Azərbaycan və Gürcüstan Şimali Qafqaza keçid yolunun üzərindədir. Yəni terrorçular geri qayıdarkən böyük ehtimalla məhz bizim coğrafiyadan istifadə etməyə çalışacaqlar. Bu da bölgəmiz üçün iki mənada birbaşa təhlükəli haldır. Həm keçid üçün Azərbaycandan istifadə etməklə sərhədlərimizə təhlükə yarada bilərlər. Bu fonda terrorçuların ərazidən keçməsinə əngəl olmaq üçün Rusiya ölkəmiz qarşısında müəyyən tələblər qoya bilər. Terrorçuların Şimali Qafqaza qayıtmaları aydındır ki, bu bölgədə gərginliyi daha da artıracaq. Həmin ərazi də Azərbaycanla sərhəddə yerləşir. Bu mənada orada gərginliyin artması, regionda, Azərbaycan sərhədlərində də risqin artması deməkdir”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu da qeyd etdi ki, sözügedən terror qruplaşmalarının Suriya və İraqdakı məğlubiyyətin ardınca növbəti məkan kimi Şimali Qafqazda gərginlik yaratmağa çalışmaq cəhdləri gözləniləndir: “Ümumiyyətlə, Suriya və İraqdakı terror qruplaşmalarında olan terrorçuların bir hissəsinin ətənlərinə qayıdışı məsələsi iki ildir ki, müzakirə predmetidir. İndinin özündə də bununla bağlı diskussiyalar davam edir. 
Suriyada və İraqda terror təşkilatlarının sıradan çıxarılması istər-istəməz orada təmsil olunan üzvlərin dağılması və vətənlərinə geri qayıtmalarına səbəb olacaqdır. Bu mənada da İŞİD-ə üzv olanların qayıdışının Şimali Qafqaz və Orta Asiya respublikalarına təhlükə baxımından ciddi təsiri ola bilər.   Belə ki, bu terror qruplaşmalarının tərkibində Orta Asiya və Şimali Qafqazdan xeyli sayda insanlar təmsil olunublar. Amma bir məsələ də var ki, həmin terroçularla bağlı beynəlxalq təşkilat olan İnterpol müəyyən proqramlar həyata keçirir. Həmin terrorçuların nəzarətdə saxlanılması və onlarla bağlı ölçü götürülməsi istiqamətində razılaşmalar əldə olunub. Bu mənada düşünmürəm ki, terror qruplaşmalarının geri dönüşü Azərbaycanla bağlı ciddi problemlərə səbəb ola bilər. Lakin Şimali Qafqaz kimi bölgədə münaqişə ocaqlarının yaranmasına münbit şərait vardır. Həmin amil də sözügedən bölgədə müəyyən neqativ məqamlara ümumi təsir göstərə bilər”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz