Əlaqə Arxiv
news Image
2017.11.23
15:12
| A A A
"Binə"nin sahibinin qardaşını oğurlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Movqe.az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Süleymanov cinayət məsuliyyətinə cəlb olma müddəti başa çatdığı üçün o, azadlığa buraxılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, M.Süleymanovun da üzvü olduğu dəstə 1999-cu ildə Bakı şəhər sakini T.Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.

Dəstənin əsas üzvləri - Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov və Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.
Cinayət işində qeyd edilib ki, Məmmədmirzə Hüseynovun qardaşı T.Hüseynovun idarə etdiyi maşının hərəkət marşurutu V.Qasımov, Y.Cəfərov və T.Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib. Daha sonra dəstənin 4 nəfər üzvü 6 dekabr 1999-ci ildə saat 23 radələrində pusqu qurublar. Dəstə üzvləri "VAZ- 2107" markalı maşında T.Hüseynovun hərəkət edəcəyi yolda gözləyiblər. T.Süleymanov "VAZ- 2107"-də olan Y.Cəfərova zəng edərək, T.Hüseynovun "Mercedes 230" markalı maşını ilə gəldiyini xəbər verib. Binə qəsəbəsi Xəqani küçəsinin girəcəyində T.Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib.

Dəstə üzvləri T.Hüseynovun maşınını əhatəyə alıb. Y.Cəfərov əlində olan tapançanı onun başına dayayıb və maşının arxa oturacağına keçməsini tələb edib. Bu zaman T.Hüseynovun başına küt alətlərlə zərbələr endirilib. Yaranmış dava zamanı T.Hüseynov bir neçə bıçaq zərbəsi də alıb. T.Hüseynovun əllərini və ayaqlarını bağlayan dəstə üzvləri onu öz maşınının arxa oturacağına yerləşdiriblər.

 

Daha sonra T.Hüseynovu Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evə gətiriblər. 13 gün müddətində bu ünvanda saxlanılan T.Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah işləyən Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib. M.Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan T.Hüseynovun keşiyini çəkiblər. Bu günlər ərzində də T.Hüseynov dəstə üzvləri tərəfindən döyülüb. T.Hüseynov oğurlanan zaman üzərində olan qol saatı, nağd pulu və telefonu da dəstə üzvləri tərəfindən ələ keçirilib.
Oğurlanan T.Hüseynovun qardaşı Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. E.Həsənov M.Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün 1 milyon 500 min dollar pul tələb edib.

Həmiçinin dəstə üzvlərindən biri də oğurlanan şəxsin yaxın qohumu olub. İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış. Amma dəstə üzvləri niyyətlərinə çata bilməyib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilə əməliyyt zamanı həbs ediliblər.
Həmin dövrdə təqsirləndirilən M.Süleymanov istintaqdan yayınıb və ölkə xaricinə qaçıb. On səkkiz ildən sonra isə o, həbs edilib. Digər şəxslər isə məhkəmənin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həmin şəxslər həbs cəzalarını başa vurublar.
Xatırladaq ki, dəstə başçılarından biri olan kriminal aləmdə "Nardaranlı Bala" ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur. Qardaşı oğurlanan M.Hüseynov isə o zaman "Binə" yarmarkasının sahiblərindən biri olub.

Sizin Reklam Yeriniz