Əlaqə Arxiv
news Image
2018.02.22
17:27
| A A A
Orxan İsayev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir.

Bu barədə Trend-ə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev bildirib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrama İndeksi”nin 2017-ci il üzrə hesabatında Azərbaycan 31 balla qiymətləndirilməklə 180 ölkə arasında sıralamada 122-ci olub.

O deyib ki, 2009-cu ildən başlayaraq həmin təşkilatın hesabatlarında ölkəmizlə bağlı nəticələr üzrə, istər pillə, istərsə də qiymətləndirmə balı baxımından daim müsbət dinamika müşahidə olunur: "Bununla belə, 2017-ci il üzrə əks olunmuş göstəricilər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri kifayət qədər dəqiq əks etdirmir. Belə ki, Azərbaycanda bu sahədə ötən illər ərzində həyata keçirilmiş genişmiqyaslı institusional və qanunvericilik islahatları, elektron hökümət layihəsinin uğurla icra olunması, həmçinin “ASAN xidmət”in həm fəaliyyət sahələrinin, həm də coğrafiyasının genişləndirilməsi ölkəmiz üzrə göstəricilərdə əhəmiyyətli irəliləyişi şərtləndirməli idi".

O.İsayev xüsusilə qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər daha mötəbər beynəlxalq qurumlar olan Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq strukturları tərəfindən müsbət qiymətləndirilir: "Həmin təşkilatların hesabatlarında ölkəmizə verilmiş tövsiyələrin icra vəziyyətində irəliləyişlərin olması daha dəqiq və daha peşəkar yanaşma ilə öz əksini tapıb".

Sizin Reklam Yeriniz