Əlaqə Arxiv
news Image
2018.07.13
08:00
| A A A
Radikal dindarlara çevrilən cinayətkar ünsürlər
Elçin Mirzəbəyli: “Cinayət törədən insanların böyük əksəriyyəti radikal əhval-ruhiyyəli, ümumiyyətlə, aqressiv insanlar olurlar” İlham İsmayıl: “Həmin insanların inanclı olmaları inandırıcı deyil”

Araşdırmalar göstərir ki, radikal dindar düşərgəsinə cinayətkar ünsürlər də qoşulur. Bunu Gəncədə baş verən hadisələrdən görmək mümkündür. Belə ki, Gəncədə baş vermiş iğtişaşlar zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin tərcümeyi-hallarında hər ikisinin kriminal keçmişinin olduğunu ortaya çıxıb.  Şübhəlilərdən biri - 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısına çıxarılıb və oğurluğa görə 1,5 il həbs cəzası alıb. 

İkinci şübhəli Fərrux Qasımovun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-ci ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib. Fərrux Qasımovun öüzdə kriminal keçmişə malikdir. Mütəxəssislərin fikrincə, bu, radikal dindarlarla cinayətkarların eyni təfəkkürdə olmasının göstəricisidir. Politoloq Elçin Mirzəbəyli bildirir ki, əslində, burada qeyri-adi nəsə yoxdur: “Çünki, cinayət törədən insanların böyük əksəriyyəti radikal əhval-ruhiyyəli, ümumiyyətlə, aqressiv insanlar olurlar. Bu aspektdən də cinayətkarların radikal qrupların tərkibindən yer alması təsadüfi deyil. Onlar eyni düşüncənin, təfəkkürün sahibləridir. Sadəcə, dini kəsimlər konkret ideologiya ilə silahlanırlar, özlərinin cinayət əməllərinə dini ideologiyanın adı ilə don geyindirirlər. Cinayətkar qruplarda isə adətən bu ideologiya olmur. Bu baxımdan onların bir araya gəlməsində heç bir təsadüf ola bilməz. Bununla da cəmiyyətdə xaos yaratmaqla, cinayətkar əməllərini həyata keçirməyə çalışırlar. Ona görə də Gəncədəki hadisələr zamanı qəddarlığa yol verən, terror törədən insanların cinayətkar keçmişinin olması təəccüblü deyil. Belə də olacağın gözlənilirdi”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, adətən, cinayətkar insanlar həbsdə olarkən müəyyən dindar insanlar tərəfindən cəlb olunurlar: “Eyni zamanda onları muzdlu şəkildə də götürə bilərlər. O baxımdan həmin insanların inanclı olmaları inandırıcı deyil. 
Əslində, Gəncədə baş verən hadisələrdə şübhəli məqamlar çoxdur. Odur ki, proseslərin gedişatını sona qədər gözləmək lazımdır. Doğrudanmı özlərinin qəlbindən gəlib yoxsa, tapşırıq yerinə yetiriblər?! Çox güman ki, tapşırıq yerinə yetiriblər. Odur ki, konkret şəbəkədən, təşkilatdan qaynaqlanan hadisələrdir”.
İlham İsmayıl əlavə etdi ki, cinayətkarlar çox zaman daxillərindəki cinayətə meyilliyi Allah naminə edirlərmiş kimi formalaşdırırlar: “Elə həmin şəxslərdən istifadə edirlər. Onlar elə düşünürlər ki, Allah, din üçün müqəddəs iş görürlər. Lakin konkret cinayət törədir və hansısa oyunların qurbanına çevrilirlər. Bu cəlbetmədir. Məscidə gedənlərin hamısını inanclı qəbul etmək olmaz. Onların bəzilərindən terror, təxribat üçün istifadə edirlər. Radikal dindarların işi bundan ibarətdir. Perspektivdə öz mövqelərini siyasiləşdirmək üçün belə insanlardan istifadə edirlər. Ancaq Gəncədəki hadisələrin görünməz tərəfləri də var. Odur ki, hadisələrin gedişana baxmaq lazımdır. Hadisələr göstərdi ki, ölkəəd təşkilatlanmış radikal dindarlar var”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz