news Image
2018.09.05
15:34
| A A A
Bakıda İran vətəndaşını qanunsuz azadlıqdan məhrum edərək döyən gecə klubunun sahibi həbs olunub

İran İslam Respublikası vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.

Şəhər prokurorluğundan Movqe.az-a daxil olan məlumata görə, araşdırma zamanı mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki R.Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertiza təyin edilib və zəruri istintaq hərəkətləri aparılıb.

D.Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.