Əlaqə Arxiv
news Image
2019.02.22
09:12
| A A A
Moskvada azərbaycanlını öldürməkdə şübhəli bilinən həbs edildi

Moskvanın Kuzminsk rayon məhkəməsi Samara bulvarında 52 yaşlı azərbaycanlı Qərib Orucovu qətlə yetirməkdə şübhəli bilinən və 2009-cu ildə Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sui-qəsd ittihamı ilə məhkumluq həyatı yaşayan Lors Xamiyev barəsində həbs qərarı çıxarıb. 

Bununla bağlı TASS agentliyi məhkəmənin mətbuat katibi Karina Kalenovaya istinadən məlumat yayıb. 

“Məhkəmə L.Xamiyev barəsində aprelin 14-dək həbs-qətimkan tədbiri seçib. Cinayət işi ilə əlaqədar daha bir nəfər həbs olunub, üç nəfərin saxlanma müddəti fevralın 22-dək uzadılıb”, - K.Kalenova bildirib. 

İstintaq məlumatlarına görə, fevralın 15-i gecə saatlarında Samara bulvarı yaxınlığında 1966-cı il təvəllüdlü Q.Orucovun cəsədi tapılıb. Onun Moskvada taksi fəaliyyəti ilə məşğul olduğu bildirilib. Hadisədən bir gün sonra qətldə şübhəli bilinən şəxslər saxlanılıb. 

“Moskovskiy komsomolets” nəşri bu hadisənin “Neolit” restoranındakı kütləvi dava ilə əlaqədar olduğunu bildirib. Qeyd edilib ki, Orucov çeçenləri təhqir edən şəxslərdən biri olub. 

2009-cu ilin aprelində Moskva məhkəməsi Ramzan Kadırova sui-qəsddə ittiham edilən Lors Xamiyev və Umar Batukayevi 8 il 5 ay müddətinə azadlıqdan məhrum etmişdi. 

Bundan əvvəl onlar 2007-ci il mayın 9-da Moskvada terror aktı hazırlamaqda ittiham olunmuşdu.

Qeyd edək ki, bir müddət əvvəl Moskvadakı kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib. Hadisə azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində olub. 

Hadisə zamanı travmatik tapançadan istifadə edilib. İnsident nəticəsində 10 nəfər xəsarət alıb. 

Polis insidentin 20 iştirakçısını həbs edib.

Sizin Reklam Yeriniz