news Image
2019.05.13
17:35
| A A A
Penitensiar xidmət Oqtay Güləliyevin statusuna münasibət bildirib

Ədliyyə Nazirliyi Penitensiar xidmət Oqtay Güləliyevin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan bəzi şəxslərə qarşı işgəncə hallarının olması barədə sosial şəbəkələrdə paylaşdığı statusa münasibət bildirib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a daxil olan məlumatda deyilir ki, Oqtay Güləliyev növbəti dəfə sosial şəbəkələrdə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan bəzi şəxslərə qarşı işgəncə hallarının olması barədə həqiqəti əks etdirməyən məlumat yayıb: 

"Həmin məlumatda bəzi həbs edilmiş şəxslərin zorakılığa məruz qaldıqları, səhhətlərində ciddi problemlərin yarandığı, onlara tibbi yardım göstərilmədiyi və ailə üzvləri ilə görüşə icazə verilmədiyi kimi iddialar yer almış və bu fikirlər bəzi kütləvi informasiya vasitələrində çap edilib". 

Penitensiar xidmət bildirir ki, yazıda adları qeyd olunan, o cümlədən tabe qurumlarda saxlanılan digər məhkum və həbs edilmiş şəxslərə qarşı şərəf və ləyaqəti alçaldan hər hansı bir hərəkətə yol verilmir, onların hüquq və mənafeləri daim qorunur, qanunvericilikdə nəzərdə tutulan qaydada görüş və telefon danışıqları təqdim edilir və səhhətində problemi olanlar diqqət mərkəzində saxlanılır. Böhtan xarakterli bu cür qərəzli məlumatları yaymaqda məqsəd əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaqdır. 

Penitensiar xidmət daim öz fəaliyyəti ilə bağlı məlumatları operativ şəkildə ictimaiyyətin diqqətinə çatdırır və cəmiyyətdə narahatlıq doğuran istənilən məsələyə aydınlıq gətirməyə hər zaman hazırdır.