Əlaqə Arxiv
news Image
2019.05.16
18:37
| A A A
43 yaşlı kişi 8 yaşlı qızı aldadıb təcavüz etdi... - Azərbaycanda ŞOK HADİSƏ

Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Sərxan Əsədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Movqe.az xəbər verir ki, paytaxtda tikinti obyektlərində fəhləliklə məşğul olan Sərxan Əsədov 2016-ci ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda 2008-ci il təvəllüdlü Xoşqədəm Babayevaya təcavüz edib.

İşdən çıxan kişi azyaşlı qızla rastlaşdı

Belə ki, Sərxan Əsədov həmin gün işdən çıxandan sonra yaşadığı Biləcəri qəsəbəsinə gəlib. Təxminən saat 18-30-da Biləcəri qəsəbəsində yerləşən “Army” marketin qarşısında həmin vaxt təhsil aldığı orta məktəbdən piyada evə qayıdan Xoşqədəm Babayevanı görüb.

Sərxan Əsədov həmin vaxt cinsi ehtirasını təmin etmək üçün onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Bu məqsədlə o, azyaşlı qıza yaxınlaşıb.

Blokda təcavüz

Orada 4 saylı binanın qarşısında Xoşqədəm Babayevanın əlindən tutub, peyk antenasını düzəltməkdə ona kömək etməsi adı ilə aldadıb.

Daha sonra Sərxan Əsədov bu aldatma yolu ilə Xoşqədəm Babayevanı həmin binanın 9 saylı blokunun ikinci mərtəbəsinə aparıb. Orada Sərxan Əsədov Xoşqədəm Babayevaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

İttiham: Seksual hərəkət, yoxsa əxlaqsızlıq?

İstintaq orqanı tərəfindən Sərxan Əsədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan Əsədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, azyaşlı qıza qarşı heç bir seksual xarakterli hərəkət etmədiyini söyləyib.

Sərxan Əsədov qeyd edib ki, azyaşlı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. O, azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini ifadəsində göstərib.

“Qorxdum ki, razılaşmasa, həmin kişi məni döyəcək”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Xoşqədəm Babayeva bildirib ki, hadisə baş verən günü qaranlıq yerdən keçəndə bir nəfər tanımadığı kişi onun əlindən bərk yapışıb və “gedək krosnumuz xarab olub, kömək elə düzəldək” deyib: “Mən qorxdum və həmin kişiyə dedim ki, dayı, məni burax, atam, anam məni gözləyir, rayona getməliyik. Lakin, həmin kişi dedi ki, krosnunu düzəltməyə kömək elə gedərsən. Qorxdum ki, razılaşmasam, məni döyəcək”.

“Dedim ki, əmi neyniyirsən?”

Zərərçəkmişin sözlərinə görə, kişi onun əlindən bərk tutub və əlini buraxmayıb: “Qorxdum ki, əlini buraxsam, kişi məni vurar. Kişi məni iki əli ilə pəncərəyə tərəf qaldırdı, dedi ki, bax gör, orada krosnu var, ya yoxdur? Mən də pəncərənin yanında krosnu olduğunu dedim. Kişi də bildirdi ki, dəqiq bax. Bundan sonra məni yerə düşürtdü. Sonra gödəkçəsinin zamokunu açmağa başladı. Dedim ki, əmi neyniyirsən? Kişi də zamoku aça-aça bildirdi ki, sənə neynirəm, niyə belə arıqsan?”.

“Ağlaya-ağlaya qorxumdan səsimi çıxarmadım”

Xoşqədəm Babayeva ifadəsində daha sonra göstərib ki, həmin vaxt qışqırmaq istəyib, ancaq qorxub ki, qışqırsa, birdən həmin kişi onu döyər: “Buna görə də səsimi çıxartmadım. Bu vaxt həmin kişi mənim yupkamı qaldırdı, əynimdə olan kalqotqamı aşağı saldı. Mən də ağlaya-ağlaya yenə də qorxumdan səsimi çıxarmadım”.

“Ağlaya-ağlaya dedim ki, əmi qurban olum, məni burax”

Zərərçəkmiş ifadəsinin bu hissəsində Sərxan Əsədovun ona qarşı etdiyi seksual xarakterli hərəkətləri çılpaqlığı ilə danışıb. Qeyd edib ki, sonra həmin kişi onun üzündən, dodağından öpməyə başlayıb: “Yenə də qorxumdan sakitcə durmuşdum. Əsirdim ki, səsimi çıxartsam, məni döyər. Kişi dodağımdan, üzümdən öpə-öpə əlini bədənimin aşağı hissələrinə apardı. Bu zaman aşağı mərtəbənin işığı yandığı üçün dayandı. Kişi məni blokdan çıxartdıqdan sonra ağlaya-ağlaya ona dedim ki, əmi qurban olum, məni burax. Kişi də bildirdi ki, mən sənə nə etmişəm? Bu sözü deyəndən sonra əlimi buraxdı”.

Ailə şikayət etdi, manyak həbs edildi

Zərərçəkmişin ifadəsinə görə, bundan sonra ağlaya-ağlaya evlərinə gəlib və hadisə barədə ailəsinə danışıb. Babayevlər ailəsinin şikayəti ilə Sərxan Əsədov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Əsədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm çıxarıb.

9 illik həbsdən azad olunmaq planı

Hökmdən narazı qalan Sərxan Əsədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, əməlinin Cinayət Məcəllənin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilməsini, həmin maddə ilə islah işləri cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Sərxan Əsədovun apelyasiya şikayəti əsassız hesab edilib və bu səbəbdən təmin olunmayıb.

Bundan sonra Sərxan Əsədovun eyni tələblə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Sərxan Əsədovun kasasiya şikayəti təmin olunmayıb.

Sizin Reklam Yeriniz