news Image
2019.07.10
13:36
| A A A
Çay kənarında narkotik bitki yetişdirən İsmayıllı sakini saxlanılıb (FOTO)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Movqe.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Göytəpə kəndi ərazisindən keçən Əyriçay çayının kənarında xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 30 ədəd çətənə bitkisi və sellofan torbada 325 qram qurudulmamış marixuana aşkar edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində orada narkotik tərkibli bitkilər yetişdirən şəxsin rayonun Göytəpə kənd sakini, əvvəllər də məhkum olunmuş 46 yaşlı Rahil Mirzalıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.