Əlaqə Arxiv
news Image
2019.08.07
17:19
| A A A
Lənkəranda faciə: oğul sükan arxasında qıcolma keçirdi, anasını vurdu

Lənkəranda 67 yaşlı Zahirə Ağayevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi təfərrüatlar bəlli olub.  

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, avqustun 6-da axşam saatlarında qadının 42 yaşlı oğlu Zaur Ağayev  “Mercedes” markalı avtomobillə həyətə daxil olarkən onda qıcolma baş verib, nəticədə idarəetməni itirib.

“Həmin vaxt Zahirə Ağayeva həyətdə oturacaqda oturubmuş, maşın onun ayaq nahiyəsinə çırpılıb. Ağır xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb”,-Mənsurzadə əlavə edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, həmin mənzildə mərhum Zahirə Ağayeva həyat yoldaşı, iki oğlu və nəvələri ilə birgə yaşayıb

*   *   *16:00

Lənkəranda ötən gün avqustun 6-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 67 yaşlı Zahirə Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Yaxınları deyiblər ki, mərhumun azyaşlı nəvəsi babasının maşınını ondan xəbərsiz götürüb və avtomobili nənəsinə çırpıb. Maraqlı odur ki, avtomobili sürən azyaşlının 4, digər mənbə isə 8 yaşlı olduğunu deyir. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, dünən ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının hər iki ayağı amputasiya olunub, onun həyatda qalması üçün həkimlər bir neçə saat çalışıblar. Lakin qadını xilas edə bilməyiblər.

Xəstəxanadan isə bildiriblər ki, Ağayeva zərbənin nəticəsində çoxsaylı sınıq yaraları alıb. “Bir ayağı qopmuşdu, dəridən asılı vəziyyətdə idi, digər ayağında isə sümük ovulmuşdu. Nə qədər çalışsaq da, xilas edə bilmədik”,-xəstəxanadan əlavə ediblər. 

Lənkəran şəhər polis şöbəsinin işi aparan müstəntiqi isə tanımadığı adamlara məlumat verə bilməyəcəyini söyləyərək telefonu söndürüb. 

Polis şöbəsindən isə bildiriblər ki, faktla bağlı araşdırılma aparılır. Qadını vuran maşını kimin idarə etdiyi araşdırmadan sonra bəlli olacaq. 

Sizin Reklam Yeriniz