news Image
2012.05.06
20:26
| A A A
Deputatımız axtarışdadır

Bakı şəhər Baş Polis İdarəsi Milli Məclisin keçmiş deputatı Rza İbadovun axrtarışını dayandırmayıb. Modern.az bildirir ki, idarə eks-deputatın adını Nəsimi rayonu üzrə axtarışda olan cinayətkarların siyahısında yerləşdirib.

Rza İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilib.

Rza İbadov 1995-ci ildə 1-ci çağırış Milli Məclisə keçirilən seçkilərdə mandat qazanaraq deputat seçilib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının rəhbəri olub. Milli Məclisdə deputat olduğu dönəmdə eks-spiker Rəsul Quliyevə qarşı sərt tənqidləri ilə fərqlənib.

2005-ci ildə parlament seçkilərinə qatılan Rza İbadov qalmaqallı kampaniyası ilə yadda qalıb. Rəqibi olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə yarışan eks-deputat seçki kampaniyasının pozulduğunu əsas gətirərək seçkini yarımçıq qoyumuşdu. Bundan sonra R.İbadov Azərbaycanı tərk edib. Sonralar onun Böyük Britaniyada yaşadığı bəlli olub. R.İbadov KİV-lərə açıqlamasında Londonda elmi fəaliyyətlə məşğul olduğunu desə də, onun futbol komandalarına oyunçu transferi ilə bağlı biznesdə də adı hallanıb. Belə ki, 2009-cu ildə Türkiyənin "Doğan" İnformasiya Agentliyi türk futbolçusu Sərcan Yıldırımınn İngiltərə komandalarının birinə transferində Rza İbaddovun vasitəçi olduğunu bildirmişdi.

Rza İbadov mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.