Əlaqə Arxiv
news Image
2019.10.16
16:51
| A A A
Bakıda transformator məntəqəsində yanan qızcığazın iki ayağı, qolu amputasiya olundu

Bakının Nizami rayonunda, Babək prospekti yaxınlığında gizlənpəç oynayarkən girdiyi transformator məntəqəsində yüksək gərginlikli elektrik xəttinə toxunub ciddi yanıq xəsarətləri alan azyaşlının ayaqları və qolu amputasiya olunub. Sosial şəbəkələrdə yayılan məlumata görə, 9 yaşlı Zəhra Əliyevanın ayaqlarının və qolunun amputasiya olunması üçün nənəsindən yazılı icazə alınıb.

“Bir həkim qarşıya çıxıb o kimsəsiz uşağın müalicəsini üzərinə götürmədi. Halbuki, barmaqları kəsilməkdə kifayətlənə bilərdilər. Araşdıranda uşaqla bağlı dəhşətli faktlar ortaya çıxır. Əl boyda uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir sözlə, psixoloji travmaları çoxdur. Uşağın faciəsinə görə “Azərişıq” cavabdehdir. Bundan əvvəl də dəfələrlə belə faciələr baş verib. Ötən ayın sonunda Maştağada 8 yaşlı oğlan transformatora yapışıb külə döndü”,-jurnalist Esmira Cavadova Facebook-da yazıb.

Qeyd edək ki, hadisə ötən həftə "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib. Ağır vəziyyətdə olan Zəhra Əliyeva 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hadisə ilə bağlı açıqlamasında bildirib ki, bütün elektrik transformator məntəqələri standartlara uyğun olaraq bağlı vəziyyətdə olur: “Bütün məntəqənin ətrafına hasar çəkilib və kənar şəxslərin girişi tam qadağandır. Qapılar hər zaman kilitli olur. Hamısının qarşısında da xəbərdaredici lövhələr vurulub. Bu cür qapalı olan yerə uşaqların necə girdiyini bilmirik. Əməkdaşlar hadisə yerində olub. Araşdırma aparılır».

Xatırladaq ki, bir müddət öncə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində pişiyi götürmək üçün transformatora tərəf gedən 8 yaşlı Yusif Ələkbərovu elektrik cərəyanı vurmuş, uşağın həyatını xilas etmək mümkün olmamışdı.

Daha əvvəl isə analoji hadisə Tovuz rayonunda baş vermişdi. Bir-birinin ardınca baş vermiş bu faciələrə görə məsuliyyətə cəlb olunanlar barədə məlumat yoxdur. Hərçənd söhbət açıq-aşkar səhlənkarlıqdan, cinayətdən gedir. “Azərişıq” ASC-nin regional idarələrində hökm sürən təsərrüfatsızlığın, transformator məntəqələrinin bir çox hallarda qoruyucu hasarlarla əhatə olunmamasının və ya hasarlar olsa da qapısının açıq saxlanılmasının nəticəsidir. Bu cür cinayətkarcasına səhlənkarlıq nəticəsində azyaşlılar həlak olub və ya ağır xəsarətlər alıb. Hüquq-mühafizə orqanları isə faciələrin səbəbkarlarını görünür “Azərişıq” ASC-nin regional idarələrinin məsul şəxslərinin, indiki halda Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin məsul şəxslərinin sıralarında axtarmalıdır.

 

Sizin Reklam Yeriniz