Əlaqə Arxiv
news Image
2019.11.26
10:08
| A A A
Partiyaları qurdaladıqca “zibili” çıxır
“Musavat”da “biznes-çete”yə daxil olmaq hər adamın işi deyil

Mühacir biznesinin ətrafında yaranmış qalmaqal bu istiqamətdə yeni mətləbləri üzə çıxarır. Almaniya polisinin tapıb qandalladığı “Musavat”ın Avropadakı koordinasoya mərkəzinin üzvlərinin cinayətkar əməlləri partiyadaxili münaqişələri də gücləndirib. Belə ki,  Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu partiya rəhbərliyindən partiyanın Avropa Koordinasiya Mərkəzinin fəaliyyəti və "mühacir" sertifikatları barədə hesabat verməsini istəyib, lakin rədd edilib. Bu haqda o, özünün feysbuk səhifəsində status yazıb: “Hörmətli başqan Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Apparatının rəhbəri Gülağa Aslanlının adına bir ərizə də yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı.

Baxın, hüququm ola-ola və partiyanın da mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində həmin arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, elə ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb edirlər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa açıqlayacam. Siz hələ ortada olan suallara cavab verin”, - deyə T. Yaqublu qeyd edib.

T.YAqublunun bu paylaşımı bir neçə məqsəddən ola bilər. Birincisi, söhbətin 3 il əvvələ olmasına bağlıdır. Təvii ki, Tofiq Yaqublu o vaxt “mühacir biznesi”nin çiçəklənməsi barədə bilirmiş və bu biznesdən pay umurmuş Buna görə də arayışlarla tanış olmaq fikrinə düşüb. Yoxsa, onu arayışa yaxın buraxmayandan sonra niyə susurdu? Yəqin, ona görə ki, partiyadaxili məsələni açmaq istəməyib. Onda soruşula bilər ki, bəs, indi məsələni açıb-ağartmağın mənası nədir? Bu yaxınlarda partiyada sədrlik postu uğrunda Arif Hacılıya uduzan sədr müavininin qisas anını əldən buraxmaq fikrində olmaması barədə düşünməmək olmur.  Daha bir məqam ondan ibarətdir ki, ola bilsin Tofiq Yaqublu “Milli Şura” adlanan radikal qrupa rəhbər getmək şansı qarşısında özünü təmiz və “quyruq”suz göstərməklə şansını artırmaq fikrinə düşüb.

Hər üç məqamın arxasında Tofiq yaqublunun partiyanın, xüsusilə də onun indiki rəhbərinin nüfuzunu aşağılamaq fikri durur. Təsadüfi deyil ki, Yaqublu bildirib ki, AKM Müsavat Partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb: “AKM haqqında da bir neçə kəlmə deyim. AKM Müsavat Partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb. Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə QHT kimi qeydiyyatdan keçirməyə məcbur oldular. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat Partiyasına aidiyyatlı olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda da evin ona aid olmadığını deyir”.

Bir fakta diqqət etmək gərəkdir. Almaniyanın hüquq-mühafizə orqanları müxalifət partiyalarının, xüsusən də “Müsavat”ın fəallarından ibarət cinayət qrupunun 7 üzvünü saxlayıb. Cinayət dəstəsinin üzvlərinə yerli federal məhkəmələr altı aylıq həbs qətimkan tədbiri seçib. Almaniyada “mühacir biznesi” ilə məşğul olanların, 3 min avro ilə 10 min avro arası alaraq ən az 20 nəfərin Almaniyaya daşınmasında şübhəli bilindiyi məlum olub. Alman polisi 20 nəfərdən şübhələnir, Yaqublunun isə yazdığından belə məlum olur ki, azı 190 nəfərə arayış verilib. Heç şübhəsiz, təhqiqtlar partiyalara da gəlib çatacaq və onda nələrin üstü açılacaq, bu, zaman məsələsidir. Amma ortada olan odur ki, ölkəmizdəki müxalif siyasi partiyalarda siyasi işdən başqa nə ilə desən məşğul olurlar, təki pul əldə etsinlər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz