news Image
2019.12.04
21:02
| A A A
Bakıda 73 yaşlı qadını sifarişlə öldürən şəxslərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində 73 yaşlı qadını sifarişlə qətlə yetirməkdə ittiham edilən Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev, Namiq İbrahimov və Həmidə Nəsibovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Mövqe.az APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 10-a təyin edilib.

Qeyd edək ki, bu ilin aprelin 17-də səhər saatlarında Nizami rayonunun Azər Manafov küçəsi ev 15/21 ünvanında yanğın hadisəsi baş verib. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev və Namiq İbrahimov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslər qətli Həmidə Nəsibovanın sifarişi ilə yerinə yetirdiklərini deyiblər.

Ziya Dadaşov və Amil Piriyev ifadələrində hadisə günü "Leyla" kimi tanıdıqları şəxsin sifarişi ilə V. İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V. İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manat pulunu ələ keçiriblər.

İstintaq zamanı Həmidə Nəsibova Z. Dadaşov və A. Piriyevlə tanışı V. İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

O da məlum olub ki, Həmidə Nəsibova da daha əvvəl məhkumluq həyatı yaşayıb.