Əlaqə Arxiv
news Image
2020.02.19
09:36
| A A A
Ticarət mərkəzlərində yanğın təhlükəsizliyi hələ də ciddi problemdir
Vüqar Bayramov: “Belə ticarət obyektlərinin sığortalanması məsələsi icbari xarakter daşımalıdır”

 

Xəbər verildiyi kimi, fevralın 18-də səhər saatlarında Bakının Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində  yanğın baş verib. Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib. Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. Onların səyi sayəsində yanğın söndürülüb.

Qeyd edək ki, ticarət mərkəzlərində yanğınların olması hadisəsi nədənsə geniş vüsət alır. Bundan əvvəl Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində, “Evrohom” da da anoloji hadisələr baş verdi. Yaranmış vəziyyət bir daha onu deməyə əsas verir ki, bu tip ticarət obyektlərində təhlükəsizlik məsələlərinə hələ də riayət olunmur. Digər tərəfdən, baş verən yanğın hadisəsi yenidən sahibkarların öz mallarını sığortalamaları məsələsini gündəmə gətirir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ticarət obyektlərində təhlükəsizlik qaydalarının gözlənilməsinin vacib olduğunu bildirdi: “Ancaq son yanğın hadisələri göstərir ki, bu tip obyektlər təhlükəsizlik məsələsinə laqeyd yanaşmaqda davam edirlər. Bu da təəssüfedici haldır. Aparılan araşdırmalar da belə deməyə əsas verir ki, iri ticarət obyektlərində təhlükəsizlik tədbirləri görülmür. Belə tədbirlərin görülməməsinin nəticəsidir ki, istənilən zaman belə yanğın hadisələri baş verir. Problem də ondan ibarətdir ki, yanğın baş verən zaman təhlükəsizlik qaydaları gözlənilmədiyindən, yanğının yayılma coğrafiyası kifayət qədər böyük olur. Yanğın belədə çox qısa zamanda geniş ərazilərə yayılaraq daha çox biznes subyektinə ziyan vurur. O baxımdan da təhlükəsizlik standartlarının müəyyənləşdirilməsilə, onlara əməl edilməsinə ehtiyac vardır”.

Ekspert təklif etdi ki, iri ticarət obyektlərində standartlarla bağlı monitorinqlər aparılsın və konkret təhlükəsizlik standartları müəyyənləşdirilsin: “Obyekt sahiblərinə bu zaman vaxt verilməlidir ki, həmin müddətdə standartlara əməl edilməsi və ticarət obyektlərinin təhlükəsizlik standartlarına uyğunlaşdırılmasını həyata keçirə bilsinlər. Etiraf edək ki, uzun müddətdir sözügedən obyektlər fəaliyyət göstərsələr də, onların sahibləri bu günə qədər təhlükəsizlik məsələlərinə etinasız yanaşıblar. Bu müddət ərzində aydın məsələdir ki, obyekt sahibləri gəlir əldə etmək imkanı qazanıblar. Bu kontekstdən də həmin standartların müəyyən edilməsi və əməl edilməsinə ehtiyac var. Ticarət mərkəzlərində bu fonda satıcılarla deyil, məhz obyekt sahiblərilə həmin məsələlər istiqamətində danışıqlar aparılmalıdır”.

V. Bayramov qeyd etdi ki, son yanğın hadisəsi sığortanın əhəmiyyəti məsələsini də bir daha gündəmə gətirdi: “Dəfələrlə sahibkarlar belə yanğın hadisələrinin qurbanı olub, bu zaman onların xeyli mal və məhsulu yanıb. Amma buna baxmayaraq sahibkarların öz mallarını sığortalaması səviyyəsi təəssüf ki, hələ də aşağı olaraq qalmaqdadır. Sahibkarların əksəriyyəti sığortadan hələ də qaçır. Nəticə etibarı ilə yanğın fonunda onlara dəymiş ziyanın ödənilməsində çətinliklər yaşanır. Sığorta olmadıqları üçün ziyanın ödənilməsi həyata keçirilmir”.

Həmsöhbətimiz ticarət mərkəzlərinin sığortalanması məsələsinin məcburi xarakter daşımalı olduğunu diqqətə çatdırdı: “Uzun müddətdir təklif edirik ki, belə ticarət obyektlərinin sığortası icbari xarakter daşısın. Yəni məhz bu sahədə məcburi sığortaya daha çox əməl edilsin. Faktlar da onu göstərir ki, yaşayış binaları ilə müqayisədə belə ticarət obyektlərində yanğın faktları daha çoxdur. Ona görə də ilk növbədə həmin ticarət obyektlərinin sığortalanması həyata keçməlidir ki, belə hadisələr baş verdikdə sahibkara dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilsin. Sahibkarlar sığorta məsələsində aktiv olmalıdır”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz