Əlaqə Arxiv
news Image
2020.02.25
08:21
| A A A
Dünyanı lərzəyə salan faciə
Xocalı soyqırımına heç bir millətin nümayəndəsi laqeyd qala bilmir

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı adında Azərbaycan şəhəri erməni qəsbkarları tərəfindən yer üzündən silinib və 613 insan vəhşicəsinə qətlə yetirilib. Bu cinayət təkcə Azərbaycana qarşı yox, bəşəriyyətə, müsəlman dünyasına qarşı olan vandalizm aktı, soyqırımı idi. Aradan 28 il keçsə də, Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş bu faciə yenə ürəkləri göynədir, insanlarınızı qısasa çağırır. Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir və beynəlxalq ictimaiyyət, dünya birliyi bir gün bu soyqırıma siyasi-hüquqi qiymət verəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın bir sıra dövlətləri, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı,  Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb. Azərbaycanın Birinci –vitse-prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələr paytaxtlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib və keçirilir. “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın xətti ilə Xocalı soyqırımının dünyaya tanıtdırılmasında çox önəmli işlər görülüb və bu iş intensiv şəkildə davam etdirilir.

Ağrı və dərdlə yoğrulmuş bu soyqırımını erməni millətçi-quldurları keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə törədiblər. Xocalıya hücum olanda orada 3 minə yaxın əhali vardı. Belə ki, mühasirəyə görə daha əvvəl əhalinin bir hissəsi doğma şəhərini tərk etmişdi. Erməni quldur dəstələri ağlasığmaz vəhşilik və qəddarcasına dinc sakinlərə işgəncələr verirdilər. Hücumda həmçinin: 366-cı alayın 2-ci taburuna mayor Seyran Ohanyanın (Ermənistanın keçmiş müdafiə naziri) rəhbərliyi ilə, eləcə də 3-cü tabur Yevgeniy Naboxin, 1-ci tabur Çitçyan Valeri İsayeviçin və 50-dən çox erməni zabit və giziri iştirak ediblər. O zamanlar hücum nəticəsində qadağan olunmuş 5,45 çaplı güllələr və kimyəvi silahdan sitifadə olunub. Şəhər tamamilə yandırılıb. O müdhiş gecə qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca, ümumilikdə, 613 nəfər həlak olub…  8 ailə tamamilə yer üzündən silinib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə gecəsi 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi haqda hələ də məlumat yoxdur. Xocalı müxtəlif yaşlarda olan 1000 sakini aldıqları güllə yarasından şikəst qalıblar.

Şahidlərin ifadəsinə görə 1992-ci il fevralın 26-ı, təxminən səhər saat 12 radələrində Ağdam məscidinin qarşısındakı meydan ermənilərin qətlə yetirdikləri xicalılırın meyidləri ilə dolmuşdu. Kəfən çatışmırdı. Rusiyanın “Memorial” Hüquq Müdafiəsi Mərkəzinin məlumatına görə, 4 gün ərzində Xocalıdan Ağdama 200 meyit gətirilmişdi. Onlarla meyitin üzərində zorakılıq əlamətləri aşkar vardı. Hüquq Müdafiəsi Mərkəzinin məlumatına görə, həmçinin sağ insanların dərisinin soyulması faktı da qeydə alınmışdı.  

Həmin gecə ermənilər güllələyə bilmədikləri sakinləri diri-diri yandırıblar. Uşaq və böyüklərin gözləri çıxarılıb. Sağ insanların bədənlərinin müəyyən hissələrini kəsib, hamilə qadınların qarınlarını deşiblər. Xocalı sakini Sənubər Ələkbərova danışır ki, o vaxt Xocalı aeroportunun rəhbəri olmuş Əlif Hacıyev sağ qalmaları üçün camaatı meşədən Ağdam istiqamətinə yönəldib. Şahid yol boyunca meyitlərdən yaradılmış təpələrə rast gəlib. Onun anasını gözləri qabağında güllələyiblər, qızları  Sevinc və Hicran isə yaralanıb. Bu zaman güllə mənə də dəydi. Gənc qadın və uşaqlar qıcolmalardan qarın üzərindəcə ölmüşdülər. Biz qışqırırdıq və kömək istıyirdik. Lakin kömək gəlmirdi”.

Başqa bir sakin Cəmil Məmmədov isə bildirir ki, şəhərə daxil olan tanklar və zirehli nəqliyyat vasitələri evləri və əhalini əzirdilər: “Rus əsgərlərinin ardınca erməni döyüşçüləri gəlirdirlər. Beş yaşlı nəvəmi və 14 min rublu götürərək meşəyə tərəf qaçdım. Uşaq meşədə donmasın deyə paltarlarımı çıxarıb onu bürüdüm. Lakin bu, kömək etmədi. Uşaqla qarın altında qalmalı olduq. Səhər anladım ki, uşaq buna dözə bilməyəcək Naxçıvanik istiqamətindəki erməni kəndlərindən birinə getdim. Burada məni erməni döyüşçüləri qarşıladılar. Mən onlara yalvardım ki, pulu götürsünlər və uşağın xatirinə bizi Ağdama buraxsınlar. Cavabında məni döydülər, pulumu oğurladılar və kəndin komendantına apardılar. O da məni azərbaycanlı uşaq və qadınların olduğu zirzəmiyə aparmağı tapşırdı. Zirzəmidə bizi 4 gün saxladılar. Nə yemək, nə də su verirdilər. Qəddarlığın həddi yox idi. 4 gün sonra məni nəvəmlə birgə Əsgəran rayonuna aparanda o zaman orada baş verənlər Naxçıvanikdəki zirzəmi mənə Cənnət kimi gəlirdi.

Əcnəbi muzdlular (mən erməni dilini yaxşı bilirəm, yerli ermənilərin dilini də yaxşı anlayıram) ayaqlarımdakı dırnaqları qopardılar. Ermənilərin arasında olan zəncilər də məni təpikləyirdilər. Saatlarla davam edən işgəncələrdən sonra məni həbs olunmuş erməni ilə dəyişdilər. Nəvəmi isə əlimdən aldılar. Həyat yoldaşım və qızımın taleyi haqda heç nə bilmirəm”.

Tarix boyu ermənilərin Azərbaycanlılara qarşı törətdikləri bu cür qəddarlığa dair minlərlə fakt var. Canilər bu əməllərinə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və vaxt gələcək, bu məhkəmə baş tutacaq. Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad edəcək.

Bu günlər dünyanın əksər regionlarında Xocalı soyqırımına aid müzakirələr aparılır, ictimaiyyətin diqqəti bu faciənin bir daha baş verməməsi üçün onun öyrənilməsinə yönəldilir. Təsadüfi deyil ki, Xocalı soyqırımının Koreya Respublikasında daha yaxşı tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Koreya Prezidenti Administrasiyasının və parlamentinin rəsmi internet səhifələrində “Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində səsimizi eşidin!” başlıqlı petisiyalar yerləşdirilib. Azərbaycan-Koreya əlaqələrində ilk dəfə olaraq Koreyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar tərəfindən hazırlanan petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsi vurğulanıb, Ermənistan hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb. Petisiya tələb olunan sayda dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir. Petisiyalar yerli kütləvi informasiya vasitələrinin diqqətini çəkib, ölkənin "Boan 24" onlayn xəbər agentliyi bu mövzuda material yayıb.

N.NOVRUZ

Sizin Reklam Yeriniz