news Image
2020.03.04
19:44
| A A A
Dələduzluqda ittiham edilən sabiq polisin "çoxsahəli fəaliyyəti" - MƏHKƏMƏ

akı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Tural Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işi hakim Eldar İsmayılovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.

Nərimanov Rayon Polis İdarəsinin keçmiş əməkdaşı olan Tural Həsənov vətəndaşları "sosial evlər"də mənzil almaq, ipoteka təşkil etmək, işə düzəltmək, bir İran vətəndaşını isə Bakıda qeydiyyata saldırmaq vədi ilə aldatmaqda ittiham edilir. Cinayət işi üzrə 15 zərərçəkmiş var.

Prosesdə ifadə verən zərərçəkmiş Pərviz Xəlilov bildirib ki, Tural Həsənovu Zeynəb adlı qadın vasitəsilə tanıyıb. Turalın MİDA tərəfindən Yasamal rayonunda tikilən sosial evlərdə ucuz qiymətə mənzil düzəldəcəyinə inanaraq ona pul versə də, sonradan aldadıldığını bilib: "Bunu başa düşəndə "Bandotdel"ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) müraciət etdik. Zeynəb pulunu geri ala bilsə də, mən nə ev ala bildim, nə də verdiyim 14 min manatı. Halbuki özü də bilirdi ki, kirayədə qalan adamam və mən o pulu başqalarından borc alıb vermişəm".

T.Həsənov ondan 14 min manat aldığını təsdiqləyib.

Digər zərərçəkmiş Vüqar Əhmədov isə Turala mənzil almaq üçün 30 min manat verdiyini deyərkən təqsirləndirilən buna etiraz edib. O bildirib ki, mənzil almaq üçün ondan cəmi 11 700 manat alıb. Məlum olub ki, V.Əhmədov, həqiqətən də, mənzil almaq üçün ona 11 700 manat verib. Yerdə qalan pulu isə Turala başqa bir iş üçün verib: "Elçin adlı dostumun oğlunun məktəb məsələsi vardı. Turala onunla bağlı da pul vermişdik. Ancaq işi də düzəltməyib, pulu da qaytarmayıb. Pulu da mən verdiyimə görə həmin məbləği də tələb edirəm".

T.Həsənov da bunu təsdiqləyən zaman hakim ona müraciətlə "sənin də fəaliyyətin çoxsahəli olub" deyib.

T.Həsənov deyib ki, həmin məbləğin V.Əhmədova dəxli yoxdur və onu Elçinə həbsdən çıxdıqdan sonra qaytaracaq. Təqsirləndirilən onu da deyib ki, evini, obyektini sataraq məhkəmə bitənədək zərərçəkmişlərin pulunu qaytaracaq. 

Daha sonra hakim prosesə gəlməyən zərərçəkmişlərin məcburi gətirilməsi barədə qərar çıxarıb. 

Proses martın 10-da davam edəcək.

Qeyd edək ki, T.Həsənov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.
O, məhkəmədə ittiham üzrə özünü qismən təqsirli bilib. Belə ki, zərəçəkmişlərdən pul aldığını təsdiq etsə də, onları aldatmadığını, pulu mənimsəmədiyini, hər işdən vasitəçi kimi 1 000 manat qazanmaq marağı olduğunu deyb: 

"Pulları Mənzil İnşaatı Dövlət Agentliyinin işçisi Asif Nəzərova vermişəm, bu adamların pulundan 1000 manat qazanmışam. Amma Asif məni aldadıb. Mən ondan şikayətçiyəm, o isə tapılmır, axtarışa verilib. Onu tapıb, camaatın pulunu almaq lazımdır. Bəzi adamların pulunu tam, bəzilərinin isə bir hissəsini öz hesabına qaytarmışam". 

Zərərçəkən İran vətəndaşı Forouzandeh Nikrouz Rashid oğlu isə Azərbaycanda yaşamaq və işləmək üçün qeydiyyatdan keçmək məqsədilə Turala hissə-hissə pul verib. Həmin vaxt T.Həsənov Nərimanov Rayon Polis İdarəsində işləyib və İran vətəndaşı ilə görüşə polkovnik-leytenant formasında gedib. Aldadıldığını başa düşəndə Turalın iş yerinə gedərək polis rəisi ilə görüşüb və Turalın işdən çıxdığını öyrənib. 

Onun pulunun bir hissəsi - 27 min manatın 13 mini qaytarılsa da, yerdə qalan məbləği tələb edir. T.Həsənov isə bildirib ki, İran vətəndaşından aldığı pulu Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Mikayıl Fərəcova verib, o isə hazırda həbsdədir.