Əlaqə Arxiv
news Image
2013.08.22
12:09
| A A A
Şəkidə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

Şəki şəhər-rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə Şəki-Oğuz yolunda baş verib. Şəki şəhər sakini Rəhimov Fəxri Tahir oğlu özünə məxsus "BMW" markalı, 10 UZ 208 dövlət nömrə nişanlı avtomobili təmir etdirmək üçün Şəki şəhərində fəaliyyət göstərən maşın təmiri sexlərindən birinə verib. Həmin sexdə usta işləyən Şəki şəhər sakini, 1993-cü il təvəllüdlü Çələbiyev Təbriz Mənsur oğlu Fəxri Rəhimova məxsus maşını təmir etdikdən sonra sahibinin icazəsi olmadan maşını sexdən çıxararaq Şəki şəhər ərazisində idarə etməyə başlayıb.

 

Təbriz Çələbiyev avtomobillə Şəki-Oğuz yolu ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində avtomobildə olan sərnişin, həmin sexdə usta köməkçisi işləyən Şəki rayonu Aşağı Şabalıd kənd sakini, 1998-ci il təvəllüdlü İsmayılov Rəsul Teymur oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Təbriz Çələbiyev və digər sərnişin, həmin sexdə usta işləyən Şəki şəhər sakini, 1993-cü il təvəllüdlü Xəlilov İbrahimxəlil Əhməd oğlu müxtəlif bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdiriliblər. Şəki MŞX-dan verilən məlumata görə, qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İbrahimxəlil Xəlilovun vəziyyəti ağır, Təbriz Çələbiyevin vəziyyəti isə orta-ağır hesab olunur.

 

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır. (apa.az)

Sizin Reklam Yeriniz