Əlaqə Arxiv
news Image
2012.05.21
17:49
| A A A
Azərbaycanda tələbə polis əməkdaşını qətlə yetirib
Azərbaycanda polis əməkdaşı qətlə yetirilib.

APA-nın məlumatına görə, hadisə Gəncə şəhərində qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı Elmir Həsən oğlu Pənahov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Lakin o, çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisənin polis əməkdaşının peşə fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Belə ki, E. Pənahov evdə olarkən, qonşusu, 20 yaşlı Cavidan Rasim oğlu İsmayılov ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində baş verən mübahisə nəticəsində C. İsmayılov E. Pənahova bıçaqla xəsarət yetirib. Yaralı təcilli xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

R. Musayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb və hadisəni törədən C. İsmayılov saxlanılıb.

Gəncə şəhər prokurorunun köməkçisi Rafael Həsənov isə APA-ya açıqlamasında bildirib ki, mayın 21-də saat 01 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin post patrul xidməti taqımında polis nəfəri işləyən, 1985-ci il təvəllüdlü Pənahov Elmir Həsən oğlunun naməlum şəxs tərəfindən kəsici-deşici alətlə qəsdən öldürülməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Pənahovun xidmətdə olmadığı müddət müvəqqəti yaşadığı binanın həyətində həmin binada daimi yaşayan, Gəncə şəhər sakini İsmayılov Cavidan Rasim oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi müəyyən edilib. Cavidan İsmayılov Gəncə şəhəri, Kəpəz rayon polis şöbəsinə könüllü gələrək Elmir Pənahovu qəsdən öldürdüyünü etiraf edib və cinayətin aləti olan bıçağı təqdim edib. O, cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən C. İsmayılov Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının tələbəsidir.

Sizin Reklam Yeriniz