news Image
2012.10.01
13:47
| A A A
Zakir Qaralov: “ABU klinikasında qanunsuz orqan transplantasiyalarından əldə olunan 100 min dollar Elşad Abdullayevə çatdırılıb”
"Azərbaycan Beynəlxalq Universitetində ciddi korrupsiya faktları aşkar edilib". APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib: "2010-cu ildə insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı ukraynalı həmkarlarımız tərəfindən qaldırılmış cinayət işinin istintaqı zamanı ABU-nun tabeçiliyində olan klinikada belə faktlar müəyyən edilib. 2009-cu ildə həmin klinikada 10-a yaxın xarici vətəndaşın üzərində böyrək köçürmə əməliyyatı aparılıb. Bu əməliyyatları ukraynalı həkimlər həyata keçiriblər. Biz o zaman Ukrayna tərəfinə lazımı köməklik göstərmişik. Həmin fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb. Ukrayna tərəfinin başladığı cinayət işi ilə bağlı artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Orada adı keçən azərbaycanlı vəzifəli şəxslərlə bağlı cinayət işinin materialları ayrılaraq Azərbaycan Baş Prokurorluğuna göndərilib".

Z. Qaralov deyib ki, adı çəkilən klinikanın rəhbəri Dilarə İsmayılova istintaqa ifadəsində bütün bu qanunsuz əməlləri məhz Elşad Abdullayevin tapşırığı ilə həyata keçirdiyini deyib: "O, həmçinin qeyd edib ki, qanunsuz orqan transplantasiyalarından əldə etdikləri 100 min ABŞ dollarını Elşad Abdullayevin özünə çatdırıb. Bir daha qeyd edirəm ki, Elşad Abdullayev korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, gəlib bu suallara cavab verməlidir".

Baş Prokuror ABU-nun lisenziyasının 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən ləğv edildiyini xatırladıb: "Təəssüflər olsun ki, qanunsuz köçürülmələr nəticəsində orada təhsil alan minlərlə tələbələrimiz diplom ala bilməyiblər. Həmin faktlarla bağlı bizə çoxsaylı şikayət daxil olub. Şikayətlər həm saxta diplomların verilməsi, həm qanunsuz köçürülmələr zamanı külli miqdarda rüşvət almaqla bağlı olub. Daxil olan şikayətlər əsasında ABU-nun vəzifəli şəxslərinin bir qismi məsuliyyətə cəlb olunub. Hazırda istintaq gedir. Bu kimi əməlləri olan bir insan bu gün özünü elə göstərir ki, guya o korrupsiyaya qarşı mübariz aparır. Elşad Abdullayev bilməlidir ki, hamı qanun qarşısında bərabərdir. Vaxt çatanda, hər kəs layiq olduğu məsuliyyətə cəlb ediləcək". 

Z. Qaralov qeyd edib ki, məlum videoçəkilişlə bağlı heç kimin – Elşad Abdullayevin də, Gülər Əhmədovanın da təqsirsizlik prezumpsiyası pozulmamalıdır: "Bununla bağlı ətraflı, obyektiv istintaq aparılacaq".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs