news Image
2012.10.07
10:05
| A A A
İki federasiya dalaşdı
Federasiyaların bəyanatlarında qarşılıqlı ittihamlar səsləndi "Alpinizm Federasiyasının reaksiyası heyrət doğurur. Bu, faktları təhrif etmək və ağrımayan başı ağrıtmaq cəhdindən başqa bir şey deyil. Alpinizm Federasiyası adından çıxış edən yoldaşlar əslində bu təşkilatda kiçik bir qrupda birləşən idman həvəskarlarının ziyanına olaraq düşünülmüş sabotajla məşğul olur".
Bu barədə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAİREX) APA-ya bildirilib.
Qeyd edək ki, dünən Azərbaycan Alpinizm Federasiyası (AAF) FAİREX-i, həmçinin Gənclər və İdman Nazirliyini ittiham edən bəyanat yayıb. Bəyanatda FAİREX oktyabrın 6-7-də məşhur alpinist Akif Rüstəmovun xatirəsinə Beşbarmaq massivində həyata keçiriləcək qayayadırmanma üzrə Azərbaycan Kubokunu pozmaqda ittiham olunub. AAF qeyd edib ki, onlar hələ bir müddət əvvəldən tədbir hazırlıqlarına başlayıblar, bununla bağlı yerli və xarici mütəxəssislərə, həmçinin FAİREX-ə dəvət göndəriblər: " Lakin, bizə məlum olduğuna görə, bu federasiyanın rəhbərliyi səbəbini izah etmədən, bu məlumatı öz üzvlərinin diqqətinə çatdırmayıb. Nəhayət, yarışlara iki gün qalmış Farex elan edir ki, oktyabrın 7-də Bakıda Akif Rüstəmov adın Kubok keçirəcək".
FAİREX ittihamlara davam olaraq yaydığı bəyanatında xarici ölkə idmançılarının da iştirakı ilə idman dırmanması üzrə növbəti ölkə çempionatı keçirildiyini, Alpinizm Federasiyası adından çıxış edən şəxslərin bu tədbiri pozmağa çalışdığını, lakin çempionatın uğurla başa çatdığını qeyd edib: "Məhz belə çempionatlar nəticəsində milli yığma formalaşır və idmançılar beynəlxalq yarışlarda iştirak hüququ alırlar. Nəticədə isə, AAF-dakılar naməlum təkəbbürləri sayəsində öz idmançılarını bu hüquqlardan məhrum edirlər. Bu təkcə illər ərzində təkrarlanan yeganə hadisə deyil. İdmana yaraşmayan davranışa nümunə bu qrup yoldaşların etdikləridir - sivil cəmiyyətə yaraşmayan vasitələrlə ədavət və yalan əsaslı kampaniyalar aparır, ölkəmizdə FAİREX və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən sistemli işə qısqanclıqla yanaşırlar. Dağ idmanı işinə ziyan haqqında intriqa çirkabında olan, daima özlərinə heç bir aidiyyəti olmayan klublardan idmançılar cəlb edənlər danışır. Ziyanvericilik əslində, onların təsiri altında olan idmançıların Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan ümummilli yarışlardan təcrid olunmasıdır".
Daha sonra AAF sovet dövründən qalan avadanlığı talan etməkdə, qanunlara hörmətsizlikdə, ölkə təbiətinə və dağlarına laqeyd yanaşmada ittiham olunub: "Akif Rüstəmov adına keçirilən turnirə gəldikdə isə, qoy Alpinizm Federasiyası adından çıxış edən yoldaşlar bir daha ürək bulandırmasınlar və idmana yaraşmayan davranışdan və ziyanvericilikdən danışmasınlar. Gör kim nə deyir. FAİREX-ə məktub, turnirin elan olunmasından cəmi bir neçə gün əvvəl daxil olmuşdur. Bundan əvvəl isə onlar təkidlə FAİREX-in klub rəhbərləri və idmançılarının evinə zəng edib turnirdə iştirakla bağlı separat danışıqlar aparmağa cəhd etmişlər. İdmançılarımızı nəyəsə razı salmaq üçün pərdəarxası aparılan belə danışıqlar çoxdan və dəfələrlə həyata keçirilmişdir. Hətta bu yoldaşlar hansısa nəticələr əldə etdiyi hallarda belə, bununla təmiz idman mühitini necə zəhərləndirdiklərini başa düşmürdülər. Onlar bu ədəb-ərkandan kənar hərəkətləri təsadüfən, çaş-baş düşərək etməyiblər. Başa düşürlər ki, belə şeyləri aşkar etmək utancvericidir ".
FAİREX-in bəyanatında qeyd olunub ki, onlar AAF-ın bu fəaliyyətindən xəbərdar olanda məsələni yoluna qoymaq üçün, qurumun idarə heyətinin üzvü, dağ idman veteranı Valeri Bağırovu danışıqlar aparmaq üçün müvəkkil etsə də, qarşı tərəfdən müzakirə aparmaq istəyən olmayıb: "Bu bir daha FAİREX tərəfindən sağlam idman naminə əməkdaşlıq üçün çoxsaylı müraciətlərə cavab olaraq heç olmasa Akif Rüstəmovun xatirəsinə görə səmimi işçi əlaqələrinin qurulması istəyinin olmamasından söhbət getdiyini təsdiq edir. Belə bir təəssürat yaranır ki, bu növbəti primitiv oyundur. Bu zamana qədər isə, Akif Rüstəmovu şəxsən tanıyan FAİREX idmançılarının müraciəti əsasında onun xatirəsinə ehtiram əlaməti olaraq FAİREX turnir keçirməyi qərara almışdı. Heç kim vaxtsız dünyasını dəyişmiş yaxşı idmançını anmaq hüququnu özəllləşdirə və ya qadağan edə bilməz".
Qeyd edək ki, FAİREX-də 30-dan artıq klub birləşib. Qurumun məqsədlərindən biri də dağ idman növlərinin inkişafına dəstək vermək, bu istiqamətdə təbliğat aparmaq, gənclərdə bu sahəyə xüsusi maraq və diqqət oyatmaqdır. Qurum Akif Rüstəmovun xatirəsinə həsr olunan turniri də məhz buna görə təşkil edib. Turnirin Təşkilat Komitəsinin rəhbəri isə A. Rüstəmovun şəxsi dostu və FAİREX-in klub rəhbəri Mövlud Əzizov olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs