Əlaqə Arxiv
news Image
2012.10.10
17:02
| A A A
Baş Prokurorluq Gülər Əhmədovanın evində axtarış aparılması barədə məlumatlara münasibət bildirib
Baş Prokurorluq sabiq millət vəkili Gülər Əhmədovanın evində axtarış aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi KİV-də Gülər Əhmədovanın mənzilində prokurorluq əməkdaşları tərəfindən axtarış aparılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: "Bu məlumat doğru deyil və tərəfimizdən qəti şəkildə təkzib olunur".

E. Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək, bu qəbildən olan informasiyaların düzgünlüyünü dəqiqləşdirmədən yayımlamamağı tövsiyə edib. 

Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Sizin Reklam Yeriniz