news Image
2016.05.03
09:15
| A A A
Ermənistan prezidentinin çiçəklənən narkotika biznesi
Akif Nağı: “Beynəlxalq təşkilatların özləri də nəzarətdən kənarda olan bu ərazilərdə narkotiklərin becərildiyini gözəl bilir” Teyyub Qəni: “Nə qədər ki, Qarabağ işğal altındadır, bu prosesin qarşısı alınmayacaq”

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitənin sədri Əli Həsənov Ermənistan tərəfinin Azərbaycanın işğalı altında olan torpaqlarında narkotik yetişdirdiyini, bununla xüsusi olaraq Ermənistan prezidenti Serj Sarkisyanın kürəkəninin məşğul olduğunu söyləyib: "İşğal edilən ərazilərdən Azərbaycana narkotik keçirməyə çalışan kifayət qədər xarici ölkə vətəndaşları tutulub saxlanılıb ki, onların ifadələri və konkret faktlar sənədləşdirilib hüquq mühafizə orqanlarında saxlanılır. Biz həmin faktları 2 il bundan əvvəl BMT-nin Vyana ofisinə təqdim edib xahiş etdik ki, həmin ərazilərdə monitorinq keçirilməsi üçün qrup yaradılsın. Tələbimizin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi onları əraziyə buraxmadı".

Faktlar onu göstərir ki, Ermənistan həqiqətən də dövlət səviyyəsində narkotik yetişdirib, onun satışını təşkil etməklə məşğuldur. İşğal olunmuş torpaqlarımızda narkotik yetişdirilməsilə şəxsən Sarkisyanın kürəkənin məşğul olması onu göstərir ki, məhz Ermənistanın hazırkı cinayətkar hakimiyyətinin özü bunda maraqlıdır.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı düşünür ki, Dağlıq Qarabağda narkotik yetişdirilməsi məsələsinin həlli də Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsindən keçir: "İşğal olunmuş torpaqlarımızda ermənilərin narkotik maddələr yetişdirməsi və onun qarşısını almaq üçün Azərbaycan tərəfi rəsmi qaydada dəfələrlə müxtəlif beynəlxalq qurumlara müraciət edib. Bir neçə gün öncə BMT yanında Xüsusi Şuranın narkotranzitlə bağlı toplantısı keçirildi. Burada da Azərbaycan nümayəndəsi açıq şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ ərazisindən istifadə etməklə ermənilər narkotiklərin yetişdirilməsi, emal olunması və buradan onun başqa ərazilərə nəqlilə məşğul olurlar. Yəni, Azərbaycan tərəfi məsələni BMT tribunasında da qaldırıb. Təbii ki, beynəlxalq təşkilatların özləri də nəzarətdən kənarda olan bu ərazilərdə narkotiklərin becərildiyini gözəl bilir. Onların əlaqələri, informasiyaları genişdir. Sadəcə olaraq, düşünürəm ki, həmin qurumlar məsələyə ciddi reaksiya vermək istəmirlər. Görünür, burada hansısa maraqlı qüvvələr var ki, nəzarətsiz qalan bu ərazilərdə işğalçılar tərəfindən yetişdirilən narkotikanı satmaqdan bəhrələnirlər. Bunun da nəticəsində reaksiya vermirlər.

Dünyada üzdə belə göstərirlər ki, narkotik ticarətinə qarşı mübarizə aparırlar, amma reallıqda görürük ki, bəzi hallarda belə məqamlara göz yumurlar. Aydın görünür ki, həmin beynəlxalq qurumlar baş verən və faktlarla ortalığa qoyulan bu hadisədən narahat deyillər. Narahat olsaydılar, Azərbaycanın tələblərinə reaksiya verərdilər. Buna görə də işğal olunmuş torpaqlarda yetişdirilən narkotiklərin məhv olmasının kökü də Azərbaycan Ordusundan keçir".

Politoloq Teyyub Qənioğlu də işğal edilmiş ərazilərdə narkotik yetişdirilməsinə son qoyulmasının yeganə yolunun ancaq torpaqların azad edilməsindən keçdiyində gördüyünü dedi: "Ümumiyyətlə, terrorla məşğul olan ölkələrdə narkobiznes də inkişaf edir. Bu mənada Ermənistanda da vəziyyət eynidir. Onların gəlir mənbələrindən biri də məhz narkotik ticarətilə bağlıdır. Beynəlxalq təşkilatlar da Dağlıq Qarabağda narkotiklərin becərildiyini yaxşı bilir.

Azərbaycan tərəfi dəfələrlə faktlara əsaslanaraq onlara bu barədə tutarlı məlumatlar veriblər. Amma görünən odur ki, onlar da prosesə ümumən göz yumurlar. Bu isə onu göstərir ki, Dağlıq Qarabağ problemi həll olunmayınca, ermənilər də bu nəzarətsiz ərazilərdə narkotik yetişdirməkdə davam edəcəklər. Deməli, qaldırılan bu məsələnin həlli də Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Əks halda, həmin ərazilərdə narkotik yetişdirilməsinin başqa üsullarla qarşısını almaq mümkün olmayacaq. Nə qədər ki, Qarabağ işğal altındadır, bu prosesin qarşısı alınmayacaq. Yeganə həll yolu Dağlıq Qarabağın azad edilməsi və oradakı separatçı rejimin məhv edilməsindən keçir. Nə qədər desək də, başqa yolu yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs