news Image
2016.05.05
16:49
| A A A
Məmur ərini öldürən qadının məhkəməsində qalmaqal düşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əri Füzuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə X.İsgəndərovanın qızı Əmanə İsgəndərovanın nümayəndəsi Gülnar Rəhimova gəlməyib və məhkəməyə gəlməməsi ilə bağlı heç bir cavab verməyib.

Bundan sonra hakim mərhum F.İsgəndərovun bacısının dindirilməsini təklif edib. Buna X.İsgəndərovanın vəkilləri Cavanşir Süleymanov və Abuzər Mütəllimov etiraz ediblər. A.Mütəllimov bildirib ki, məhkəmədə şahidlərin dindirilməsi prosesinin ardıcıllığı qorunmalıdır: "Şahid Əmanə İsgəndərovanın ötən məhkəmə iclasında dindirilməsi yarımçıq saxlanılıb. Bu səbəbdən Əmanənin dindirilməsi başa çatsın və sonra digər şahidlərin dindirilməsi təmin edilsin. Çünki bizim hər şahidə ayrıca sualımız var. Burada qarışıqlıq yarana bilər".

Hakim bildirib ki, şahidləri istənilən vaxt məhkəməyə çağırmağa qanun yol verir: "İfadəsi yarımçıq saxlanılan şahid növbəti məhkəmə iclasında dindirilə bilər. Buna görə də vaxt itirmək lazım deyil, başqa şahidlər dindirilsin. Bu cinayət işi böyük işdir. Bu işi araşdırmaq üçün vaxt lazımdır. Amma tərəflər işi uzadırlar. Şahidin işi məhkəmədə suallara cavab verməkdir. Məhkəmə 10 dəfə də çağırsa, 100 dəfə də çağırsa, onlar məhkəməyə gəlməlidir".

Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi də deyib ki, şahidlərin dindirilməsi ardıcıllığı qorunmalıdır. Buna görə də məhkəmə iclası təxirə salınmalıdır. Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, şahidlərin dindirilməsi ardıcıllığının qorunması üçün əsas yoxdur: "Şahidlərə verəcəyim suallar özümə məlumdur. Buna görə də hansı şahidin dindirilməsi üçün problemimiz yoxdur".

Tərəflərin istəyini nəzərə alan hakim məhkəmə iclasını mayın 16-dək təxirə salıb.

Xatırladaq ki, sözügedən qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Babək prospekti, ev 17 ünvanında baş verib. 1964-cü il təvəllüdlü F.İsgəndərov evin həyətindəki qarajda qətlə yetirilib. Qatil ev sahibinə 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib. Hadisə baş verən gün evdə F.İsgəndərovun həyat yoldaşı X.İsgəndərova olub.

İlkin dindirilmə zamanı qadın cinayətkarın ona hücum etdiyini və boğmağa çalışdığını bildirib. O, ilkin ifadəsində cinayətkarın maskasını çıxararaq öldürməməsi üçün yalvardığını, evdə olan qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.

İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı X.İsgəndərova tərəfindən törədildiyi məlum olub. Hadisədən 8 ay sonra X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib. Mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub. X.İsgəndərova istintaq zamanı ona elan olunmuş ittihamlarla razılaşmayıb, qətldə əli olmadığını deyib. Məhkəmədə isə ifadə verməkdən imtina edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs