Əlaqə Arxiv
news Image
2017.02.23
19:30
| A A A
“Lotu Quli”nin yeznəsinin məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin hazırlıq iclası fevralın 24-nə təyin edilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Huseynovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Bu barədə onun vəkili Kamandar Nəsibov məlumat verib.
Vəkil bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin hazırlıq iclası fevralın 24-nə təyin edilib. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
İttiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.
V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi Sabunçu Rayon Prokurorluğunda araşdırıldıqdan sonra məhkəməyə göndərilib.
İşə Sabunçu Rayon Məhkəməsində, hakim İlqar Abbasovun sədrliyi ilə baxılarkən dövlət ittihamçısı vəsatətlə çıxış edib. Prokuror vəsatətini onunla əsaslandırıb ki, 12,360 qram çəkidə narkotik vasitə olan heroinin V.Hüseynov tərəfindən satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması kimi qiymətləndirməkdə ibtidai istintaq orqanı haqlı olmayıb. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, cinayət işi yenidən ibtidai araşdırlması üçün prokurorluğa göndərilib.
Daha sonra V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Vəkil K.Nəsirov "Report"a qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs ittihamlarla razı deyil: "Müvəkkilim onun barəsində irəli sürülmüş ittihamların qanunsuz olduğunu söyləyir. Vüqar Hüseynov özünü təqsirli bilmədiyini deyir".
Qeyd edək ki, V.Hüseynov hazırda həbsdə olan və “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir. 

report.az

Sizin Reklam Yeriniz