news Image
2013.03.01
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Şəki sürətli intibah yolunda uğurla irəliləyir

Zəngin təbiətə malik Azərbaycan regionları bu gün həm də böyük iqtisadi potensialları və onlardan səmərəli istifadə nəticəsində sürətli inkişaf yolundadır. Təbii ki, bunu şərtləndirən əsas səbəblərdən biri məqsədyönlü dövlət siyasəti və regionların inkişafı məqsədilə həyata keçrilən müvafiq dövlət proqramlarıdır. Qeyd olunanların real nümunələrindən biri qismində Şəki şəhəri çıxış edir. Ötən ilin sosial-iqtisadi yekunları da burada dinamik tərəqqidən xəbər verir.

Bu barədə danışmazdan öncə xatırlatmaq yerinə düşərdi ki, 2012-ci il şəkililər üçün, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanın Şəkiyə səfərləri ilə yaddaqalan olub. Dövlət başçısı sentyabrın 9-da Şəkiyə səfəri çərçivəsində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına inşa olunmuş taxıl anbarı və dəyirman kompleksinin, dördulduzlu "Shaki Palace" otelinin açılışında, habelə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib, Mirzə Fətəli Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Hesabat ilində isə iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat verilərək bildirilib ki, ötən il rayonda faktiki qiymətlərlə 370 milyon 758 min manatlıq məhsul istehsal edilib, ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 5,3 faiz artıb. 2012-ci ildə pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilə nisbətən 10 faiz artaraq 237 milyon 121 min manat, iqtisadi və sosial sahələrin inkişafına yönəldilmiş investisiyaların həcmi isə 11,4 faiz artaraq 111 milyon 480 min manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyanın 90,3 milyon manatı və ya 81 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Hesabat dövründə SKMF tərəfindən Şəki rayonu üzrə 27 sahibkara 330 min manat məbləğində güzəştli kredit verilib. İl ərzində rayonda 1246 yeni iş yeri açılıb.

Sahibkarlığın dinamik tərəqqisini təsdiqləyən daha bir amil isə "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətinin uğurlu fəaliyyətidir. Qeyd edək ki, ötən il "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətində bütün istehsal sahələri üzrə ümumilikdə 5 milyon 925 min manatlıq məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə məhsul istehsalı 1 milyon 330 min manat artıb. Ötən il müəssisə üzrə 2 milyon 167 min manatlıq məhsul satılıb.

2012-ci ildə müəssisənin baramaaçan istehsalatında 2 min 82 kiloqram xam ipək, burucu istehsalatında 18 min 677 kiloqram burulmuş sap, toxucu istehsalatında 660 min kvadratmetrdən çox ipək parça, 103 min kvadratmetr pambıq parça və 11 min kvadratmetr tənzif istehsal olunub. Xalça sexində il ərzində 58,7 kvadratmetr ipək xalça, 212,5 kvadratmetr yun xalça, 43 kvadratmetr yun-ipək xalça toxunub. Bundan əlavə, ötən il müəssisədə 22 min 200 bişmiş kəlağayı, 3 min 324 boyanmış kəlağayı, 2 min 804 şərf, 1.982 ton müxtəlif ölçülü pambıq sap və digər məhsullar istehsal olunub.

Müəssisənin burucu, toxucu, kəlağayı, boyaq-bəzək istehsalatlarının və xalça sexinin xammala olan tələbatını ödəmək məqsədilə ötən il Özbəkistanın ipəkçilik şirkətləri ilə 18 ton ipək sapın alınması barədə müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, bu ölkədən cəmiyyətə 7 ton ipək sap yola salınıb. Qeyd edək ki, 2008-ci ildə müəssisədə illik istehsal gücü 1.740 ton olan pambıq əyirici istehsalat fəaliyyətə başlayıb. Burada İsveçrədə istehsal olunmuş dəyəri 1 milyon 340 min avro olan texnoloji avadanlıq quraşdırılıb. Müasir texnologiyaların tətbiqi uğurla davam etdirilir. 2011-ci ildə Almaniyanın "Texitima" şirkətindən illik istehsal gücü 1.200 ton olan yeni avadanlıq və müxtəlif dəzgahlar gətirilərək quraşdırılıb. Pambıq əyirici istehsalatın xammal ehtiyaclarını ödəmək məqsədilə ötən il respublikamızın pambıqçılıq rayonlarından müəssisəyə 1.200 ton mahlıc gətirilib. Belə tədbirlər nəticəsində hazırda müəssisənin pambıq əyirici istehsalatı gün ərzində fasiləsiz rejimdə işləyir.

Xatırladaq ki, ötən il "Şəki-İpək" ASC-nin mütəxəssisləri tərəfindən Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı xüsusi konsepsiya hazırlanıb, baxılmaq üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib. Layihədə ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması, bu sahədə çalışanların sosial rifahının yaxşılaşdırılması və digər məsələlər əksini tapıb. Tikinti-quruculuq işləri də xüsusi diqqət mərkəzindədir. Şəki Şəhər Təhsil Şöbəsi üçün şəhərin "Çələbixan" yaşayış massivində yeni inzibati bina tikilir.

Dövlət vəsaiti hesabına tikilən üçmərtəbəli binanın 2013-cü il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Bundan əlavə, Şəki şəhərində Dövlət Miqrasiya Xidmətinin Regional Miqrasiya İdarəsi üçün də yeni inzibati binanın tikintisinə başlanmışdır. Bu bina da cari ildə istifadəyə veriləcək.

Ötən il taxılçılığın və heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanıb, rayonda rekord miqdarda - 256 min ton taxıl istehsal olunub. 2012-ci ildə Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planını hazırlayıb. Baş Planda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərin genişlənməsi, perspektivdə Oxud, İnçə, Kiş və Qoxmuq kəndlərinin şəhərin ərazisinə daxil edilməsi və digər məsələlər nəzərdə tutulub. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər ötən ildə də davam etdirilib, şəhərdəki 5 nömrəli tam orta məktəb üçün 320 şagird yerlik yeni tədris korpusu, Çələbixan qəsəbəsi və Şorsu kəndində yeni məktəb binaları tikilib istifadəyə verilib. Bundan əlavə, bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş 12, 14 və 17 nömrəli məktəblər üçün yeni məktəb binalarının tikintisinə başlanıb, bu məktəblərdən ikisi artıq istifadəyə verilib.

Ötən il şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni bina tikilib istifadəyə verilib, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yeni binanın tikintisinə başlanılıb. Ötən il Şəki rayonunda 1515 mənzilə qaz çəkilib, abonentlərin ümumi sayı 19 min 409 nəfərə çatıb. Hesabat ilində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə təbii qazın verilməsi təmin olunub. İl ərzində həyətlərdə quraşdırılmış və istismar müddəti başa çatmış 4.303 qaz sayğacı yenisi ilə əvəz olunub, şəhər ərazisində 5, kəndlərdə 6 ədəd yeni qaz tənzimləyici quraşdırılıb, həyətlərdən keçən qaz xətləri küçəyə çıxarılıb.

Bundan əlavə, ötən il Şəki şəhərinin Olimpiya yaşayış məhəlləsində yeni tikilmiş mənzilləri "mavi yanacaq"la təmin etmək məqsədilə 6.700 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib, şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar Heydər Əliyev prospektində qaz xətləri yenidən qurularaq yeraltı xətlərlə əvəz olunub. "Marxal" istirahət kompleksinin qazlaşdırılması üçün 6.485 metr, Salman Mümtaz küçəsində mövcud qaz xəttinin təhlükəsiz sahəyə çıxarılması məqsədilə 8.418 metr uzunluğunda polietilen borudan istifadə edilib.

Hazırda Turan qəsəbəsi istiqamətində yeni qaz xəttinin çəkilişi davam edir. Qəsəbəyə təbii qazın verilişinin bərpa etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ötən il 3.900 metr uzunluğunda daşıyıcı və 12 min 550 metr uzunluğunda paylayıcı qaz xətləri yenidən qurulub. Cari ildə qəsəbə əhalisinə təbii qazın verilməsinə başlanılacaq.

Rayonda su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Ötən il Şəkinin Orta Zəyzid kəndində yeni artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Artezian kəndin yeni yaşayış massivi sakinlərinin içməli suya olan ehtiyacını tam ödəyəcəkdir. Ümumiyyətlə, kənd əhalisinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə son iki ildə Meliorasiya və Su Təsərrüfatı ASC və "Azərsu" Səhmdar Cəmiyyəti tərəfindən rayonun kəndlərində 8 artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Şəkidə əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir. 2012-ci ildə Şəki Məşğulluq Mərkəzinin köməyi ilə 214 nəfər işə düzəlib. Onlardan 54-ü qadın, 70-i gənc, 5-i isə hərbi xidmətdən yeni tərxis olunandır.Bundan əlavə, ötən il 15 nəfər haqqı ödənilən ictimai işə, 9 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib, 23 nəfərə işsizlik müavinəti təyin olunub. Ötən il qurum tərəfindən rayonun əmək ehtiyatlarından səmərəli istifadə etmək və qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə bir sıra maarifləndirici tədbirlər həyata keçirilib. Mayda keçirilən sonuncu əmək yarmarkasında 50 nəfər işə göndəriş alıb. Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2012-ci il 4 sentyabr tarixli Sərəncamına uyğun olaraq rayonda Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi davam etdirilir.

Səkkiz min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq iki milyon manat vəsait ayrılıb. Tikinti işlərini 15 nömrəli Yol-İstismar İdarəsinin kollektivi həyata keçirir. Avtomobil yolunun 2013-cü il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.