Əlaqə Arxiv
news Image
2012.04.26
15:12
| A A A
LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
İsmayıllıda əhalinin kommunal problemlərinin həlli diqqət mərkəzindədir

Regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının uğurlu nəticələrindən biri də son illərdə respublikada işsizliyin səviyyəsinin aşağı düşməsidir. Bunu İsmayıllı rayonunun timsalında da aydın görmək mümkündür. Son illərdə rayonda işsizlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

"Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" da bu sahədə yeni imkanlar açıb. Rayonda Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlər planında nəzərdə tutulmuş məsələlərin həllinə nail olmaq üçün idarə, müəssisə, təşkilatlar və fiziki şəxslərlə işgüzar əlaqələr qurulub, 315 hüquqi və fiziki şəxs rayon Məşğulluq Mərkəzində qeydiyyata alınıb. Rəsmi qeydiyyatda olan və işsiz statusu almış vətəndaşların sayı isə 778 nəfər təşkil edib. Onlardan 311 nəfəri qadın, 398 nəfəri gənc, 47 nəfəri isə qaçqın və məcburi köçkünlərdir. Hazırda rayon üzrə 4456 nəfər işaxtaran qeydiyyatdadır. 2011-ci ildə işsiz vətəndaşdan 347 nəfəri işlə təmin edilib.

Əhalinin səmərəli məşğulluğunun təmini məqsədilə vaxtaşırı rayonda "Əmək yarmarkası" keçirilir. Hesabat ilində keçirilən "Əmək yarmarkası"nda 63 idarə, müəssisə və təşkilat 178 vakant iş yeri təqdim edib, boş iş yerlərinə 97 nəfər işsiz vətəndaş işə göndərilib. 29 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 17 nəfərə işsizlik müavinəti təyin edilib. Həmçinin il ərzində 6 nəfər ordudan tərxis edilən gənc, 12 nəfər qaçqın və məcburi köçkün, 3 nəfər cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxs işlə təmin olunub.

Rayonda imtiyazlı şəxslərin mənzil növbəsinin uçotu və mənzillə təminatı əsas vəzifələrdən olub. 2003-cü ildən 211 nəfər mənzil qeydiyyatına dayanıb, 115 nəfər mənzil və fərdi yaşayış evi ilə təmin olunub. 2011-i ildə 3 nəfər imtiyazlı şəxs mənzil qeydiyyatına götürülüb, 36 nəfərə mənzil verilib. Bu kateqoriyadan olan şəxslər üçün fərdi evlərin tikintisi də aparılıb. Hesabat ilində Qarabağ müharibəsi əlili Hacalı Dadaşov üçün rayon mərkəzində, Çernobıl əlili Süleyman İlyasov üçün Cülyan kəndində fərdi yaşayış evi tikilib onların istifadəsinə verilib.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət Proqramı"nda rayonun elektrik şəbəkəsinin yenidən qurulması, İsmayıllı şəhəri və rayonun digər yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bir sıra ictimai binaların istilik təchizatı sisteminin bərpası, şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Ötən dövr ərzində bu məsələlərin həlli istiqamətində də addımlar atılıb. Rayonda əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə xidmətləri, onların elektrik enerjisi, qaz, istilik, içməli su ilə təminatı ilbəil yaxşılaşır, mövcud problemlər aradan götürülür.

2011-ci il ərzində istehlakçılara 42 milyon 20 min 582 kilovat-saat enerji ötürülüb, ödəniş 2 milyon 361 min 511 manat olub. İl ərzində əhali sektorunda ödəniş 94,5 faiz, şəbəkə üzrə illik yığım isə 96,2 faiz təşkil edib. İlin əvvəllərindən başlayaraq 3,19 kilometr SİP kabel xətti çəkilib, əhali və qeyri-əhali sektorunda 180 ədəd "Smart-kart" tipli, 280 ədəd elektron tipli sayğac quraşdırılıb. 10 kilovotluq və 0,4 kilovotluq hava xətlərində 130 ədəd yararsız dayaq dəyişdirilib, ağac dirəklər dəmir-beton dirəklərlə əvəz olunub. Rayon ərazisində 18 ədəd yanıb zədələnmiş transformator əsaslı təmir olunaraq işlək vəziyyətə gətirilib, 65 transformator-yarımstansiyada cari təmir işləri aparılıb. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunub. İl ərzində istehlakçıların hüquqları müfadiə olunub, şəbəkəyə daxil olan bütün müraciətlər yerində həll edilib.

Son illər, xüsusilə 2011-ci ildə Dövlət Proqramına uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində əsaslı işlər görülüb, yaşayış məntəqələrinin qazlaşdırılması prosesi sürətləndirilib. Rayon mərkəzi ilə yanaşı 31 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu sahə üzrə işlər davam etdirilir.

İsmayıllı Qaz İstismar Sahəsi 10291 abonentə xidmət göstərir. 2011-ci ildə istehlakçılara 19,4 milyon kubmetr təbii qaz yanacağı verilib, istehlak olunmuş qazın ümumi dəyəri 1 milyon 941 min manat təşkil edib. 1 milyon 768 min manat məbləğində ödəniş aparılıb, satılmış qazın yığım faizi 91,1 faiz olub. 2011-ci ildə İsmayıllı şəhəri, Mican, Talıstan, Yeniyol, Hapıtlı kəndlərində daşıyıcı və paylayıcı qaz kəmərlərində təmir-bərpa işləri aparılıb, Aşıqbayramlı və Kürdmaşı kəndləri ərazisində kompakt şəkildə yaşayan qaçqın və məcburi köçkün ailələrinə qaz xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hesabat ilində 1000-ə yaxın abonent üçün məişət-qaz sayğacı quraşdırılıb, siyitmələr, qazpaylayıcı şkaflar yenisi ilə əvəz edilib. Bu sahə üzrə problemlər də mövcuddur. Rayonda xeyli yaşayış məntəqəsi qazlaşma üçün öz növbəsini gözləyir. Şəhərin bəzi ərazilərinə qaz lazımi təzyiqdə verilmir. İstismar müddətini bitirmiş boruların dəyişdirilib yeniləri ilə əvəz olunması işləri ləng aparılır.

Hesabat ilində əhalinin içməli su təminatının yaxşılaşdırılmasına diqqət artırılıb, Xanagah-İsmayıllı su kəmərinin qəzalı hissələrində təmir-bərpa işləri aparılıb. Şəhərdaxili su xətlərində və kanalizasiya kollektorunda borular dəyişdirilib, 1100 ədəd sayğac quraşdırılıb. Olimpiya-idman kompleksini su ilə təchiz etmək məqsədi ilə kompleks ərazisində iki subartezian quyusu qazılıb. Kəndlərin su ilə təminatına köməklik göstərilib.

Ölkə başçısı tərəfindən ayrılmış 3,5 milyon vəsait hesabına rayonun 9 kəndinin su problemi həll olunub. Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə şəhərin yeni yaşayış massivində və Mican kəndində 1 ədəd artezian quyusu qazılaraq istifadəyə verilib. Nəticədə yüzlərlə ailənin su təchizatı yaxşılaşıb. "Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Layihəni Türkiyənin "Kolin" şirkəti icra edəcək.

Rayonda əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə xidmətləri ilbəil yaxşılaşır, mövcud problemlər vaxtında aradan götürülür. 2011-ci ildə pərakəndə əmtəə dövriyyəsi 72 milyon 140 min manat olub və bu da keçən ilin müvafiq dövrünə nisbətən 116,2 faiz təşkil edir. O cümlədən iaşə-əmtəə dövriyyəsi 1 milyon 637 min manat, əhaliyə göstərilən pullu xidmət 11 milyon 607 min manat, məişət xidmətləri 2 milyon 174 min manat həcmində olub. Bir sakinə düşən əmtəə dövriyyəsi 880,3 manat, pullu xidmət isə 141,6 manat təşkil edib.

Əhaliyə göstərilən kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində ötən il xeyli iş görülüb, xidmətlərin daha keyfiyyətli yerinə yetirilməsi üçün kommunal təyinatlı xeyli texnika alınaraq rayona gətirilib.

Rayonun Kommunal Müəssisələr Kombinatı şəhər ərazisində 297 min kv.metr sahəsi olan küçə və meydanlara, 22,5 ha yaşıllıq sahəsinə xidmət edib, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirib. 2011-ci ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 381 min manatdan yuxarı olub. O cümlədən pullu xidmətlərin həcmi 32375 manat təşkil edib və bu da 2010-cu illə müqayisədə 2431 manat çoxdur. Hesabat ilində 3000 kvadratmetr sahəyə ot toxumu səpilib. Muğanlı istiqamətində rayona giriş ərazisinə 1000 ədəd qızıl gül kolu, 60 ədəd bəzək ağacı əkilib.

"Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 269-IVQ nömrəli Qanuna əsasən, İsmayıllı kənd, Mican və Qəzli kəndləri ölkənin ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılaraq İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilib. Bununla əlaqədar şəhərin kommunal xidmətlərinin və əhatə dairələrinin həcmi xeyli genişlənib. Rayonun kommunal müəssisələri kombinatının daha çox kommunal təyinatlı texnikaya və işçi qüvvəsinə ehtiyacı yaranıb. Cari ildə bu yönümdə məqsədyönümlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

2011-ci ildə Mənzil İstismar Sahəsi tərəfindən 44 yaşayış binasındakı 942 mənzilə 10400 manatlıq mənzil-kommunal xidmətləri göstərilib, çoxmərtəbəli yaşayış binalarında 138 min manatdan çox təmir-bərpa işləri aparılıb. Binaların dam örtükləri dəyişdirilib, fasadları təmir edilib. Aparılmış əsaslı və cari təmir işlərinin həcmi əvvəlki illərlə müqayisədə xeyli artıb. Son illərdə şəhər ərazisindəki 22 yaşayış binası təmir edilərək, onlara müasir görkəm verilib. Sakinləri narahat edən bütün problemlər vaxtında və keyfiyyətlə həll edilib, insanların daha rahat, müasir şəraitdə yaşamaları təmin edilib.

Əhaliyə göstərilən rabitə və poçt xidmətinin keyfiyyəti son illər xeyli yaxşılaşdırılıb. 2011-ci ildə 260 mənzilə yeni telefon çəkilib, 337 abunəçinin telefon xətti yenidən bərpa olunub. İl ərzində 711,3 min manat gəlir əldə edilib. Rayon Telekommunikasiya Qovşağı 2011-ci ildə dövlət büdcəsinə 63,3 min, DSMF-na isə 130,9 min manat vəsait ödəyib. İl ərzində 596 abunəçi genişzolaqlı sürətli internet xidmətindən istifadə edib. 2012-ci ilin birinci yarısına qədər bütün kənd ATS-lərinin birləşdirici xətlərinin fibrooptik kabelə keçirilməsi işi başa çatdırılacaq.

Tərlan NƏSİRLİ

Bakı-İsmayıllı-Bakı

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz