news Image
2013.03.12
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Salyan sürətli sosial-iqtisadi inkişaf yolundadır

Azərbaycan regionlarının mövcud inkişaf səviyyəsi onların qarşıdakı dövr ərzində ölkənin sosial-iqtisadi həyatında daha böyük rol oynayacağını deməyə əsas verir. Bu isə öz növbəsində regionların tərəqqisi istiqamətində həyata keçirilən dövlət siyasətinin, qəbul olunmuş müvafiq proqramların artıq öz müsbət nəticələrini verməsinin real təsdiqi kimi çıxış edir. Böyük nəticələrin əldə olduğu bölgələrdən biri də əsrarəngiz təbiətə malik Salyan rayonudur.

Ötən ilin yekunları da rayonda sürətli tərəqqidən xəbər verir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" uğurla həyata keçirilir, rayonun sosial-iqtisadi həyatı sürətlə inkişaf edir. Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il martın 13-də rayona səfər edib.

Dövlətimizin başçısı səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş uşaqların texniki yaradıcılıq mərkəzinin, "Kür" otelinin açılış mərasimlərində iştirak edib, yenidən qurulmuş XIX əsrin tarixi abidəsi olan "Cümə" məscidində olub, Heydər Əliyev Mərkəzində və rayon icra hakimiyyətinin yeni inzibati binasında aparılan tikinti işləri ilə tanış olaraq müvafiq tapşırıq və tövsiyələrini verib. Sonra 10 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən 23,5 kilometr uzunluğunda Kürsəngi-Yolüstü avtomobil yolunun açılışında iştirak edib.

2012-ci il ərzində rayonda məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz, sənaye məhsulunun ümumi həcmi 67,5 faiz, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 4,8 faiz, rabitə xidmətinin həcmi 17,1 faiz, nəqliyyat işlərinin həcmi 15,2 faiz, pərakəndə ticarət dövriyyəsi 1,9 faiz, əhaliyə göstərilən pullu xidmət 3,3 faiz artıb. Əsas kapitala yönəldilən investisiya 90 milyon 593 min manat olub. Bir nəfərə düşən orta aylıq əmək haqqı 207,9 manat, bir nəfərə düşən gəlir 1794 manata çatıb.

Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində ötən il 2970 iş yerləri yaradılıb, bunun 586-sı daimi olub. Hesabat ilində dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq rayonda İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılıb. Bu müddətdə sutkalıq gücü 20 ton olan müasir tipli çörək zavodu tikilib istifadəyə verilib. Çuxanlı kəndi ərazisində "Şəfa Quşçuluq" ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubatorun, Qaraçala qəsəbəsi ərazisində 10 min tonluq taxıl anbarının tikintisi başa çatdırılıb. Bu xüsusda dahabir önəmli hadisə isə Qarabağlı kəndində istismara verilən müəssisədir. Qarabağlı kəndi Salyan rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. Burada çoxlu sənaye, aqrar, səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən obyektlər fəaliyyət göstərir. Son zamanlar Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində kənddə özəl sektorun inkişafı üçün daha münbit şərait yaranıb, nəticədə infrastruktur genişlənmiş, yeni iş yerləri açılıb. 20 fevral 2013-cü il tarixdə rayonun Qarabağlı kəndində "İlkin-N" MMC tərəfindən inşa edilmiş "Dərələyəz" ticarət mərkəzi və çörək sexi istifadəyə verilib. 22 nəfərin çalışacağı ticarət mərkəzi və çörək sexinin istifadəyə verilməsi ölkəmizdə özəl sektorun inkişafına yaradılan şəraitin daha bir nümunəsidir.

Hazırda beynəlxalq standartlara uyğun 2400 başlıq süd-əmtəə kompleksinin və Qırxçıraq qəsəbəsi ərazisində illik istehsal gücü 600 ton olan quru meyvə istehsalı müəssisəsinin, Kürsəngi kəndi ərazisində istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi davam etdirilir.

Hesabat ilində şəhər ərazisində abadlıq və quruculuq işlərinə diqqət daha da artırılıb. Küçələr təmir olunaraq 26348 kvadratmetr üzlük daşları döşənib, səki kənarına 40475 metr bardürlər düzülüb, 11431 kvadrat metr sahəyə tava-piltə, 640 metr uzunluğunda 1920 kvadratmetr istinad divarı çəkilib, 3227 kvadratmetr mişar daşı ilə hörgü işləri aparılıb. Eyni zamanda şəhərdə 11 kommunal evin fasadları və 37 çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü əsaslı təmir olunub.

Rayon ərazisində 60 min ədəddən çox ağac, o cümlədən 2700 ədəddən çox dekorativ ağac və gül kolları əkilib. Salyan şəhərinin ərazisində 630 müasir işıqlanma dirəyi quraşdırılıb, şəhərin kommunal binaları, ticarət şəbəkələri və digər sosial obyektlərin fasadlarının işıqlandırılması təmin edilib.2012-ci ildə ən çox diqqət yetirilən sahə əhalinin fasiləsiz elektrik enerjisi və qazla təmin edilməsi olub. Rayonun qəsəbə və kəndlərinə fasiləsiz elektrik enerjisi və mavi yanacaq verilməsi xeyli yaxşılaşdırılıb, yaranmış problemlər vaxtında aradan qaldırılıb, təmir və yenidənqurma işlərinə diqqət artırılıb. 20 dekabr 2012-ci il tarixdə rayonun Qırx Çiraq qəsəbəsi, Qarabağlı və Kərimbəyli kəndlərinə təbii qazın verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. abonenti - 9000-ə yaxın əhalini əhatə edən həmin ərazilərin qaz infrastrukturunun yenidən qurulması üçün 112 kilometrdən çox daşıyıcı və paylayıcı qaz xətti çəkilib, 1575 sayğac quraşdırılıb. Ölkə başçısının tapşırığı ilə son bir il ərzində Salyan şəhəri və rayonun 7 yaşayış məntəqəsində qaz təsərrüfatı yenidən qurulub. Qırx Çiraq qəsəbəsi, Qarabağlı və Kərimbəyli kəndləri də daxil olmaqla təbii qaz verilişinin bərpası on kənddən altısında artıq başa çatıb. Bundan öncə isə rayonun Parça Xalac, Seyidan, Piratman və Gəncəli kəndlərinə təbii qazın verilməsi ilə bağlı açılış mərasimi keçirilib. Hesabat ilində rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində mövcud olan problemlərin həlli istiqamətində xeyli iş görülüb. Elə ötən ay Salyan Rayon Mərkəzi Xəstəxanasında yeni hemodializ şöbəsi istifadəyə verilib. Bu məqsədlə xəstəxanada keçirilən tədbirdə burada quraşdırılmış 10 ədəd yeni hemodializ aparatlarının işinə baxış keçirilib. Yeni zalda gün ərzində 30 xəstəyə xidmət etmək mümkündür. Şöbənin xidmətlərindən vaxtilə Şirvan şəhərinə və digər yerlərə gedən Salyanın və Neftçalanın böyrək çatışmazlığından əziyyət çəkən xəstələri istifadə edəcəklər.

Salyan rayonu ölkəmizin zəngin irsə malik qədim yaşayış məskənlərindən biridir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və tarixi mədəniyyət abidələri burada turizmin inkişafı üçün potensial imkanlar yaradır. Onu da deyək ki, Salyan rayonunda ölkə və yerli əhəmiyyətli abidələr çoxdur. Salyan rayonunda xalqımızın tarixi keçmişini, adət-ənənəsini, həyat tərzini, məişətini, dini əqidələrini özündə əks etdirən yaşayış məskənləri və qəbiristanlıqlar da dövrümüzə qədər gəlib çıxıb. Salyanın bir çox kəndlərində qədim yaşayış məskənlərinin də izlərinə rast gəlmək olar. Belə yaşayış yerlərindən biri də Qırxçıraq yaşayış məskənidir. Sahəsi təxminən 16 kv.km dir. Qırxçıraqda aparılan arxeloji araşdırmalar zamanı orada 14-16-cı əsrlərə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Qazıntılar zamanı 15-ci əsrə aid mis sikkələr tapılıb. Arxeoloji araşdırmalar göstərir ki, Qırxçıraq əsasən Elxani hökmdarı Qazanxan tərəfindən əsası qoyulmuş Mahmudabad şəhərinin qalığıdır. Aparılan tədqiqatlar ərazinin orta əsrlərdə Yaxın Şərqdən gələn karvan ticarət yolu üzərində yerləşdiyini göstərib. Sonuncu dəfə rayonda qazıntı işləri 2001-ci ildə Tarix elimləri namizədi N. Müseyblinin rəhbərliyi ilə aparılıb. 1,5 m dərinlikdə aparılan tədqiqatlar zamanı salamat qalmış tikinti qalıqlarının bir hissəsi üzə çıxarılıb. Həmçinin Müslim adlı kənd sakini həyətyanı yaşayış sahəsində orta əsrlərə aid edilən məzar daşları tapıb. Salyan rayonunda yerləşən arxeloji abidələrdən biri də orta əsrlərə aid olan Bəndovan yaşayış yeridir. Onun qalıqları Bəndovan yaxınlığında və dənizdə aşkar edilmişdir. 1970-ci ildə sahildə və su altında aparılmış tədqiqatlar zamanı tikinti qalıqları, saxsı qablar, əmək alətləri, sikkələr aşkar edilib. Arxeoloji materiallar Bəndovanda 9-12-ci əsrlərdə yaşayış məskəni olduğunu güman etməyə imkan verir. Bundan əlavə Salyan rayonu Kürsəngi kəndi ərazisində də belə arxeoloji abidələr var. Kürsəngi kəndi yaxınlığında el arasında "qırmızı kərpicli" deyilən yaşayış yerinin xarabalığı mövcuddur.

Bundan əlavə rayon mərkəzindən 5 km məsafədə Azərbaycanın çox saylı palçıq vulkanlarından biri olan Babazanlı vulkanı yerləşir. Bu vulkandan püskürən palçığın müalicəvi xüsusiyyəti yerli sakinləri özünə cəlb edir. Avqust ayında Babazanlıda Arxelogiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədovun rəhbərliyi altında qazıntı işləri aparıldı. Nəticədə orada küp qəbirlər aşkar olundu. Bu küp qəbirlərin 3000 yaşı var. Bundan başqa rayon ərazisində 19-cu əsrə aid dövlət tərəfindən mühafizə edilən "Cümə" məscidi də var. Cümə məscidi 1865-ci ildə usta kərbalayi Əli Əkbər tərəfindən tikilib. Rayona turist kimi gələnlərin sayı artmaqdadır. Bununla yanaşı, digər sahələrdə də dinamik tərəqqi müşahidə olunur.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.