news Image
2013.03.13
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Sabirabadda dinamik tərəqqinin möhkəm özülləri yaradılır Bu gün sürətli inkişaf dinamikasına görə fərqlənən regionlar sırasında Sabirabad əldə etdiyi nailiyyətlərlə seçilənlər sırasında yer alır. Regionların inkişafına dair müvafiq dövlət proqramları və digər tədbirlər burada uğurla reallaşdırılır və möhtəşəm nəticələrin əldə olunmasına gətirib çıxarır. Ötən ilin sosial-iqtisadi yekunları da qeyd edilənlərin real təsdiqi kimi çıxış edir. Belə ki, ötən il rayonda iqtisadiyyatın bütün sahələrində 2011-ci illə müqayisədə nəticələr yüksəlib.
Hesabat dövründə istehsal olunan ümumi məhsulun həcmi 313 milyon 599 min manat olub. Bu da 2011-ci ilə nisbətən 10,5 faiz çoxdur. 2012-ci ildə 4 milyon 740 min manatlıq sənaye, 150 milyon 659 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Əhaliyə 557 min manatlıq poçt, rabitə, 36 milyon 716 min manatlıq pullu xidmətlər göstərilib. Əsas kapitala 104 milyon 773 min manat investisiya yönəldilib. Bu, əvvəlki illə müqayisədə 21 milyon 79 min manat çoxdur. Adambaşına düşən pul gəlirləri də əvvəlki ildəkindən xeyli artıq olub. 2012-ci ildə rayonda 13 yeni müəssisə yaradılıb, 553 yeni iş yeri açılıb.
Ötən il rayonda gedən abadlıq və quruculuq işləri sürətlə davam etdirilərək şəhərin Heydər Əliyev prospektində və 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binalarının fasad hissələri, pəncərələri və dam örtükləri müasir üslubda yenidən qurulub, prospekt boyu istinad divarları plitələrlə üzlənib. Heydər Əliyev prospektində yerləşən 15 və 17 saylı beşmərtəbəli yaşayış binalarının həyətində uşaqlar üçün əyləncə parkı salınıb.
Onu da qeyd edək ki, ötən ilin noyabrında Heydər Əliyevin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçrilib. Mərkəzin tikinti sahəsi 1220 kvadratmetr, ümumi sahəsi 3600 kvadratmetrdır. Yeni binanın foyesində Ulu öndərin büstü qoyulacaq, burada onun həyat və fəaliyyətini əks etdirən muzey, 250 yerlik konfrans zalı, elektron kitabxana, 9 müxtəlif təyinatlı dərnəklər üçün otaqlar, o cümlədən iş və xidmət otaqları nəzərdə tutulmuşdur. Ümumilikdə Park yenidən qurulacaqdır. Mərkəz Umummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində istifadəyə veriləcək. Onu da bildirək ki, torpaq islahatının aparılması nəticəsində rayonda 23 min 763 ailəyə 45 min 236 hektar torpaq payı verilib. İstehsal olunan kənd təsərrüfatı məhsullarının hamısı özəl sektorun payına düşür. Hazırda rayonda 114 kənd təsərrüfatı və xidmət təşkilatı fəaliyyət göstərir ki, bunun da 77-si kənd təsərrüfatı müəssisəsi, 4-ü kooperativ, 73-ü özəl, 37-si xidmət təşkilatı, 31-i fərdi sahibkardır.
Ötən il taxıl əkini sahələri və məhsul istehsalı da artıb. Hesabat ilində 67 min 670 ton taxıl, 4.053 ton pambıq, 14 min 245 ton kartof, 43 min 215 ton tərəvəz, 15 min 317 ton meyvə, 54 min 375 ton bostan məhsulları, 1.973 ton qarğıdalı istehsal edilib. Bütün bu göstəricilər əvvəlki illə müqayisədə çox olub. 2012-ci ildə heyvandarlıq inkişaf etdirilib, mal-qaranın sayında artım olub, ət, süd, yun, yumurta istehsalında xeyli artım qeydə alınıb. Ötən il 3.413 abonentə təbii qaz verilib. Bu sırada kəndlər də xüsusi yer alır. Ötən ilin sonlarında Sabirabad rayonunun Ulacalı kəndinə təbii qazın verilməsini buna misal göstərmək olar.
Rayonda subasmaya məruz qalmış kəndlər, o cümlədən Ulacalı kənd ərazi vahidliyini əhatə edən Ulacalı, Mürsəlli, Şıxlar 50 evdən ibarət ən müasir infrastrukturu olan qəsəbə salınıb, 301 möhkəm özüllü ev tikilib. Üç məktəb ən müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub, iki tibb müəssisəsi tikilib, sakinlərə ziyana görə 3,4 milyon manata yaxın kompensasiya ödənilib. Bu gün isə kəndə təbii qaz verilir, 866 ailəyə istilik, hərarət bəxş olunur. Bu iş cari ildə də davam etdirilir.
Ölkədə içməli su və kanalizasiya layihələrinin icrası istiqamətində qlobal layihələr həyata keçirilir. 2012-ci ildə rayonun Xankeçən, Poladtuğay, Bulaqlı, Qaratuğay və Şıx Salahlı kəndlərində modul tipli sudurulducu qurğu inşa edilərək əhalinin istifadəsinə verilib. Ümumilikdə rayonun 24 kəndində sudurulducu qurğu quraşdırılıb. Ötən ilin iyununda isə Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib. Rayonda yenidənqurma işləri Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçirilir. Azərbaycan Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması, nəticədə istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacağı nəzərdə tutulur. Sabirabad şəhəri və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Kür Sutəmizləyici Qurğular Kompleksindən çəkiləcək yeni magistral kəmərlə rayona saniyədə 118 litr su ötürüləcək. Halbuki hazırda Sabirabad sakinlərinə içməli su Kür çayından götürülərək, qismən təmizlənib verilir. Layihənin icrası nəticəsində sakinlər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq, şəhərin kanalizasiya infrastrukturu tamamilə yenidən qurulacaq.
"Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi Sabirabad şəhərində 34423, Qalaqayın, Suqovuşan, Qəfərli, Əsədli, Bulaqlı, Balakənd kəndlərində isə 14352 nəfər olmaqla ümumilikdə 48775 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksəksıxlıqlı polietilen borulardan 79,8 km uzunluğunda içməli su və 87 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 300-dən artıq yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 5400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranacaq çirkab suları kənarlaşdırarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotunel qazılacaq, məhsuldarlığı sutkada 10500 kubmetr olan çirkab sutəmizləyici qurğu da inşa olunacaq. Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tenderin nəticələrinə əsasən tikinti işlərini Türkiyə-Azərbaycan konsorsiumu - "Koroğlu-Art-Akkord" həyata keçirir.
Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsində yenidənqurma və əsaslı təmir işləri davam etdirilir və cari ildə bu işlər başa çatdırılacaq. Təhsil sahəsində də müəyyən uğurlara imza atılıb. Ötən il rayonun ən böyük təhsil müəssisələrindən olan Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin əsaslı təmir edilməsi, Eynulla Nadirov adına 8 saylı şəhər tam orta məktəbinin, Yuxarı Axtaçı və Nərimankənd tam orta məktəblərinin yeni binalarının tikilərək dərs ilində şagirdlərin istifadəsinə verilməsi bu fonda xüsusi qeyd olunmalıdır. Dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğısının təzahürü olaraq ölkəmizin bütün bölgələrində yeni tədris ocaqlarının tikilməsi məlum həqiqətdir və bu qayğıdan Sabirabada da böyük töhfə düşür.
Məlumat üçün qeyd edək ki, Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbi 1979-cu il sentyabrın 1-də istifadəyə verilib. Ulu öndər Heydər Əliyev məktəbin açılışında iştirak edib, 16 sentyabr 1999-cu ildə 20 illik yubiley münasibətilə məktəbin kollektinə təbrik məktubu göndərib. Bərpa-gücləndirmə və əsaslı təmir işləri görülmüş, bütün zəruri avadanlıqlarla təchiz edilmiş məktəb 1176 şagird yerlikdir, 65 sinif otağından və 3 laboratoriyadan ibarətdir. Məktəbə 35 kompüter dəsti verilib, süni örtüklü stadion tikilib.
Eynulla Nadirov adına 8 saylı şəhər tam orta məktəbinin əvvəlki binası 1962-ci ildə tikilib, 250 şagird yerlik olmuşdu. Təhsil Nazirliyinin vəsaiti ilə inşa olunan 3 mərtəbəli yeni məktəb binası 480 şagird yerlikdir, bütün avadanlıqlarla təchiz edilib. 23 sinif otağı və 2 laboratoriyadan ibarətdir. Məktəbə 15 kompüter dəsti verilib. Nərimankənd tam orta məktəbinin 180 şagird yerlik əvvəlki binası 1940-cı ildə tikilib. Təhsil Nazirliyinin vəsaiti ilə inşa olunan 2 mərtəbəli yeni məktəb binası isə 480 şagird yerlikdir, bütün avadanlıqlarla təchiz edilib.
Yuxarı Axtaçı kənd tam orta məktəbinin əvvəlki binası 1970-ci ildə tikilib, 228 şagird yerlik olmuşdu. Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunan 2 mərtəbəli yeni məktəb binası 250 şagird yerlikdir. 12 sinif otağı, 2 laboratoriyadan ibarətdir. Məktəbə 9 kompüter dəsti verilib.
Yeri gəlmişkən, məktəblər yeni avadanlıqlarla təchiz edilib, laboratoriyalar müasirləşdirilib, istilik sistemi ilə təmin olunub. İdman zallarına bütün zəruri avadanlıqlar verilib.
Səhiyyə xidmətinin yaxşılaşdırılması ilə bağlı da ötən il rayonda müəyyən tədbirlər həyata keçirilib. Nəqliyyat, mədəniyyət, turizm və idman sahəsində də vəziyyət qənaətbəxşdir. Ümumiyyətlə, rayonda əksər sahələr üzrə dinamik tərəqqi yaşanır və bu, qarşıdakı dövrdə daha böyük uğurlara imza atılmasını şərtləndirir.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.