Əlaqə Arxiv
news Image
2017.12.29
13:15
| A A A
Oturaq həyat tərzi erkən yaşlarda infarktın yaranmasına səbəb ola bilər

Hazırda dünyada olduğu kimi Azərbaycanda da ürək patologiyaları ümumi xəstəliklər içində həm rast gəlmə tezliyinə, həm də yarada biləcəyi fəsadlara görə birinci yerdədir. Ürək-damar xəstəlikləri geniş spektri əhatə edir. Bura ürəyin tac damarlarının və ürək qapaqlarının xəstəlikləri, arterial hipertenziya nəticəsində əmələ gələn ürək problemləri, ürək çatışmazlığı və bir sıra digər səbəblərdən əmələ gələn damar xəstəlikləri daxildir. Ani ölümlərin də başlıca səbəbi əsasən damar xəstəlikləri göstərilir. Bu, əvvəlcədən ürək xəstəliyi olanlarda görüldüyü kimi, şikayəti olmayanlarda da baş verə bilər.

Movqe.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinikanın kardioloqu Oqtay Musayev bildirib.

- Dünyada ən geniş yayılmış ürək xəstəlikləri hansılardır?

- Hazırda mövcud ürək-damar xəstəlikləri arasında ən aktual olanı ürəyin işemik xəstəliyidir. Bu, ürəyin tac damarlarının tutulması, daralması nəticəsində yaranan xəstəliklər qrupudur ki, ən sadəsinə qidalanma çatışmazlıqları dediyimiz stenokardiyalar, ən ağırına isə miokard infarktı daxildir.

- Ürəyin işemik xəstəliyinin əmələ gəlmə səbəbləri hansılardır?

- Bu xəstəliyin risk faktorları (səbəblər) "dəyişdiriləbilinən" və "dəyişdirəbilinməyən" olaraq iki qrupa bölünür. "Dəyişdiriləbilinməyən"lər artıq doğuşdan insanın alın yazısı kimi onun həyatına daxil olur. Bu halda yaş artdıqca xəstəlik daha da inkişaf edərək kəskinləşir. Kişi cinsinə mənsub olmaq da xəstəliyin əsas risk faktorlarındandır. Belə ki, qadınlara nisbətən kişilər bu xəstəliklərdən daha çox əziyyət çəkir. Xəstəliyin yaranma səbəbləri arasında genetik meyillilik də böyük rol oynayır. Təəssüflə demək istərdim ki, bu, üç halda heç bir qoruyucu-profilaktik tədbirlərlə xəstəliyin qarşısını almaq mümkün olmur.

Digərləri isə "dəyişdiriləbilinən" risk faktorlarıdır. Bunlara şəkərli diabet, arterial hipertoniya, siqaretdən istifadə, piylənmə və xolesterin yüksəkliyi daxildir. Bütün bu faktorları rahatlıqla kontrol altına alaraq ürək damarlarında daralma və tutulma əmələ gəlməsinin qarşısını almaq mümkündür. Bu gün dünyada risk faktorlarına qarşı geniş mübarizə aparılır və onların kontrol altına alınması ilə işemik xəstəliklərin yayılmasının qarşısı alınır.

- Yaş faktorunun xəstəliyin yaranma riskləri arasında olduğunu qeyd etdiniz. Ümumiyyətlə neçə yaşdan sonra olan insanlar bu risk qrupuna aid edilir?

- 40 yaşdan yuxarı kişilər və 50 yaşdan yuxarı, klimaks dövrünə girmiş qadınlar bu risk qrupuna daxildir. Lakin burada yalnız yaş rol oynamır. Hər 40 yaşını keçmiş insanı bura aid etmək düzgün deyil. Siqaret çəkən, arterial hipertenziyası (qan təzyiqinin yüksəkliyi), şəkərli diabeti, ailəsində ürək xəstəlikləri olan və qanda xolesterini yüksək insanlar da bu nisbətən daha yüksəkdir. Belə ki, bütün bu sadalananlar ürəyin tac damarlarının daralmasına səbəb olan amillərdir. Onu da qeyd edim ki, son zamanlar xəstəliyin cavanlaşması qeyd edilir. Belə ki, 20-30 yaşlı insanlarda artıq bu xəstəlik daha çox görülməyə başlayıb. Bu, "gənc infarktlar"ın yaranmasında təbii ki, genetik faktorlar əsas yer tutur. Lakin hazırda gənclərin erkən yaşda siqaret çəkmələri, yağlı və xolesterinli qidalarla qidalanmaları, daha çox oturaq həyat tərzi keçirmələri irsi meyillilik və genetik faktorlarla birlikdə erkən yaşlarda infarktların yaranmasına səbəb olmaqdadır .

 

Kişilərin qadınlara nisbətən ürək damar sistemi xəstəlikləri riskinin daha yüksək olduğunu qeyd etdik. Lakin qadınların 60 yaş və ya klimaks dövrü çatmaları ilə bu nisbət bərabərləşir.

- Xəstəliyin kişilərdə daha çox olmasının əsas səbəbi nədir?

- Qadınlardan fərqli olaraq kişilərdə orqanizmdə qoruyucu rol oynayan estrogen hormonu ifraz olunmur və bu da başlıca səbəbdir. Bu hormon əsasən ateroskleroza qarşı qoruyucu mövqe tutur. Lakin qeyd etdiyim kimi qadınlar klimaks dövrünə girdikdən sonra onların da orqanizmində adı keçən hormonun ifrazının dayanması bu risk faizini bərabərləşdirir.

- Xəstəliyin anadangəlmə hansısa bir qüsurun fəsadı olma ehtimalı varmı?

- Anadangəlmə qüsurlar adətən uşaq yaşlarında özünü büruzə verir və bunların ürək-damar xəstəlikləri ilə bir əlaqəsi olmur. Daha çox qapaqlarda və yaxud ürək boşluqları, ürək damarları arasında meydana çıxır. Bunların arasında tək damar xəstəliyi ürəyin tac damarları arasında anadangəlmə anomaliyalar-tərs çıxışların olmasıdır ki, bu da ürəyin tac damarlarının anomaliyaları adlanan-damarın normal yerdən deyil anotomik tərs istiqamətdən çıxmasıdır. Bu, bəzi hallarda miokard infarktına səbəb ola bilər. Lakin insanlar arasında, ümumilikdə götürdükdə bu hallar çox nadir rast gəlinir.

- Ürək-damar xəstəliklərini ilk mərhələdə bəlli edən faktorlar hansılardır?

- Ümumiyyətlə yaşı 40-dan yuxarı şəxslər, zərərli vərdişləri, genetik ürək xəstəlikləri olanlar, oturaq həyat tərzi keçirənlərin ildə bir dəfə kardioloji müayinədən keçmələri mütləqdir.

Bundan əlavə risk faktorunun olub-olmamasından asılı olmayaraq sinəsində yandırıcı, göynədici xarakterli ağrı, təngnəfəslik, ürək sıxıntısı kimi hisslər olduqda həkimə müraciət etmək vacibdir. Sinədə olan göynəmənin hər iki qola yayılması, həddindən artıq tərləmə hallarının meydana çıxması və bu şikayətlərin oturaq vəziyyətdə və ya uzun müddət davam etməsi hallarında artıq miokard infarktından şübhələnmək lazımdır. Bu zaman isə təxirə salınmadan, təcili yardım çağıraraq xəstəxanaya müraciət edilməlidir.

Sizin Reklam Yeriniz