Əlaqə Arxiv
news Image
2013.03.21
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Ağdaş sosial-iqtisadi inkişafında daha böyük uğurlara imza atır Dinamik intibahı getdikcə daha böyük sürət alan müasir Azərbaycan əldə etdiyi nailiyyətlər hesabına bu gün dünya miqyasında uğurlu bir inkişaf modelinin müəllifi kimi də yaxşı tanınır. Paralel islahatlar konsepsiyasına əsaslanan bu modelin xarakterik xüsusiyyətlərindən biri də inkişafın proporsional xarakter daşıması, paytaxt və regionların dinamik tərəqqisini özündə ehtiva etməsidir.
Məhz bunun real təsdiqidir ki, Azərbaycanın ən ucqar rayonları belə özünün intibah dövrünü yaşayır. Həmin rayonlardan biri də Ağdaş rayonudur.
Məlumat üçün bildirək ki, Ağdaş rayonunun iqtisadiyyatını sənaye və kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Rayonda sənaye məhsulu istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisi, qaz, su, istilik enerjisinin emalı ilə yanaşı çörək, çörək-bulka, müxtəlif şirniyyatlar, sərinləşdirici içkilər, meyvə şirəsi, şokolad, karamel, qatılaşdırılmış süd, dondurma, mebel, kərpic, qum-çınqıl və sair istehsal olunur.
Bütünlükdə respublikamız üçün uğurlu keçən 2012-ci il isə Ağdaş rayonunun sosial iqtisadi və mədəni həyatında da yadda qalan hadisə və işlərlə əlamətdardır. Rayonda "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2012-ci ildə xeyli abadlıq və quruculuq işləri görülüb. Bununla yanaşı, keçən il rayonda 264,5 milyon manatlıq - 2011-ci ildəkindən 17,1 milyon manat və ya 7,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bunun 7 milyon 24 min manatlığı sənaye, 126 milyon 119 min manatlığı kənd təsərrüfatı məhsuludur. Bu dövrdə rayonda aparılan tikinti işlərinin həcmi 10,1 faiz və ya 5,5 milyon manat artaraq 59,8 milyon manat təşkil edib. 2012-ci ildə 831-i daimi olmaqla 2 min 106 yeni iş yeri açılıb. Ümumiyyətlə, 2003-2012-ci illər ərzində rayonda 6 min 576-sı daimi olmaqla, 17 min 744 yeni iş yeri yaradılıb.
Ötən il rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində ardıcıl tədbirlər görülüb. 15908 hektardan 42 min 259 ton taxıl istehsal olunub. 4369 hektardan 67 min 214 ton tərəvəz, 1320 hektardan 8562 ton qarğıdalı, 1186 hektardan 17 min 429 ton kartof, 1525 hektardan 23 min tondan artıq bostan məhsulları götürülüb. Bitkiçilik məhsulları istehsalının artırılması üçün 2012-ci ildə aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 847 ton mineral gübrə satılıb.
Rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin, xüsusi ilə yonca, qarğıdalı, arpa əkini sahələrinin genişləndirilməsi və naxırın cins tərkibinin yaxşılaşdırılması ön plana çəkilib. İl ərzində rayonda iri malın sayı 985 baş artaraq 77 min 200-ə, xırda malın sayı isə 2075 baş artaraq 94 min 562-yə çatıb. Bakı şəhərində təşkil edilən satış-yarmarkalarına 111 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları göndərilib. Rayonun Ərəbocağı kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin və 80 başlıq atyetişdirmə məntəqəsinin tikintisi davam edir.
Rayonda elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq məqsədilə təmir işləri davam etdirilib. 20,6 km uzunluğunda 10 və 0,4 kv-luq elektrik xətti əsaslı, 49,3 km uzunluğunda 10 və 0.4 kv-luq elektrik xətti isə cari təmir olunub. Rayonun Kükəl kəndi ərazisində tikintisinə 2010-cu ildə başlanılıb. 220/110 kv-luq 2x180 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasında inşaat işləri davam etdirilir. Təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə təmir-bərpa işləri davam etdirilib. Ağdaş şəhərinin və Ləki qəsəbəsinin müxtəlif küçələrində 39 min 838 metr uzunluğunda köhnə qaz xətləri yenisi ilə əvəz olunub, Güvəkənd, Əmirarx, Bəylik, Pirəyir və Tofiqi kəndlərində qaz xətlərinin çəkilişi aparılıb. "Şəmsabad" qazpaylayıcı stansiyasından Ağdaş şəhərinə gələn xəttin 4150 metr hissəsi yeraltı polietilen boru, 341 metr hissəsi isə polad boru vasitəsilə yenidən çəkilib. Rayonda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülüb. 2012-ci ilin iyun ayında rayonda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kredit yarmarkası keçirilib və 10 sahibkara 140 min manat güzəştli kredit verilib. İl ərzində rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün 13 milyon 843 min manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 13 sahibkara 995 min manat həcmində kredit verilib. Sahibkarların vəsaiti ilə 50-yə yaxın xidmət obyekti istifadəyə verilib. 2012-ci ildə əhaliyə göstərilən təhsil, səhiyyə və mədəniyyət xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Son illər dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 9 yeni məktəb tikilib. 7 məktəbdə əlavə sinif otaqları inşa edilib, 7 ümumtəhsil məktəbi əsaslı təmir olunmaqla bu təhsil müəssisələrində 7 min nəfərə yaxın şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Ötən il tam gücü ilə fəaliyyətə başlayan 100 çarpayılıq yeni xəstəxana binasında əhaliyə müasir səviyyədə tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Burada ilk dəfə olaraq hemodializ şöbəsi açılmaqla 48 xəstəyə dializ seansı qəbul etmək üçün şərait yaradılıb.
Ağdaş şəhərində yeni inzibati mərkəzin yaradılması istiqamətində iş aparılır. Yeni inzibati mərkəzdə Bayraq meydanının, həmçinin Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, eləcə də Dövlət Yanğından Mühafizə Hissəsi üçün inzibati binalarının tikintisinə başlanılmışdır. Rayonda beton zavodu, kərpic və dam örtüyü materialları istehsalı müəssisəsi inşa olunur. 4 istiqamətdən girişdə rayonun adını göstərən memarlıq nümunələrinin tikintisi başa çatdırılıb. Rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında abadlıq-quruculuq işləri davam etdirilir. Ağdaş şəhərinin Heydər Əliyev parkı ərazisində yenidənqurma işlərinə başlanılıb. Parkın ümumi görkəmi dəyişdirilir, əhalinin hər bir təbəqəsinin istirahəti üçün münasib şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin "Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2011-ci il 1 noyabr tarixli sərəncamı ilə Ağdaş rayon İcra Hakimiyyətinə ayrılmış 2 milyon manat vəsait hesabına Heydər Əliyev prospektində, "Heydər xiyabanı"nda və Azadlıq meydanında tikinti-quruculuq və abadlıq işləri həyata keçirilib.
Bir sözlə, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağdaş rayonunda da inkişaf yüksək səviyyədə gedir. Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq 2013-cü ildə rayon ərazisində 90 min ədəd ağac əkilməsi təşəbbüsü irəli sürülüb. Ağac əkiləcək ərazilər plan üzrə idarə və təşkilatlar arasında bölünüb. Ağdaş şəhərində və kəndlərdə hər həftənin şənbə və bazar günlərində keçirilən iməciliklərdə idarə, müəssisə və təşkilatlardan, mədəniyyət, təhsil və səhiyyə ocaqlarından minlərlə adam iştirak edir. Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları ağacların əkilməsi, qulluq edilməsi barədə iməcilik iştirakçılarını məlumatlandırırlar. Kiçik ağacların suvarılması və küləkdən qorunması üçün də tədbirlər görülür.
Bu günədək Ağdaş şəhərində küçə kənarlarına, park və bağlara, sosial obyektlərin ətrafına, kəndlərdə yolların kənarına, ümumilikdə 40 min ədəd müxtəlif növ ağac və gül kolu əkilib. İməciliklər zamanı rayon ərazisindən keçən Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarının kənarlarında da təmizlik-abadlıq işləri görülür, yaşıllıq zolağı salınır. İlin sonunadək rayonda daha 50 min ağacın əkilməsi nəzərdə tutulur.
Ağac əkini kampaniyası zamanı Ağdaş meşələrin mühafizəsi və bərpası müəssisəsinin 7 hektar ərazisi olan tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunur. Ağdaş rayonunda meşələrin mühafizəsi, yeni meşələrin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir. Havanın əlverişli keçməsi rayonda bu ilin planı üzrə yeni mədəni meşələrin salınması işlərinə başlanıb. Əsasən şam, qovaq, akasiya və iydə ağaclarından ibarət on minlərlə ağac hesabına Kür çayının kənarındakı Tuqay meşələri daha da genişləndirilib. Ağdaş, Göyçay və Ucar rayonlarında yerləşən 7.500 hektar meşə sahəsini əhatə edən Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin nəzdində böyük tingçilik təsərrüfatı da fəaliyyət göstərir. Orada yetişdirilən 700 min ədəd ağac tingindən meşəliklərin salınmasında, eləcə də, həmin rayonlarda təşkil edilən ağacəkmə aksiyalarında geniş istifadə olunur.
Yazlıq bitkilərin əkini ilə bağlı Ağdaşın kəndlərində işlərin qızğın çağıdır. Hazırda kəndlərdə meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün torpaq sahələri şumlanaraq əkinə hazırlanır. Kəndlərdə quraşdırılan istixanalarda pomidor və xiyar şitilləri yetişdirilir, kartof və kələm əkini, yonca səpini davam etdirilir, yeni meyvə bağları salınır.
Həmçinin, yaz-yay fəsillərində əkin sahələrinin suvarma suyuna olan tələbatının normal ödənilməsi üçün arxlar lil və çöküntülərdən təmizlənir. Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin maşın və mexanizmləri hazırda 7 kəndin suvarma arxının yenidən qazılmasına cəlb olunub. Ötən iki ayda 20 kilometrdən çox arx lildən təmizlənib. Bundan əlavə ayrı-ayrı kəndlərin bələdiyyələri yerli əhalinin iştirakı ilə iməciliklər keçirməklə fərdi həyətyanı sahələrdən və pay torpaqlarından keçən daxili arxların əl əməyi ilə qazılmasını təmin edirlər. Digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.
Sizin Reklam Yeriniz