Əlaqə Arxiv
news Image
2013.03.21
08:39
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Dinamik inkişaf Ucar rayonunda da özünü qabarıq büruzə verir Modern tərəqqi yolunda dinamik inkişafını yeni nailiyyətlər qazanmaqla daha böyük müvəffəqiyyətlə davam etdirən Azərbaycan bu gün regionlarının tərəqqi səviyyəsinə görə də seçilənlər sırasında yer alır. Regionların yüksək templər əsasında inkişaf etməsində isə bu məqsədlə həyata keçrilən dövlət proqramları, həmçinin dövlət başçısı tərəfindən verilən çoxsaylı fərman və sərəncamlar mühüm rol oynayır. Qeyd olunanların bariz nümunəsini Ucar rayonunun timsalında da görmək mümkündür.
Məlumat üçün bildirək ki, rayonda iqtisadiyyatın emal sənayesi, quşçuluq sənayesi inkişaf edib. Tikinti təşkilatlarının fəaliyyəti genişləndirilib.Əhaliyə telefon rabitəsi xidmətinin yaxşılaşdırılması məqsədilə elektronlaşma reallaşdırılıb. İnternet istifadəçilərinin sayı artan xətt üzrə inkişaf edir.Yol nəqliyyat infrasturukturu təkmilləşdirilir, iqtisadiyyatın əsasını təşkil edən sahələr əsasən kənd təsərrüfatı sahəsi dinamik şəkildə tərəqqi edir.Ölkə iqtisadiyyatında həyata keçirilən iqtisadi islahatlar regionların sosial iqtisadi inkişafı istiqamətində görülən tədbirlər, sahibkarlığın inkişafı sahəsində aparılan işlər Ucar rayonuna da öz müsbət təsirini göstərir. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı üstünlük təşkil edir. Kənd təsərrüfatı sahələrində isə heyvandarlıq və taxılçılıq daha çox inkişaf edib. Bununla yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal olunur. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi ümumi ərazinin 45 faizini təşkil edir. "Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər)" üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə uğurla həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə satış yarmarkalarının təşkil edilməsi, sahibkarlığın inkişafına Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi təsərrüfatlarda əkinə marağı daha da artırır.
Ötən ilin sosial-iqtisadi yekunları da uğurlu nəticələrdən xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlara uyğun olaraq ötən il rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, maddi-rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Tikinti-abadlıq və quruculuq işləri xüsusilə geniş vüsət alıb. Dövləti başçısının 2011-ci il 1 noyabr tarixli "Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, Prezidentin ehtiyat fondundan ayrılan 2 milyon manat vəsait məhz bu sahədə xeyli əlavə işlərin görülməsinə imkan verib. Ucar sakinlərinin minnətdarlıqla qarşıladığı bu Sərəncamla ayrılmış vəsaitin 1,3 milyon manatı şəhərdaxili yolların asfaltlaşdırılmasına, 0,7 milyon manatı ictimai yaşayış binalarının, habelə 22 fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsinə, Heydər Əliyev prospektində və 4 küçədə yerləşən ictimai binaların həyətinin abadlaşdırılmasına sərf olunub.
Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan tikinti kompleksi iqtisadiyyatın başqa sahələri kimi inkişaf etməkdədir. Dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı işlərin müxtəlif infrastruktur layihələrin nəticəsi olaraq son dövrlərdə dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar qeyri-dövlət mülkiyyətində olan təşkilatlara nisbətən inşaat işlərinə daha çox vəsait qoyublar. Ötən il Ucar şəhərində bayraq meydanının inşası başa çatdırılıb, Heydər Əliyev prospektində 250 nəfərlik mərasim evi tikilib, 50-dən artıq ticarət və xidmət obyekti istifadəyə verilib. Şəhidlər xiyabanında təmir işləri aparılıb, küçə və səkilərdə yenidənqurma işləri həyata keçirilib. Həmçinin rayonda yeni təhsil, səhiyyə obyektləri tikilib istifadəyə verilib. Hazırda Ucar rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Məsələn, elə bir neçə gün əvvəl inşasına ötən il başlanılmış 220 şagird yerlik Bərgüşad kənd 2 saylı və 180 şagird yerlik Xələc kənd tam orta məktəblərinin tikintisi artıq başa çatdırılıb.
Müasir standartlar səviyyəsində inşa olunan məktəb binalarında təhsilin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılıb. Hər iki bina istilik sistemləri ilə də təchiz edilib. 118 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Ötən il Ucar şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına da başlanılıb. Rayonda yeni daşıyıcı qaz kəmərləri də çəkilib. Novruz bayramı ərəfəsində Ucar rayonunun Çiyni kənd yaşayış məntəqəsinə təbii qaz verilib. Rayon mərkəzindən 8 kilometr məsafədə olan Çiyni kəndinin 907 nəfər əhalisi vardır. Təbii qazın verilməsi sakinlərə ikiqat bayram sevinci yaşadıb. Yaxın vaxtlarda Qazyan kəndinə, habelə Qarabörk kəndinin bir hissəsinə də mavi yanacaq veriləcək. Qazıqumlaq, Məlikballı və Xələc kəndlərində 1500 nəfərə yaxın abonent mavi yanacaqla təmin olunub. Hesabat ilində isə rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda dinamik inkişaf təmin edilib. Ötən il 11971 hektar taxıl sahəsindən 25679 ton, inişilkindən 961 ton çox taxıl götürülüb. Taxıl, bostan-tərəvəz, pambıq istehsalı da 2011-ci illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Rayonda mal-qaranın baş sayı 1700 baş artaraq 112813 başa çatıb. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 833 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb, 617 baş cins bala alınıb. Azərbaycan Prezidentinin kənd təsərrüfatı məhsulları istehlakçılarına dövlət dəstəyi ilə bağlı Sərəncamına uyğun olaraq 7751 nəfər istehlakçıya 21825,4 hektar sahə üçün 873016 manat yardım verilib. Hesabat dövründə fermerlər və torpaq mülkiyyətçiləri 417 hektar sahədən 538 ton pambıq toplayıblar. Bu ötənilki göstəricidən 28 ton çoxdur. Qeyd edək ki, pambıqçılıq Ucarda ənənəvi təsərrüfat sahəsidir və dövlət tərəfindən dəstəklənən bu sahənin sürətli inkişafı üçün rayonda böyük potensial vardır. Mütəxəssislər bunu pambığın satınalma qiymətinin artırılması ilə yanaşı məhsulun yetişdirilməsində və yığılmasında müasir texnologiyalarının tətbiqində görürlər.
Hesabat yığıncağında əhalinin elektrik enerjisi, içməli su və təbii qazla təminatı, rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər də qənaətbəxş olub. Məsələn, "Ucar" Elektrik Şəbəkə (EŞ) Müəssisəsində aparılan yeniləşdirmə tədbirləri çərçivəsində beton dayaqlar dəyişdirilir, naqillər təzələnir, yüksək keyfiyyətli transformatorlar quraşdırılır. Ötən ilin son üç ayı ərzində müəssisənin balansına aid olan 10 kilovoltluq xətlərin 2,4 kilometri təmir olunub, beş dayaq düzəldilib, naqillərin qabariti bərpa olunub. Eyni zamanda 0,4 kilovoltluq xətlərin 2,9 kilometri əsaslı və cari təmir olunub, 7 dayaq və eyni sayda travers quraşdırılıb. Qeyd edək ki, müəssisənin ərazisində 34 transformator məntəqəsində təmir işləri aparılıb, 33 transformatora yağ əlavə edilib.
Ümumiyyətlə, ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan müddəalar uğurla həyata keçirilib. 2012-ci ildə rayonda ümumi məhsul buraxılışı 6,4 faiz, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalının həcmi 8,8 faiz, tikinti-quraşdırma işlərinin həcmi 31,9 faiz, investisiya qoyuluşu 43,2 faiz artıb. Əhalinin pul gəliri 13,8 faiz çoxalıb. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 87 faiz təşkil edib. Ötən il rayonda 578 yeni iş yeri açılıb ki, bundan 494-ü daimidir.
Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur. Həmin Proqram çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir. Ötən ilin 29-31 oktyabrında isə növbəti yol qoyuluşu həyata keçirilib və Ucar-Əlikənd mənzilində 3 min 325 metr yol əsaslı təmir olunacaqdır. Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılıb. Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun təmiri müvafiq cədvələ uyğun olaraq həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.
Ümumiyyətlə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Ucar rayonunda da uğurla həyata keçirilir. Dövlət Proqramının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülüb, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib. Digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.
Sizin Reklam Yeriniz