news Image
2013.03.29
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Saatlının inkişafında yeni yüksəliş mərhələsi yaşanır Modern tərəqqi yolunda uğurla irəliləyən Azərbaycan sosial-iqtisadi inkişafında yeni nailiyyətlərə imza atmaqda, qazandığı uğurların miqyasını davamlı şəkildə genişləndirməkdədir. Bu hal ölkə regionlarında da özünü qabarıq büruzə verməkdədir. Qeyd edilənlərin real təsdiqini Saatlı rayonunun da timsalında görmək mümkündür.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində Saatlı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülüb, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilib, geniş miqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib. 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları da uğurlu nəticələrin real təsdiqidir.
Ötən il rayonda ümumi məhsul buraxılışının həcmi 15,9 faiz artaraq 208,9 milyon manat olub. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 74,2 faiz təşkil edib. Rayonda 790 yeni iş yeri açılıb. Bunun 460-sı daimidir. Azərbaycan Prezidentinin 2011-ci il 11 may tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 2 milyon manat vəsait hesabına Heydər Əliyev prospektində geniş həcmli abadlıq işləri görülüb, tarix-diyarşünaslıq muzeyi və rəsm qalereyası üçün birgə yeni binanın və şahmat məktəbinin, Gənclər mərkəzinin tikintisi başa çatdırılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlıda Şahmat Məktəbinin açılışında iştirak edib. Müasir memarlıq üslubunda tikilmiş məktəbin ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılıb. Saatlı şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda inşa olunan ikimərtəbəli binanın birinci mərtəbəsindəki foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idman ictimaiyyətinin nümayəndələri və Saatlı rayon sakinləri ilə görüşlərini əks etdirən fotoguşə, iki sinif otağı, yardımçı otaqlar, konfrans zalı yerləşir. Binanın ikinci mərtəbəsində şahmat yarışı zalı, müəllimlər və hakimlər otağı vardır. Yarış otağında eyni vaxtda 50 idmançı mübarizə apara bilər. Burada sensor monitorlar vasitəsilə beynəlxalq əhəmiyyətli yarışların gedişini izləmək və dərs proqramlarını öyrənmək mümkündür.
Onu da xatırladaq ki, ötən ilin oktyabrında Prezident İlham Əliyev Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak edib. Saatlı Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir. Heydər Əliyev parkının ərazisində tikilən, ümumi sahəsi 917 kvadratmetr olan bina xüsusi dizaynla inşa olunub. Binanın həyətində qədim dövrdə Saatlı ərazisində yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən bəhs edən guşələr qurulub. İkimərtəbəli binanın digər xüsusiyyəti isə burada Rəsm Qalereyasının yaradılmasıdır. Binanın ikinci mərtəbəsindəki qalereya bütün lazımi avadanlıqla təchiz olunub. Yeni bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərindən bəhs edən fotoguşələr yaradılıb.
Birinci mərtəbədə yerləşən Tarix-Diyarşünaslıq Muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələrindən ibarətdir. Arxeologiya bölməsində Saatlı ərazisində tapılan və eramızdan əvvəl III minilliyə aid müxtəlif məişət əşyaları nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən başlayaraq orta əsrlər dövrünədək istifadə olunan məişət əşyaları da sərgilənir. Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pullardan ibarət numizmatika guşəsi də böyük maraq doğurur. Muzeyin etnoqrafiya bölməsində XIX-XX əsrlərdə saatlılıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer alıb. Dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdə yaşayış tərzini əks etdirir. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir. İdeoloji bölmədə isə Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər və dövlətçiliyimizə həsr olunan filmlər nümayiş olunur. Muzeydə eksponatların bərpası və qorunması məqsədi ilə ayrıca fond-bərpa otaqları da yaradılıb. Binanın ikinci mərtəbəsində yerləşən Rəsm Qalereyasında geniş məkanda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Əsasən yerli rəssamların əsərlərinin sərgiləndiyi Rəsm Qalereyasında heykəltəraşlıq nümunələri də yer alıb. Qalereyada ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da vardır.Elə həmin gün Prezident İlham Əliyev Gənclər Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə dövlət vəsaiti hesabına tikilən mərkəz Heydər Əliyev parkına bitişik ərazidə mövcud olan köhnə və yararsız ikimərtəbəli binanın yerində inşa edilib. İkimərtəbəli Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlı rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılıb.
Mərkəzin birinci mərtəbəsində tikişçilik dərnəyi və kompyuter otaqları vardır. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki avadanlıqla təchiz olunub. Həm tir tüfəngləri, həm də pnevmatik silahlar vasitəsilə gənclərə hədəfi düzgün nişan almaq üçün lazer texnologiyasından geniş istifadə imkanları yaradılıb. Xüsusi kompüter qrafikası vasitəsilə müxtəlif ov səhnələrinin nümayişi də diqqət çəkən məqamlardandır. Burada musiqiyə marağı olan gənclər üçün karaoke otaqları da fəaliyyət göstərir.
Gənclər Mərkəzinin binasının ikinci mərtəbəsində rəssamlıq dərnəyi və rəqs studiyası yaradılıb. Virtual rinq otağında isə gənclərin bilik və bacarıqlarının nümayişi üçün müasir kompyuter guşəsi qurulub. Mərkəzdə müasir üslubda kafe də fəaliyyət göstərir. Konfrans və 200 nəfərlik iclas zallarında müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün də hər cür şərait vardır. Mərkəzə gələn gənclər elektron kitabxanada və linqvistika otağında informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri ilə tanış olmaq imkanına malikdirlər. Burada 3D formatlı filmlərin nümayişi üçün ayrıca kinozal da yaradılıb. Mərkəz Saatlı gənclərinin bilik və bacarıqlarının artırılmasında, onların asudə vaxtlarının daha səmərəli təşkilində mühüm rol oynayır.
Ötən il həm də Heydər Əliyev Mərkəzi yenidən qurulub, Olimpiya İdman Kompleksinin təməli qoyulub, 126 çarpayılıq mərkəzi rayon xəstəxanası, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindən keçən hissəsində qəzalı vəziyyətdə olan dəmir-beton körpü əsaslı təmirdən sonra istifadəyə verilib. Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı bölməsində işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaradıb.
Onu da bildirək ki, 2010-cu ildə baş vermiş təbii fəlakətlə əlaqədar vətəndaşlar üçün bu günədək ümumilikdə 533 yaşayış evi inşa olunub. Bu müddətdə 81 evdə bərpa-gücləndirmə aparılıb, 3 məktəb binası, Nərimankənd qonaq evi və həkim ambulatoriyası, 2 kənd məscidi əsaslı təmir olunub, 178 evdən ibarət yeni qəsəbə salınıb.
Dəymiş ziyanla bağlı 1191 ailəyə ümumilikdə 3 milyon 319 min 495 manat kompensasiya ödənilib. Saatlı Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində də istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə təmir işləri aparılıb. Cari ilin yanvar ayında ümumilikdə 11,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 9,7 milyon kilovat-saata yaxın, ödənişdə artım isə 5,2 faiz olub. Müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 58 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 239,8 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 14,4 min manata yaxın istehlak dəyəri bərpa edilib.
Su təchizatının yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Yeri gəlmişkən bildirək ki, ötən ay "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində Hacıqabul rayonu Talış kəndi ərazisində yerləşən Kür Sutəmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı rayonları üçün magistral su xəttinin tikintisi üzrə tender elan edib. Azərbaycan hökumətinin iştirak payı və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində tikiləcək magistral su xətti Saatlı və Sabirabad şəhərlərində və ətraf kəndlərdə istehlakçıların içməli su təchizatını yaxşılaşdıracaqdır.
Saatlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə ötən ilin oktyabrında dövlət başçısının müvafiq göstərişi ilə Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılması buraad sosial-iqtisadi tərəqqini daha dinamik hala gətirib. Rayonda bütün əsas sahələr üzrə sürətli inkişaf yaşanır.

Elşən BAYRAMOV
 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.