Əlaqə Arxiv
news Image
2019.04.10
10:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Vergi yükünün azaldılması özəl sektora ciddi dəstəkdir

Son illər ölkədə iqtisadi fəallığın artmasında həyata keçirilən vergi siyasəti və bu siyasətin əsas istiqamətlərindən biri olan vergi yükünün azaldılması mühüm rol oynayır. İqtisadi siyasətin əsas prioritetlərindən biri sahibkarlığı dəstəkləmək və sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq, özəl istehsal sahələrinin inkişafı üçün münbit şərait yaratmaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdən ibarətdir. 
Bu məqsədlə davamlı olaraq dövlət tərəfindən sahibkarlara müxtəlif vasitələrlə dəstək göstərilir, onlara əlverişlı fəaliyyət üçün geniş imkanlar yaradılır. Bu tədbirlərin əsas istiqamətlərindən biri sahibkarlıq sektoruna vergi güzəştlərinin tətbiqi ilə bağlıdır. Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» 20 oktyabr 2015-ci il tarixli Qanununun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi səlahiyyətləri çərçivəsində bir sıra ciddi tədbirlər həyata keçirir. Vergilər nazirinin 12 dekabr 2015-ci il tarixli əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq dayandırılıb.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermək öhdəliyi yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından, 2016-cı il yanvar ayının 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə ediblər. Bu isə həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, həm də vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artırıb.
Vergi Məcəlləsinə uyğun olaraq, vergi orqanları tərəfindən aparılan yoxlamalar kameral və səyyar qaydada həyata keçirilir. Son dövrlər vergi orqanları vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanlarına getmədən və onların fəaliyyətinə heç bir müdaxilə etmədən, distant təhlillərə əsaslanan kameral vergi yoxlamalarına daha çox üstünlük verirlər. Bu isə sahibkarların biznes fəaliyyətinə maneçilik törətmədən vergilərin hesablanmasında və dövlət büdcəsinə ödənilməsində vergi ödəyiciləri tərəfindən yol verilən nöqsanların ciddi hüquqi nəticələrə səbəb olmadan aradan qaldırılmasına, nəticə etibarilə büdcə daxilolmalarının artmasına müsbət təsirini göstərir. Kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicilərinə bildiriş göndərilərək, yerli vergi orqanlarına dəvət olunur və vergi ödəyiciləri tərəfindən təqdim edilən təsdiqedici sənədlər onların özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılır.
Vergi Məcəlləsinin 3.10.-cu maddəsinin tələblərinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğundan, habelə Məcəllənin 3.11.-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edildiyindən, bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğvi ilə nəticələnir.
Ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları azaldılıb, vergi ödəyilərinin kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib. Bu, son illərdə sahibkarlara edilmiş ilk ciddi güzəşt deyil. Xatırladaq ki, «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında» Qanuna edilmiş müvafiq dəyişikliklərlə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarın 1-dən etibarən daha 5 il müddətinə bir sıra vergiləri ödəməkdən azad ediliblər.
Güzəştlər kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərə aid olunmur. Başqa sözlə, həmin güzəştlər, misal üçün, süd məhsulları və yem istehsalı, balıq, pendir, qurudulmuş meyvə, ət satışı ilə məşğul olan müəssisələrə şamil edilmir. Statistika Komitəsinin təsnifatına əsasən, süd kənd təsərrüfatı məhsullarına, süd məhsulları isə emal sənayesi məhsullarına aid edilir.
İqtisadçı ekspertlərin fikrincə, qanunun qəbulunda məqsəd kənd təsərrüfatı məhsullarının istehsal maya dəyəri xərclərinin və qiymətlərinin aşağı salınmasına, məhsul bolluğunun yaradılmasına nail olmaqdır. Hesablamalara əsasən, 2003-2015-cü illərdə kənd təsərrüfatı istehsalçılarına edilən vergi güzəştlərinin məbləği 3 milyard manata yaxındır. Kənd təsərrüfatı müəyyən bir inkişaf səviyyəsinə çatanadək bu güzəştlərin tətbiqi məqbul sayılır. Güzəştlərin növbəti dəfə uzadılması kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına hesablanıb. Vergi güzəştləri kənd təsərrüfatı sahəsində iri fermer təsərrüfatlarının, kooperativlərin yaranmasından, bu sahənin bəlli bir inkişaf mərhələsinə çatmasından sonra ləğv oluna bilər. Torpaqların şoranlaşması, meliorasiya problemi, məhsuldarlığın aşağı olması, məhsulun satışında yaranan problemlər və digər amillər nəzərə alınaraq, kənd təsərrüfatı müəyyən müddətə vergilərdən azad edilib. 
Əlbəttə, bu, vergitutma bazasının genişləndirilməsi nöqteyi-nəzərindən optimal addım sayılmasa da, hökumət kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurətini nəzərə alaraq müəyyən zaman intervalında belə güzəştləri məqbul sayır. Vergi güzəştlərinin tətbiqində məqsəd aqrar respublika kimi müsbət ənənələrə malik Azərbaycanda kənd təsərrüfatını qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevirməkdir. Vergi güzəştlərinin tətbiqi zamanı ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi obyektiv problemlərin olduğu, iri fermer təsərrüfatlarının, kooperativlərin sayının azlığı, bu sahənin ümumi daxili məhsulda payının aşağı olması və digər amillər də nəzərə alınır.
Vergi güzəştlərinin mühüm nətisəsi olaraq 2018-ci il sahibkarlıq mühitinin yaxşılaşması, yeni müəssisələrin istifadəyə verilməsi və digər əlamətdar iqtisadi hadisələrlə yadda qalıb. Vergi güzəştləri son illər sənaye texnoparklarının inkişafına daha çox təkan verib və texnoparklara yatırılan sərmayələrin artım dinamikası, eyni zamanda xarici investorların bu sahəyə marağı bunun əyani göstəricisi sayıla bilər. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sənaye texnoparklarının rezidentləri olan fiziki şəxslər 2013-cü ildən 7 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad olunublar.
Vergi güzəştləri ölkədə işgüzar fəallığın artmasına səbəb olub və yerli özəl şirkətlər tərəfindən investisiya qoyuluşlarının həcminin çoxalmasına əlverişli şərait yaradıb. Sərmayə portfelində daxili investisiyaların artımı Azərbaycanın maliyyə-budcə imkanlarının güclənməsi ilə yanaşı, yerli iri şirkətlərin kapital ehtiyatlarının yaxşılaşdığını təsdiq edir, ölkə iqtisadiyyatında aktivlik göstəricisini şərtləndirir.
Beynəlxalq təcrübəyə əsasən, investisiyaların artım tempi bilavasitə vergi yükü ilə sıx bağlıdır. Belə ki, vergi ödəyicisindən tutulan vergilər onun məcmu gəlirinin 30-40 faizindən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi azalır. Son illər üzrə vergi yükünün səviyyəsinə diqqət yetirsək, ölkəmizdə bu göstəricinin 20 faiz həddini ötmədiyini görmək mümkündür. Bu, Şərqi Avropa, habelə MDB ölkələri olan Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi dövlətlərdən aşağıdır. Bu göstərici Azərbaycan iqtisadiyyatına sərmayələrin həcminin artmasında əsas vasitələrdən biri hesab oluna bilər.
Samir Mustafayev

Sizin Reklam Yeriniz