Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
 
 
news Image
2019.04.17
07:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarlığın inkişafı üçün yol xəritəsi

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açıb. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri də əksini tapıb.

Sənəddə qeyd olunur ki, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi; sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və s. işlər həyata keçirilib.

Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılıb və ölkə Dünya Bankının "Doing Business" hesabatında bəzi göstəricilər üzrə (məsələn, biznesə başlama, 9 əmlakın qeydiyyatı) yüksək nəticə əldə edib. Beynəlxalq təcrübəyə uyğun elektron hökumət portalının yaradılması ilə dövlət xidmətləri daha da genişləndirilib. Ölkədə KOS subyektlərinin inkişafına birbaşa təsir edəcək islahatların ünvanlılığının təmin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 5 iyun tarixli 215 nömrəli "İri, orta və kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında” qərarı ilə KOS subyektlərinin meyarları müəyyənləşdirilib.

Sənəddə ölkədə sahibkarlığın inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqi bazanın olması vacib məsələlər kimi dəyərləndirilir. Qeyd olunur ki, göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib. Sahibkarlıq sahəsində son illər ərzində əldə olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabətqabiliyyətliliyin möhkəmləndirilməsi, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə Komissiya yaradılıb.

Strateji Yol Xəritəsinə əsasən, bu prioritet çərçivəsində Azərbaycan dövləti biznes mühitinin institusional əsaslarını gücləndirəcək. Xüsusilə, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq və şəffaflığın artırılması əsas istiqamət kimi götürüləcək. Dövlətin daha bir rolu xarici bazarlara çıxışın təmin edilməsi üçün azad ticarət sazişlərinin bağlanması, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını təmin etməkdən ibarət olacaq. Dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması və optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də fəaliyyətini davam etdirəcək.

Sənəddə qeyd olunur ki, maliyyə sektoru və real sektor arasında tarazlıq nöqtəsinin müəyyən edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi yolu ilə mümkündür: "Yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam və tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən tətbiqini və ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran və inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət qanunvericiliyinin pozulması hallarının ilkin araşdırılması və aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti olduğundan onların müvafiq ixtisaslaşması tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya və s.) təcrübəyə uyğun olaraq Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək və beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcəkdir".

Sənədə əsasən, qabaqcıl beynəlxalq standartlara uyğunluq və dünyanın aparıcı ölkələrində tətbiq olunan vergi xidmətlərinin əksəriyyətinin göstərilməsi qarşıya məqsəd qoyulub. Bu məqsədlə özəl sektorun inkişafını və sahibkarlıq subyektlərinin rəsmiləşdirilməsini təşviq edən, real vergi tarifləri olan, səmərəli və ədalətli vergi və icra sisteminin təqdim edilməsi istiqamətində islahatlar davam etdirilir. Vergi sistemi və onun idarə olunması əlverişli biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq subyektləri tərəfindən vergi ödənişlərinin həyata keçirilməsini asanlaşdıran islahatlar aparılıb: "Şəffaflığı artıraraq, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə də davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən etmək üçün vergi sistemi və inzibatçılığının təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcək. Bu istiqamətdə irəliləmək məqsədilə, digər ölkələrdə şirkətlərin vergi yükü və bütün əməliyyatlar üçün dəyər zənciri boyunca vergilər nəzərə alınaraq, ədalətli vergi səviyyəsi qiymətləndiriləcək. Sahibkarlıq subyektlərinə lazım olan maliyyə öhdəliyinin proqnozlaşdırılması üçün ölkənin vergi öhdəliklərinin aydın müəyyənləşdirilməsi və proqnozlaşdırılması sahəsində mümkün islahatlar təhlil ediləcək və qiymətləndiriləcək. Bu islahatlar çərçivəsində sahibkarlıq subyektlərinin rəsmi qeydiyyatını təşviq etmək və vergi bazasını genişləndirmək məqsədilə vergi əməletməsi xərclərinin azaldılması təşəbbüsləri nəzərdən keçiriləcək. İcra olunan islahatlarla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılması, prioritet sektorlarda inkişafın təşviqi və xarici investisiyanın cəlb edilməsi üzrə fərqlənən vergi qaydalarının təsiri davamlı olaraq qiymətləndiriləcək".

Strateji Yol Xəritəsində həmçinin qeyd olunur ki, islahatların səmərəli icrasını təmin etmək üçün proses ərzində müvafiq hesabatlılıqla yanaşı, vergi inzibatçılığı kimi digər amillərin rolu da təhlil ediləcək və müvafiq formada nəzərə alınacaq. Vergi sistemindən əldə edilən vəsaitlərin dövlət proqramları vasitəsilə iqtisadi artıma və iş yerlərinin açılmasına töhfə verən şirkətləri stimullaşdırmaqla, iqtisadi inkişafa dəstək verən sahələrə investisiya edilməsi imkanları təhlil ediləcək: "Əlverişli biznes mühitinin inkişafı üçün elektron hökumət xidmətlərinin müasir texnologiyaların tətbiqi genişləndirilməklə və onlardan istifadə imkanları sadələşdirilməklə təkmilləşdirilməsi davam etdiriləcəkdir. Dövlət e-ödəniş, e-vergi, e-intellektual idarəetmə və s. elektron xidmətlərin təşkilini genişləndirməklə, rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyəcək və beləliklə də, dövlət idarəetməsinin təkmilləşdirilməsi ümumi iqtisadi səmərəliliyin artırılmasını təmin edəcəkdir".

                                                                                                                                                      Samir Mustafayev