news Image
2019.04.18
07:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarların məlumat almaq imkanları genişləndirilir

Ölkədə sahibkarlara göstərilən xidmətlərin ildən-ilə təkmilləşdirilməsi qarşıda duran əsas hədəflərdən biridir. Vergilər, Maliyyə, İqtisadiyyat, Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən «195» Çağrı Mərkəzi hazırda fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Elektron Azərbaycan" Dövlət Proqramında sahibkarlıq fəaliyyəti sahəsində digər tədbirlərlə yanaşı, Universal Çağrı Mərkəzinin yaradılması da qarşıya mühüm vəzifə kimi qoyulmuşdu. Xatırlatmaq lazımdır ki, «Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan»da nazirliyin «195» nömrəli telefon-məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin bir telefon məlumat xidmətinə inteqrasiya olunması, vahid Çağrı Mərkəzinin təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Vergilər Nazirliyinin «195» Çağrı Mərkəzi ilk dəfə 2003-cü ilin sonundan sahibkarların məlumatlandırılması və müraciətlərinin qəbulu məqsədilə yaradılmış, Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlayıb. 2006-cı ilin may ayından mərkəzin əhatə dairəsi genişləndirilmiş, respublikanın bütün regionlarından gələn sual və müraciətlərin qəbul edilməsini həyata keçirib. Çağrı Mərkəzi vergi qanunvericiliyi və onun tətbiqi, Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən məlumat verilməsini, vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbulunu təmin edir.

Respublikanın istənilən regionundan stasionar nömrələrdən birbaşa «195» nömrəsinə edilən zəng, eləcə də Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsiz həyata keçirilir. 2015-2018-ci illərdə «195» Çağrı Mərkəzi tərəfindən vergi ödəyicilərinin və vətəndaşların həm avtomatik, həm də canlı rejimdə fəaliyyət zamanı müfəttiş-operatorlar tərəfindən müraciətləri cavablandırılıb, onların ərizə, şikayət və məlumat xarakterli müraciətləri qəbul olunub, vergi ödəyiciləri mesaj xidməti vasitəsilə məlumatlandırılıb. Bununla yanaşı, mərkəz tərəfindən gücləndirilmiş elektron imzaya, o cümlədən «Asan imza»ya dair müraciətlərin cavablandırılması təmin edilib.

Çağrı Mərkəzində «Asan imza» vasitəsilə əməliyyatların aparılması layihəsinə başlanılıb və ilkin olaraq sadələşdirilmiş vergi bəyannamələrini Çağrı Mərkəzinə zəng etməklə təqdim etmək xidməti istismara verilib. 2014-cü ilin noyabr ayında Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu tərəfindən audit keçirilib və bunun nəticəsində sorğu mərkəzlərinin idarəetmə sistemi üzrə vahid Avropa standartını müəyyən edən «Austrian Standards plus» təşkilatı tərəfindən Vergilər Nazirliyinin Çağrı Mərkəzinə "EN-15838" standartlarına uyğunluq barədə verilən sertifikat yenilənib.

Sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, vergilər, rüsumlar və sahibkarları maraqlandıran digər məsələlər barədə məlumat almalarını təmin etmək məqsədilə «195» Çağrı Mərkəzi və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlər vahid telefon-məlumat xidmətinə inteqrasiya olunub.

Təcrübə göstərir ki, sahibkarların məlumatlandırılması, onlara zəruri bilik, bacarıq və vərdişlərin aşılanması bisnes mühitinin yaxşılaşmasına müsbət təsir göstərən mühüm amillərdəndir. Ölkə başçısının 2011-ci il 26 oktyabr tarixli «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» fərmanına əsasən yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edilib. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyən iş adamlarına tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.

Son illər qəbul olunmuş bir sıra dövlət proqramlarında, imzalanmış fərman və sərəncamlarda da sahibkarların məlumatlandırılması işinin müasir tələblər səviyyəsində qurulması vacibliyi ön plana çəkilib. Ölkə başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 7-ci maddəsinə (Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması) əsasən, 2012-2014-cü illərdə vergi ödəyicilərinin zəruri məlumatlarla təmin edilməsi; vergi ödəyiciləri ilə təbliğat işinin təkmilləşdirilməsi; vergi orqanlarının fəaliyyətinin Beynəlxalq Valyuta Fondunun «Vergi şəffaflığı üzrə yaxşı praktika haqqında kodeksi»nə uyğunlaşdırılması sahəsində tədbirlərin görülməsi Vergilər Nazirliyinin qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirilib.

2012-ci il 5 sentyabr tarixli «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»a əsasən, İqtisadiyyat Nazirliyi qeyd olunan dövrdə sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyən edilməsi; sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbulu üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Son illər sahibkarların, ümumən vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də universal telefon məlumat xidmətinin yaradılması olub. Layihənin icrasına 2010-cu ildən başlanılıb və mərkəzə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilib. Vergilər və İqtisadiyyat Nazirliklərinə bu qurumlara 195 cağrı mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılıb. Nazirlər Kabinetinin 2013-cü il 28 oktyabr tarixli sərəncamına əsasən, Vergilər, Maliyyə, Ədliyyə, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Dövlət Gömrük Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edəcək «Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi»nin yaradılması qərara alınıb.

Belə bir Mərkəzin yaradılmasında məqsəd sahibkarlara göstərilən dövlət dəstəyinin səmərəliliyinin artırılması, dövlət və sahibkarlar arasında münasibətlərin yaxşılaşdırılması və sadələşdirilməsi, fiziki və hüquqi şəxslərin vahid mənbədən məlumat almalarının təmin olunması, əhali arasında hüquqi maarifləndirilmə işinin səviyyəsinin yüksəldilməsidir. Sahibkarların, ümumilikdə, vətəndaşların vaxt itkisinə yol vermədən vahid mənbədən məlumat almaq məqsədilə universal telefon məlumat

xidmətinə müraciət etmələri «ASAN Xidmət»dən sonra daha bir innovativ yeniliyin uğurla reallaşdırılması deməkdir.

"195 Çağrı Mərkəzi" əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Hazırda birbaşa 195 nömrəsinə zəng etməklə Vergilər, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Gömrük Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət mümkündür.

Universal Çağrı Mərkəzinin yaradılması nəticəsində iş adamları, ümumilikdə əhali sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı, fəaliyyət növləri üzrə lisenziyalar, vergilər, rüsumlar, gömrük rəsmiləşdirmələri, sosial və digər icbari ödənişlər, əmək qanunvericiliyi, sosial müdafiə, pensiya təminatı, mühasibat uçotu və digər məsələlər barədə ətraflı məlumat ala bilirlər. Mərkəzin fəaliyyətində çeviklik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və vətəndaş məmnunluğu prinsipləri təmin olunub.

Ölkəmizdə biznes mühitinin daha da liberallaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də sahibkarların müvafiq dövlət qurumlarından məlumat əldə etmək imkanlarının genişləndirilməsidir. Özəl sektorun təmsilçiləri ilə daha sıx təmasda olan, onlara müxtəlif xidmətlər göstərən nazirlik, komitə, xidmət və agentliklər bu məqsədlə fəaliyyətlərində mütərəqqi yenilikləri nəzərə alır, informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərin, o cümlədən, “e-xidmətlər”in geniş tətbiqinə nail olmağa çalışırlar.

Samir Mustafayev