news Image
2019.04.19
07:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Vergi islahatları sahibkarlığın dinamik inkişafına hesablanıb

Son illər ölkədə iqtisadi fəallığının artmasında həyata keçirilən vergi siyasəti və bu siyasətin əsas istiqamətlərindən biri olan vergi yükünün azaldılması mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamı bu baxımdan vergi orqanlarında islahatların uğurlu davamına yaxşı imkanlar açıb. Sərəncamın preamblua hissəsində qeyd edilir ki, vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail olunub.

Sənəddə qeyd olunur ki, Azərbaycanda çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılıb və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə uzlaşdırılıb: "Azərbaycanın vergi sistemi dünyanın qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 62 növ elektron xidmət göstərir. Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi zəruridir".

Ümumiyyətlə, son illər ölkədə iqtisadi fəallığın artmasında həyata keçirilən vergi siyasəti və bu siyasətin əsas istiqamətlərindən biri olan vergi yükünün azaldılması mühüm rol oynayır. İqtisadi siyasətin əsas prioritetlərindən biri sahibkarlığı dəstəkləmək və sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq, özəl istehsal sahələrinin inkişafı üçün münbit şərait yaratmaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdən ibarətdir. Bu məqsədlə davamlı olaraq dövlət tərəfindən sahibkarlara müxtəlif vasitələrlə dəstək göstərilir, onlara əlverişlı fəaliyyət üçün geniş imkanlar yaradılır. Bu tədbirlərin əsas istiqamətlərindən biri sahibkarlıq sektoruna vergi güzəştlərinin tətbiqi ilə bağlıdır.

Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» 20 oktyabr 2015-ci il tarixli Qanununun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində bir sıra ciddi tədbirlər həyata keçirir.

Vergilər Nazirliyinin 12 dekabr 2015-ci il tarixli əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq dayandırılıb.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermək öhdəliyi yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından, 2016-cı il yanvar ayının 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə ediblər. Bu isə həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, həm də vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artırıb.

Bu, son illərdə sahibkarlara edilmiş ilk ciddi güzəşt deyil. Xatırladaq ki, «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında» Qanuna edilmiş müvafiq dəyişikliklərlə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarın 1-dən etibarən daha 5 il müddətinə bir sıra vergiləri ödəməkdən azad ediliblər. Güzəştlər kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərə aid olunmur. Başqa sözlə, həmin güzəştlər, misal üçün, süd məhsulları və yem istehsalı, balıq, pendir, qurudulmuş meyvə, ət satışı ilə məşğul olan müəssisələrə şamil edilmir. Statistika Komitəsinin təsnifatına əsasən, süd kənd təsərrüfatı məhsullarına, süd məhsulları isə emal sənayesi məhsullarına aid edilir.

İqtisadçı ekspertlərin fikrincə, qanunun qəbulunda məqsəd kənd təsərrüfatı məhsullarının istehsal maya dəyəri xərclərinin və qiymətlərinin aşağı salınmasına, məhsul bolluğunun yaradılmasına nail olmaqdır. Hesablamalara əsasən, 2003-2018-cü illərdə kənd təsərrüfatı istehsalçılarına edilən vergi güzəştlərinin məbləği 3 milyard manatı ötür. Kənd təsərrüfatı müəyyən bir inkişaf səviyyəsinə çatanadək bu güzəştlərin tətbiqi məqbul sayılır. Güzəştlərin növbəti dəfə uzadılması kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına hesablanıb. Vergi güzəştləri kənd təsərrüfatı sahəsində iri fermer təsərrüfatlarının, kooperativlərin yaranmasından, bu sahənin bəlli bir inkişaf mərhələsinə çatmasından sonra ləğv oluna bilər. Torpaqların şoranlaşması, meliorasiya problemi, məhsuldarlığın aşağı olması, məhsulun satışında yaranan problemlər və digər amillər nəzərə alınaraq, kənd təsərrüfatı 2019-cu ilin sonunadək vergilərdən azad edilib.

Əlbəttə, bu, vergitutma bazasının genişləndirilməsi nöqteyi-nəzərindən optimal addım sayılmasa da, hökumət kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurətini nəzərə alaraq müəyyən zaman intervalında belə güzəştləri məqbul sayır. Vergi güzəştlərinin tətbiqində məqsəd aqrar respublika kimi müsbət ənənələrə malik Azərbaycanda kənd təsərrüfatını qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevirməkdir. Vergi güzəştlərinin tətbiqi zamanı ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi obyektiv problemlərin olduğu, iri fermer təsərrüfatlarının, kooperativlərin sayının azlığı, bu sahənin ümumi daxili məhsulda payının aşağı olması və digər amillər də nəzərə alınır.

Vergi güzəştlərinin mühüm nətisəsi olaraq 2018-ci il sahibkarlıq mühitinin yaxşılaşması, yeni müəssisələrin istifadəyə verilməsi və digər əlamətdar iqtisadi hadisələrlə yadda qalıb. Vergi güzəştləri son illər sənaye texnoparklarının inkişafına daha çox təkan verib və texnoparklara yatırılan sərmayələrin artım dinamikası, eyni

zamanda xarici investorların bu sahəyə marağı bunun əyani göstəricisi sayıla bilər. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sənaye texnoparklarının rezidentləri olan fiziki şəxslər 2013-cü ildən 7 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad olunublar.

Vergi güzəştləri ölkədə investisiya fəallığının da artmasına səbəb olur və bu həm də ölkəmizdə iqtisadi artımın sürətlənməsi, milli sahibkarlığın inkişafı fonunda yerli özəl şirkətlər tərəfindən investisiya qoyuluşlarının həcminin çoxalmasına əlverişli şərait yaradıb. Sərmayə portfelində daxili investisiyaların artımı Azərbaycanın maliyyə-budcə imkanlarının güclənməsi ilə yanaşı, yerli iri şirkətlərin kapital ehtiyatlarının yaxşılaşdığını təsdiq edir, ölkə iqtisadiyyatında aktivlik göstəricisini şərtləndirir.

Beynəlxalq təcrübəyə əsasən, investisiyaların artım tempi bilavasitə vergi yükü ilə sıx bağlıdır. Belə ki, vergi ödəyicisindən tutulan vergilər onun məcmu gəlirinin 30-40 faizindən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi azalır. Son beş il üzrə vergi yükünün səviyyəsinə diqqət yetirsək, ölkəmizdə bu göstəricinin 20 faiz həddini ötmədiyini görmək mümkündür. Bu, Şərqi Avropa, habelə MDB ölkələri olan Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi dövlətlərdən aşağıdır. Bu faktor Azərbaycan iqtisadiyyatına sərmayələrin həcminin artmasında əsas vasitələrdən biri hesab oluna bilər.

Ekspertlər hesab edirlər ki, “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncam postneft dövründə hökumətə çevik və daha səmərəli vergi strategiyası həyata keçirməyə imkan verir.

Samir Mustafayev