news Image
2019.04.23
07:15
| A A A
Zərdab yeni inkişaf mərhələsinə qədəm qoyub

Aqrar sahədə ixtisaslaşan, özünəməxsus ənənələri olan Zərdab rayonu son illər özünün tərəqqi dövrünə qədəm qoyub: yüksək dinamizlə və müasir arxitektura elementləri əsasında gerçəkləşdirilən abadlıq-quruculuq və yenidənqurma işləri rayonun simasını xeyli dərəcədə dəyişib. Abadlaşan küçə və parklar, tələblərə cavab verən sosial-inzibati obyektlər qonaqlarda ilk baxışdan yüksək təəssürat doğurur. Xüsusən də son illərdə həyata keçirilən quruculuq tədbirləri özünün ünvanlı və miqyaslı olması ilə diqqəti çəkir. Aşkar görünür ki, gerçəkləşdirilən tədbirlərdə məqsəd sakinlərin uzun illərdən bəri qayğılandıran, narahat edən problemlərin əsaslı həllinə nail olmaqdır.

Məlumat üçün bildirək ki, 05 fevral 1935-ci ildə təşkil olunan Zərdab rayonu əvvəllər Göyçay rayonunun tərkibində olub. 01 yanvar 1963-cü ildə ləğv edilərək Ucar rayonu ilə birləşdirilsə də, 06 yanvar 1965-ci il tarixdən yenidən müstəqil rayon statusunu bərpa edib. Bir çox mənbələrdə Zərdab sözünün fars dilindəki zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığı göstərilir. Başqa bir mənbədə Zərdab sözünün "qızıl su" mənasını verdiyi bildirilir. Çünki o vaxtlar Kür və Qarasu çaylarının daşması nəticəsində suyun çökəkliklərdə, axmazlarda yığılan hissəsi əkinçilər üçün qızıl qədər əhəmiyyətli olurdu. Zərdabın tarixinə gəlincə, qeyd etmək lazımdır ki, bugünkü Zərdab şəhəri hələ 1578-ci ilə aid türk mənbələrində "Zərdab sancağı" kimi göstərilir. Zərdab rayonunun ərazisi arxeoloji baxımdan demək olar ki, hələ tam öyrənilməyib.

XX əsrin 70-ci illərində rayon ərazisində aparılan meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət əşyaları və mədəniyyət nümunələri aşkar edilib. Hazırda bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş 2aşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Hazırda rayonda 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi mövcuddur. Ümumi əhalinin 20,3 faizi şəhərdə, 79,7 faizi qəsəbə və kəndlərdə yaşayır. Rayonda 28 inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 27 bələdiyyə fəaliyyət göstərir. Əsasən kənd təsərrüfatı rayonudur - xüsusən də taxılçılıq, baramaçılıq və pambıqçılıq sahələrində ciddi uğurlara imza atıb. Barama istehsalına görə son 2 ildə Azərbaycan üzrə birincilik əldə edib.

Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev hələ 1978-ci il may ayının 29-da Kür çayının daşması ilə əlaqədar vəziyyətlə yerində tanış olmaq məqsədilə rayonda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev də son 15 ildə 4 dəfə - 30 iyun 2006-cı il, 06 may 2011-ci il, 07 oktyabr 2012-ci il və 02 dekabr 2016-cı il tarixlərdə rayonda səfərlərdə olub, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarından irəli gələn vəzifələrin icra vəziyyəti ilə yaxın maraqlanıb.

Dövlət başçısı bu səfərlər çərçivəsində 11 obyektin açılışında iştirak edib və ictimaiyyətin nümayəndələri ilə görüşüb. Həmin səfərlərdən sonra imzalanmış sərəncamlarla rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 7,2 milyon manat vəsait ayrılıb. Ümumilikdə, ölkə başçısı Zərdab rayonu və zərdablılarla bağlı 2008-2018-ci illərdə 47 sərəncam imzalayıb. Təkcə 2018-ci il ərzində rayonla bağlı 11 sərəncamın imzalaması Zərdabın sosial-iqtisadi inkişafının dövlət başçısının xüsusi diqqət mərkəzində olduğunu göstərir. Məlumat üçün bildirək ki, bu sərəncamlar Zərdabın sayılıb-seçilən insanlarına müxtəlif fəxri adların verilməsi ilə yanaşı, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, qazlaşdırma və digər mühüm sahələrdə həyata keçiriləcək tədbirləri nəzərdə tutur.

Prezident İlham Əliyev 2011-ci il may ayının 6-da Zərdab rayonuna gerçəkləşən səfəri zamanı Heydər Əliyev Mərkəzində aparılan tamamlama işləri ilə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşub. 07 oktyabr 2012-ci il tarixdə Zərdab rayonuna gerçəkləşən növbəti səfəri zamanı cənab İlham Əliyev bir sıra yeni obyektlərin - Heydər Əliyev Mərkəzinin; YAP Zərdab rayon təşkilatının, Gənclər Mərkəzinin, habelə Küllülü-Zərdab su kəmərinin açılığşında iştirak edib, Veteranlar evi ilə tanış olub. Nəhayət, 02 dekabr 2016-cı il tarixdə Zərdab rayonuna səfəri zamanı dövlət başçısı rayon Mərkəzi Xəstəxanasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub, ictimaiyyət nümayəndələri və tibb işçiləri ilə görüşüb.

Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurla icrası rayonun simasını əsaslı şəkildə dəyişməklə yanaşı, burada aqrar sektorun, sahibkarlığın inkişafını da təmin edib. Ötən dövrdə rayonda 21 məktəb binası tikilib və əsaslı təmir edilib, hazırda 5 məktəb binasının tikintisi davam etdirilir. Bundan əlavə, rayonda 4 körpələr evi-uşaq bağçası üçün yeni bina inşa edilib, 6 körpələr evi-uşaq bağçası əsaslı təmir edilib. Bir neçə gün əvvəl daha bir 1 körpələr evi-uşaq bağçasının binası da əsaslı təmirdən sonra istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin 29 avqust və 08 sentyabr 2018-ci il tarixli sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Zərdab Rayonunun Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolunun tikintisi üçün 4,6 milyon, Zərdab-Qaravəli avtomobil yolunun tikintisi üçün ilkin olaraq 1,32 milyon manat vəsait ayrılıb. Birinci Alıcanlı avtomobil yolunun tikintisi işləri başa çatdırılıb və yolun açılışı olub. Hazırda Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi işləri davam etdirilir.

Bundan əlavə, hazırda Zərdab-Ucar yolunun da əsaslı yenidənqurulması həyata keçirilir və bu da rayon əhalinin üzləşdiyi ciddi problemlərdən birinin həlli deməkdir.