Əlaqə Arxiv
news Image
2019.04.24
07:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Zərdab aqrar sektorda ciddi uğurlar əldə edib Rayon taxılçılıq və baramaçılıq sahəsində respublikada birincilər sırasındadır

Aran bölgəsinin aqrar sahədə ixtisaslaşmış rayonlarından olan Zərdab son illərdə sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində mühüm uğurlara imza atıb. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları çərçivəsində rayonda mühüm infrastruktur layihələri uğurla reallaşdırılıb. Bu proqramlar rayonun simasını əsaslı surətdə dəyişməklə yanaşı, sosial-iqtisadi sahədə mühüm uğurların qazanılmasına, habelə insanları uzun illərdən bəri narahat edən problemlərin həllinə geniş imkanlar yaradıb.

Ötən illərdə yaradılmış möhkəm potensial hesabına rayonda aqrar sektorun inkişafı da keyfiyytcə yeni mərhələyə qədəm qoyub. Xüsusilə də 2018-ci ildə rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində ciddi irəliləyiş əldə edilib. 2018-ci ilin məhsulu üçün 12915,0 hektarda buğda, 5738,0 hektarda arpa olmaqla cəmi 18653,0 hektar sahədə taxıl əkilib və 60 min 150 ton məhsul istehsal olunub. Bu rayonun tarixində ən yüksək göstərici olaraq əvvəlki illə müqayisədə 1328 ton çoxdur. Ümumi məhsuldarlıq 32,2 sentner, adambaşına düşən taxılın miqdarı 1 ton 29 kq təşkil edib. Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədilə torpaq mülkiyyətçilərinə dövlət dəstəyi olaraq 1 milyon 825 min 660 manat məbləğində subsidiya verilib.

Hazırda rayonda taxılçılıq üzrə 3 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Burada 2018-cı ilin məhsulu üçün 206 hektar sahədə toxumluq arpa və buğda əkilib. 66,0 hektar sahədən 227,0 ton fiziki çəkidə arpa istehsal olunqub, hər hektardan məhsuldarlıq 34,4 sentner təşkil edib. 140,0 hektar sahədən 572 ton buğda istehsal edilib, məhsuldarlıq 40,2 sentner olub. Ümumilikdə, 799 ton məhsul istehsal edilib və məhsuldarlıq 38,7 sentner təşkil edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verdiyi tövsiyə və tapşırıqların icrası ilə əlaqədar rayonda 2018-ci ildə 3232 hektarda pambıq əkini aparılıb. “MKT İK” MMC-nin və “P-Aqro” MMC-nin Zərdab filialları ilə 702 torpaq mülkiyyətçisi arasında müqavilə bağlanılıb. Hesabat dövründə 5 min tona yaxın pambıq tədarük olunub və bu da 2017-ci ilə nisbətən 800 ton çoxdur. Ötən il 2514 tondan çox pambıq maşınla yığılıb. Məhsuldarlıq 15,4 sentner olub və bu da keçən ilki göstəricidən 2,5 sentner çoxdur. Pambıq istehsalçılarına təhvil verdikləri pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına 418,9 min manat subsidiya verilib.

Fermerlər tərəfindən pambıq tədarükünün səmərəliliyini artırmaq üçün Zərdab Rayon İcra Hakimiyyətinin çoxsaylı müraciətləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çallı bələdiyyəsi ərazisində "P-Aqro" MMC-yə məxsus, 4 min ton qəbul gücünə malik yeni pambıq qəbulu məntəqəsi tikilib və ilk məhsul qəbuluna başlanılıb.

Baramaçılığın inkişafı da rayonda aqrar sektorun prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qax rayonunda keçirilən respublika müşavirəsində qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində

rayonda konkret tədbirlər həyata keçirilib. Bölgü üzrə 2018-ci ildə 1300 qutu (24700 qram) barama qurdu qəbul edilərək normal bəsləmə aparılıb, nəticədə 53 ton 880 kq barama tədarük edilərək respublikada artıq ikinci dəfə ən yüksək göstəriciyə nail olunub. Rayon üzrə proqnoz tapşırığa 103,6 faiz əməl edilib. 2 min nəfərdən çox rayon sakini bu sahədə mövsümi işlə təmin olunub. Kümçülərə təhvil verdikləri baramaya görə emal müəssisələri tərəfindən 187 min, dövlət büdcəsinin vəsaiti hesabına (subsidiya) 260,7 min manat olmaqla, cəmi 447,7 min manat vəsait ödənilib.

Diqqətçəkən faktlardandır ki, kümçü Aslanov Namiq Nəriman oğlu kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. Barama qurdunun yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon ərazisində nəzərdə tutulmuş 190 min tut tinglərinin əkilməsi təmin edilib.

Çəltikçiliyin inkişafı məqsədilə hesabat dövründə rayonda 204,0 hektar sahədə çəltik əkilib, 939,4 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq 46 sentner təşkil edib. Bundan əlavə, hesabat dövründə 201,0 hektar sahədən 3870,0 ton kartof, 182,6 hektar sahədən 2929 ton tərəvəz, 200,0 hektar sahədən 6622,0 ton bostan məhsulu götürülüb, 106,0 hektar sahədən 501,0 ton çuğundur istehsal olunub. 503,1 hektar sahədə qarğıdalı əkilib, 2902,8 ton məhsul götürülüb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə kartof istehsalı 55 ton, tərəvəz istehsalı 144 ton, bostan istehsalı 314 ton, qarğıdalı istehsalı 1408 ton, çuğundur istehsalı 143 ton, çəltik istehsalı 151 ton artıb. Ötən il 1,5 hektar sahədə Abşeron zəfəranı yetişdirilib və 1,5 kq məhsul toplanmışdır.

2018-ci ilin sentyabr ayında Zərdab rayonunda torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verilib. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə işgüzar forum keçirilib. İribuynuzlu mal-qaranın baş sayı 54 min 724 başa, qoyun-keçilərin sayı 113 min 707 başa çatdırılıb və bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 46 və 230 baş çoxdur. Mal-qaranın qaba yemə olan tələbatını ödəmək məqsədilə 1553 ha sahədə təzə yonca əkilərək ümumi yonca sahəsi 21051,0 hektara çatdırılıb. 19498,0 ha yonca sahəsindən 125 min 603 ton ot tədarük edilib.

Rayonda heyvandarlığın inkişafına da xüsusi diqqət ayrılır. 2018-ci ildə rayonda 43 min 749 sentner ət, 319 min 570 sentner süd, 8 milyon 76 min ədəd yumurta, 1793 sentner yun istehsal edilərək proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunub. Arıçılığın inkişaf etdirilməsi məqsədilə rayonda həyata keçirilən tədbirlərin nəticəsi olaraq arı ailələrinin sayı 1289-a çatdırılıb ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə 800 arı ailəsinə görə arıçılara dövlət büdcəsinin vəsaiti hesabına 8 min manat subsidiya verilib. Əhalinin quş ətinə və yumurtaya olan tələbatını təmin etmək məqsədilə «Turac-2008» MMC və digər inkubasiya sexləri tərəfindən 100 min baş cücə inkubasiya edilərək əhaliyə satışı təmin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon ərazisində qiymətlər bazar qiymətindən 15-20 faiz aşağı olmaqla kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

2018-ci ildə rayonda suvarma işini daha da yaxşılaşdırmaq və məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək üçün 31 ədəd nasos, 3 ədəd elektrik mühərriki, 29 hidrotexniki qurğu, 3 dizel mühərriki və 8,2 km dəmir-beton nov və beton kanallar təmir edilib. 536,4 km uzunluğunda suvarma kanalı lildən təmizlənib, 105 kilometrdən çox kanal qazılıb. Rayonun Bəyimli qəsəbəsində 1287 metr və Kəndəbil kəndi ərazisində 672 metr olmaqla ümumilikdə istismar müddətini başa vurmuş 1956 metr dəmir beton asma nov kanalı şüşə lifli novlarla əvəz edilib. 42,8 min hektar əkin sahələrinin suvarılması təmin edilib.

Rayonda aqroparkın yaradılması məqsədilə Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondundan istifadəsinə 3 min hektar torpaq sahəsi verilmiş "Aqrobaz" MMC tərəfindən 2018-ci ildə 250 ha sahədə taxıl, 1500 ha sahədə yonca, 60 ha sahədə pambıq, 155 ha sahədə qarğıdalı əkilib.

2018-ci ildə hesabat dövründə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən rayonun Sarıqaya, Lələağacı, İsaqbağı, Şıxbağı, Bıçaqçı, Otmanoba, Körpükənd kəndləri ərazisində 32,8 km məsafədə 637,98 min kub metr həcmində qayakəsmə və sahilbərkitmə işləri görülüb.

Sizin Reklam Yeriniz