Əlaqə Arxiv
news Image
2019.04.26
07:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Zərdab abadlıq-quruculuq və müasirləşmə yolundadır

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı sahəsində əldə olunan mühüm uğurlardan biri də bölgələrdə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Respublikanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsi qazanılmış makroiqtisadi nailiyyətlərin cəmiyyət həyatının müxtəlif sahələrində sosial tərəqqi və intibaha xidmət edən islahatları uğurla reallaşdırmaq imkanı yaradır.

Bazar iqtisadiyyatı yolunu seçmiş bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycan hökuməti bu məqsədlə zəruri maliyyə vəsaitlərinin ayrılmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev dövlətin, cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydaları nəzərə alaraq, müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməkdən belə çəkinmir. Dövlətimizin rəhbərinin xüsusi diqqət və qayğısı ilə əsaslı yenidənqurma və abadlıq-quruculuq işlərinin aparıldığı rayonlardan biri də Zərdabdır. Son illər rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. 2018-ci ildə Ucar-Zərdab-Ağcabədi magistral, Yarməmmədbağı, Dəli Quşçu, Hüseynxanlı, Gəlmə kənd avtomobil yollarında cari təmir işləri aparılıb, rayon "39 saylı Yol İstismarı" MMC tərəfindən orta və cari təmir, yolların saxlanılması istiqamətində 1 milyon 323,7 min manatlıq iş görülüb.

Azərbaycan Respublikası Prezidentinin 29 avqust və 08 sentyabr 2018-ci il tarixli sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Zərdab Rayonunun Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolunun tikintisi üçün 4,6 milyon, Zərdab-Qaravəli avtomobil yolunun tikintisi üçün ilkin olaraq 1,32 milyon manat vəsait ayrılıb. 11 km uzunluğunda Ucar-Zərdab-Ağcabədi (21 km) - Birinci Alıcanlı avtomobil yolunun tikintisi işləri başa çatdırılıb və yol istifadəyə verilib. 11,4 km uzunluğunda Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi işləri davam etdirilir.

2018-ci ildə şəhər təsərrüfatının inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilib, geniş quruculuq, abadlıq işləri həyata keçirilib. Cənab İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində tədbirləri davam etdirmək məqsədilə ayrılmış 184,3 min manat vəsait hesabına 4 çoxmənzilli binada təmir işləri yerinə yetirilib. Rayon Statistika İdarəsinin inzibati binasının tikintisinə başlanılıb.

Şəhərin Şəhriyar, M.Müşfüq, Babək, M.Ə.Rəsulzadə, Füzuli, 20 yanvar, Vidadi, M.Hüseyn, Azərbaycan, Zahid Bəkirov və digər küçələrinin asfalt örtüyü təmir edilib, N.Rəfibəyli və Ş.Qurbanov küçələrinə çınqıl örtüyü verilib və bu işlərə ümumilikdə 638,9 min manat vəsait sərf edilib. Şəhərin S.Mehdiyev, Nizami küçələrində, Azərbaycan küçəsi istiqamətində park və küçələrdə, Şəhidlərin Xatirə Parkında 281,9 min manatlıq təmir işləri görülüb. Rayonun "32 hektar" adlanan

ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan, smeta dəyəri 750 min manat olan 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılıb.

Rayon üzrə əsas kapitala yönəldilmiş investisiyalar 2017-ci ilə nisbətən 2,7 dəfə artaraq 30 milyon 448 min manat təşkil edib, onun 29 milyon 874 min manatı tikinti-quraşdırma işlərinin payına düşüb. Ümumi sahəsi 12699 kv.metr, yaşayış sahəsi 8442 kv.metr olan 111 yaşayış evi istifadəyə verilib və bu da əvvəlki ilin göstəricisindən 2,9 dəfə çoxdur.

Əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması da diqqət mərkəzində olub. Məişət tullantılarının yığılması üçün 2018-ci ildə 60 ədəd olmaqla, cəmi 240 ədəd kiçik tutumlu konteynerlər gətirilərək şəhər ərazisində yerləşdirilib. Şəhərin təmiz saxlanılması, vətəndaşlarla bağlanmış müqavilə əsasında məişət tullantılarının vaxtında daşınması, yaşıllaşdırma işlərinin əhatəsinin genişləndirilməsi, əhalinin normal istirahəti üçün mədəniyyət və istirahət parklarında lazımi şəraitin yaradılması istiqamətində də xeyli iş görülüb.

Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın və təhsil sahəsində qəbul olunmuş digər dövlət və hökumət qərarlarının icrası istiqamətində rayonda işlər davam etdirilib. 2018-2019-cu tədris ilində rayonda 44 ümumtəhsil məktəbi, o cümlədən 28 tam, 10 ümumi orta, 6 ibtidai məktəb, həmçinin 2 məktəbdənkənar təhsil müəssisəsi, 1 peşə liseyi fəaliyyət göstərir. 44 ümumtəhsil məktəbində 7052 nəfər şagird təhsilə cəlb olunub. 2 məktəbdənkənar müəssisələrdə 72 qrupda 950 nəfər şagirdə xüsusi istedad və bacarıqlarını inkişaf etdirmək üçün lazımi şərait yaradılıb. Cari tədris ilində 26 ümumtəhsil müəssisəsində 40 məktəbəhazırlıq qrupu yaradılıb, həmin qruplarda 520 uşaq təhsilə cəlb olunub. Rayonun ümumtəhsil məktəblərində hazırda 987 nəfər pedaqoji işçi çalışır və onlardan 667 nəfəri ali təhsillidir.

Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri də davam etdirilib, İkinci Alıcanlı və Burunlu kəndlərində hər birinin smeta dəyəri 540 min manat olan 80 şagird yerlik modul tipli məktəb binaları tikilib istifadəyə verilib. 1 nömrəli məktəb-liseydə 3,1 milyon manatlıq əsaslı təmir işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin 16.03.2018-ci il tarixli sərəncamına uyğun olaraq rayonun Siləyli, Hüseynxanlı, Nəzəralılı, Sarıqaya kəndlərində və Zərdab şəhərində modul tipli məktəblərin tikintisi davam etdirilir. Ümumtəhsil məktəblərində 430 ədəd kompüter quraşdırılıb və bu da hər 16 nəfər şagirdə 1 kompüter təminatı deməkdir. Rayonun 19 məktəbi internet şəbəkəsinə qoşulub.

Respublika fənn olimpiadalarının final mərhələsində Əlvənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Fəxri Şıxızadə coğrafiya fənni üzrə 3-cü yeri tutub, "Əlaçı" televiziya müsabiqəsinin qalibi isə Yarməmmədbağı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Tavad Xəlilova olub.

2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirmiş 447 nəfər məzundan 220 nəfəri Dövlət İmtahan Mərkəzinə sənəd verib. Əvvəlki illərin

məzunları ilə birlikdə 193 nəfər məzun ölkənin müxtəlif ali məktəblərinə qəbul olunublar. Ali məktəbə qəbul olan məzunlardan 11 nəfəri 600-dən yuxarı bal toplayıb. Kəndəbil kənd tam orta məktəbinin məzunu Nəsibli Kamal Heydər oğlu rayon üzrə ən yüksək nəticə göstərərək 695 bal toplayıb.

Rayon İcra Hakimiyyətində 2018-ci ildə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib. Tədbirdə yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə qiymətli hədiyyələr, qabaqcıl müəllimlərə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Yeni dərs ili ərəfəsində Rayon İcra Hakimiyyətində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan məktəblilərlə, o cümlədən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin uşaqları ilə görüş təşkil olunub, 140 nəfər məktəb yaşlı uşaqlara məktəbli geyimləri və ləvazimatları paylanılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Ölkəmizi tanıyaq” devizi altında rayonun ümumtəhsil məktəbləri üzrə 40 nəfər əlaçı və fəal şagirdlərdən ibarət qrupların 26-29 mart tarixlərində respublikamızın Quba, Qusar və Xaçmaz, 11-14 noyabr tarixlərində isə Qəbələ, Şəki və Zaqatala rayonlarına ekskursiyaları təşkil edilib.

S.Mustafayev,

Bakı-Zərdab-Bakı

Sizin Reklam Yeriniz