news Image
2019.05.08
07:14
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Biznes sektoruna dövlət dəstəyi daha da təkmilləşdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyev dünən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid "G2B" (dövlət–biznes) elektron reyestrinin yaradılması nəzərdə tutulub.

Fərmanla Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi, habelə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu", habelə "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı" təsdiq edilib.

Fərmanla müəyyən edilib ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir; Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; Fərmanda nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir; Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur; Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

Fərmana əsasən, Nazirlər Kabineti Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılmasına dair təkliflərini hazırlayaraq üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edib.

Xatırladaq ki, belə bir dövlət qurumunun yaradılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapmışdı. Sözügedən sənədə görə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi; sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları

zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və s. işlər həyata keçirilib.

Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılıb və ölkə Dünya Bankının “Doing Business” hesabatında bəzi göstəriciləri üzrə (məsələn, biznesə başlama, 9 əmlakın qeydiyyatı) yüksək nəticə əldə edib. Beynəlxalq təcrübəyə uyğun elektron hökumət portalının yaradılması ilə dövlət xidmətləri daha da genişləndirilib. Ölkədə KOS subyektlərinin inkişafına birbaşa təsir edəcək islahatların ünvanlılığının təmin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 5 iyun tarixli 215 nömrəli "İri, orta və kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında” qərarı ilə KOS subyektlərinin meyarları müəyyənləşdirilib.

Strateji Yol Xəritəsinə əsasən, bu prioritet çərçivəsində Azərbaycan dövləti biznes mühitinin institusional əsaslarını gücləndirməlidir. Xüsusilə, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq və şəffaflığın artırılması əsas istiqamət kimi götürülməlidir. Dövlətin daha bir rolu xarici bazarlara çıxışın təmin edilməsi üçün azad ticarət sazişlərinin bağlanması, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını təmin etməkdən ibarət olacaq. Dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması və optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də fəaliyyətini davam etdirəcək.

Sənəddə qeyd olunur ki, maliyyə sektoru və real sektor arasında tarazlıq nöqtəsinin müəyyən edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi yolu ilə mümkündür: "Yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam və tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən tətbiqini və ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran və inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət qanunvericiliyinin pozulması hallarının ilkin araşdırılması və aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti olduğundan onların müvafiq ixtisaslaşması tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya və s.) təcrübəyə uyğun olaraq Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək və beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcəkdir".

Sənədə əsasən, qabaqcıl beynəlxalq standartlara uyğunluq və dünyanın aparıcı ölkələrində tətbiq olunan vergi xidmətlərinin əksəriyyətinin göstərilməsi qarşıya

məqsəd qoyulub. Bu məqsədlə özəl sektorun inkişafını və sahibkarlıq subyektlərinin rəsmiləşdirilməsini təşviq edən, real vergi tarifləri olan, səmərəli və ədalətli vergi və icra sisteminin təqdim edilməsi istiqamətində islahatlar davam etdirilir. Vergi sistemi və onun idarə olunması əlverişli biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq subyektləri tərəfindən vergi ödənişlərinin həyata keçirilməsini asanlaşdıran islahatlar aparılıb: "Şəffaflığı artıraraq, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə də davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən etmək üçün vergi sistemi və inzibatçılığının təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcək. Bu istiqamətdə irəliləmək məqsədilə, digər ölkələrdə şirkətlərin vergi yükü və bütün əməliyyatlar üçün dəyər zənciri boyunca vergilər nəzərə alınaraq, ədalətli vergi səviyyəsi qiymətləndiriləcək.

Sahibkarlıq subyektlərinə lazım olan maliyyə öhdəliyinin proqnozlaşdırılması üçün ölkənin vergi öhdəliklərinin aydın müəyyənləşdirilməsi və proqnozlaşdırılması sahəsində mümkün islahatlar təhlil ediləcək və qiymətləndiriləcək. Bu islahatlar çərçivəsində sahibkarlıq subyektlərinin rəsmi qeydiyyatını təşviq etmək və vergi bazasını genişləndirmək məqsədilə vergi əməletməsi xərclərinin azaldılması təşəbbüsləri nəzərdən keçiriləcək. İcra olunan islahatlarla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılması, prioritet sektorlarda inkişafın təşviqi və xarici investisiyanın cəlb edilməsi üzrə fərqlənən vergi qaydalarının təsiri davamlı olaraq qiymətləndiriləcək".

Samir Mustafayev