news Image
2019.05.14
07:17
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Azərbaycan bütün sahələrdə uğurlu nəticələr əldə edib

Nazirlər Kabinetinin 2019-ci ilin ötən I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası göstərdi ki, hökumətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək məqsədindən irəli gəlir. Hesabat dövründə tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrasrukturun müasirləşdirilməsinə, sahibkarlıq mühitinin liberallaşdırılmasına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, güclü insan kapitalının formalaşdırılmasına xidmət edən tədbirlər hökumətin diqqət mərkəzində olub.

Hesabat dövrünün sosial-iqtisadi göstəricilərindən söz açan Prezident İlham Əliyev iqtisadiyyatda ciddi artımın olduğunu diqqətə çatdırmaqla, bunu son illərin ən yaxşı göstəricilərindən biri kimi dəyərləndirib: "İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük".

Neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədi ilə iqtisadiyyatın şaxələndirilməsi və qlobal böhranın mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər son 3 ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Son 15 ildə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Dövlət başçısı İlham Əliyevin hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi

inkişafi dövlət proqramları" (2004-2008-ci, 2009-2013 və 2014-2018-ci, 2019-2023-cü illər) əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini özündə ehtiva edib.

Sahibkarların investisiya təminatının gücləndirilməsi sahəsində dövlət tərəfindən son illərdə mühüm addımlar atılıb və atılmaqdadır. Bu sahədə Azərbaycan İnvestisiya Şirkəti də mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakı hədəflər reallaşdırılır: investisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi; Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi; Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi; Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi; İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.

Nazirlər Kabinetinin son iclası göstərir ki, keyfiyyətcə yeni mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də məhz ölkədə aktual iqtisadi çağırışlara cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəfflaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən sosial məqsədlər üçün istifadə edilməsidir. Son illər həyata keçirilən antiböhran tədbirlərinin ana xəttini yenə də qeyri-neft sektorunun inkişafının dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə mane olan süni maneələrin aradan qaldırılması məsələləri təşkil edir. Etiraf etməliyik ki, hazırda respublikamızda inkişaf dövrünü yaşayan qeyri-neft sektoru əhalinin daxili tələbatını və ixracdan əldə olunan gəlirləri təmin etmək iqtidarında deyildir. Məhz buna görə də hökumət hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

Əlbəttə, mövcud qlobal iqtisadi şərait iqtisadi islahatları genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini; sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə yolu ilə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan, əlverişli investisiya mühitindən səmərəli istifadəni zəruri edir. Bu və digər praktik məqsədlərin həyata keçirilməsi məqsədilə ötən illərdə imzalanmış fərman və sərəncamlar göstərir ki, ölkə başçısı İlham Əliyev orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiya yönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi

dünya təcrübəsinə əsaslanmasını vacib sayır. 2016-cı ilin əvvəllərindən etibarən Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

2017-2019-cu illərdə qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına xidmət edib.

Ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsi olub.

Nazirlər Kabinetinin 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası təsdiqləyir ki, qarşıdakı ildə Azərbaycan vətəndaşlarının maddi rifah halı daha da yaxşılaşacaq, sosial-iqtisadi inkişaf və sabitlik kursunun respublikamıza gətirdiyi dividentləri hər bir azərbaycanlı öz gündəlik həyatında daha qabarıq hiss edəcək.

Samir Mustafayev