Əlaqə Arxiv
news Image
2019.05.15
07:21
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Qeyri-rəsmi məşğulluq səviyyəsinin azaldılması əsas hədəflərdəndir

Sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 15 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər əksini tapıb. Bu da bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlib.

2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan verib. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1534,3 min nəfər olub, onlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 21,8 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik. Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Büdcə daxilolmalarının artımı əminəm ki, ilboyu müşahidə olunacaq. Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır".

1995-ci ildə aparılmış tədqiqatlara əsasən, Azərbaycanda işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ildə əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlara görə isə 16,25 faiz təşkil edib. 2003-cü ildə BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən işsizlik 9,7 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4,9 faiz

civarındadır. Bu göstəriciyə görə Azərbaycan MDB dövlətləri sırasında öncül yerlərdən birini tutur.

Əgər ölkə vətəndaşları bir zamanlar iş axtarmaq üçün Rusiya və digər MDB ölkələrinə üz tuturdularsa, son illərdə əks proses başlayıb. Nəinki MDB-dən, ümumilikdə, dünyanın bir çox ölkələrindən işaxtaranlar iqtisadi baxımdan cəlbedici ölkə kimi respublikamıza üz tuturlar. Vaxtilə iş tapmaq ümidi ilə başqa ölkələrə gedən vətəndaşlarımızın son illər geri qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən də qeyri-leqal şəkildə respublikanın əmək bazarına can atmaları sahibkarlıq subyektlərinin və yüksək gəlirli iş yerlərinin sayının artması ilə izah olunur. Yeni iş yerlərinin yaradılması bilavasitə regionlarda sahibkarlığın inkişafı və kapital qoyuluşlarının həcminin artması ilə sıx bağlı proses olduğundan, hökumət iş adamları üçün ildən-ilə daha yaxşı imkanların yaradılmasına çalışır.

Çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar da regionlarda məşğulluğun səviyyəsinin aşagı düşməsinə təsir göstərir. Son 15 ildə qəbul olunmuş «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı», Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları və digər sənədlər işsizliyin səviyyəsinin azaldılması baxımından əhəmiyyətli olub.

Məşğulluq Strategiyasının (2006-2015-ci illər) 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrası nəticəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilib.

"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" isə əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər) ikinci mərhələsinin reallaşdırılmasına yönəldilib. Proqramda işçi qüvvəsinə tələbatın stimullaşdırılması, səmərəli işgüzarlıq mühitinin formalaşdırılması, struktur islahatlarının dərinləşdirilməsi, investisiya fəallığının artırılması və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmini məsələləri əksini tapmışdı.

Sənəddə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində kompleks tədbirlər nəzərdə tutulmuş, aidiyyəti dövlət qurumlarının, eləcə də İqtisadi İnkişaf, Vergilər, Əhalinin Sosial Müdafiəsi nazirliklərinin qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdi. Ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi; yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi; ədalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı; təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı

arasında tarazlığı təmin edən şəraitin yaradılması; qeyri-formal məşğulluğun qarşısının alınması; işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi; kiçik və orta sahibkarlığın inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların iqtisadi həvəsləndirilməsi kimi mühüm tədbirlər Dövlət Proqramında mühüm hədəflər kimi diqqəti çəkirdi.

Statistika Komitəsinin məlumatına əsasən, regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları da yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayıb. Bu proqramlar çərçivəsində ötən 15 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,9 milyondan çox yeni iş yeri açılıb, 80 mindən dən çox yeni müəssisə yaradılıb, habelə yeni açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşüb.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsində göstərilir ki, 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Bu iş yerlərinin yaradılması 3 amilin təsiri nəticəsində mümkün olacaq: "Strateji Yol Xəritəsi çərçivəsində görülən tədbirlər; digər əlavə tədbirlər və ümumi iqtisadi mühitin yaxşılaşması nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaq".

Samir Mustafayev

Sizin Reklam Yeriniz