news Image
2019.05.17
07:14
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
İxrac təşviqinin verilməsi proseduru sadələşdirilib

Ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsidir. Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini önə çəkir.

Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq həmin fərmana görə, ödənilən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

Nazirlər Kabinetinin qərarı ilə ötən il İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə yeni səlahiyyət verilib, ixrac təşviqinin alınması üçün ərizələrə baxılma müddəti 5 dəfə azaldılıb. Qaydaya əsasən indiyə qədər qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslər şəxslər ixrac təşviqinin alınması üçün ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Dəyişikliyə əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslər ixrac təşviqinin alınması üçün ərizə ilə birbaşa və ya “bir pəncərə” prinsipi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edirlər.

Dəyişikliyə əsasən İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 2 iş günü müddətində ərizə və ona əlavə edilmiş sənədlərin bu Qaydanın tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, Nazirlik ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərərək formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir.

Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait həmin məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərindən çox olduqda, bu məhsulların ixracına görə ixrac təşviqinin baza məbləği ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin 3 faizini təşkil edir.

Müraciətə əlavə olunmuş iki və daha çox gömrük bəyannaməsi əsasında ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait müvafiq gömrük bəyannamələrində göstərilən gömrük dəyərinin cəmindən az olduqda, belə bəyannamələr üzrə ixrac təşviqi daxil olan vəsaitin bu Qaydada nəzərdə tutulan sənədlər əsasında həmin gömrük bəyannamələri üzrə bölgüsünü konkretləşdirməklə hesablanır. Bu zaman bəyannamələr və ya onların bəziləri üzrə vəsaitin bölgüsünü konkretləşdirmək mümkün olmadıqda, həmin bəyannamələr üzrə ixrac təşviqi bu bəyannamələr sırasından daha əvvəlki tarixli gömrük bəyannaməsindən başlayaraq ardıcıllıq əsasında və daxil olan vəsaitin bəyannamələr üzrə bölgüsü konkretləşdirilməyən hissəsi çərçivəsində hesablanır və ödənilir. Müraciətə əlavə olunmuş gömrük bəyannaməsi əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının XİFMN üzrə siyahısında nəzərdə tutulmuş məhsul (məhsullar) ilə yanaşı, adıçəkilən siyahıda nəzərdə tutulmamış məhsul (məhsullar) da ixrac edildikdə və bu zaman gömrük bəyannaməsində nəzərdə tutulan məhsullara görə ixracatçının bank hesabına köçürülən vəsait bu məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən ümumi gömrük dəyərindən az olduqda, belə bəyannamə üzrə ixrac təşviqinin baza məbləği aşağıdakı düstur əsasında hesablanmış məbləğin 3 faizini təşkil edir.

Xatırladaq ki, «Azərbaycan - 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası respublikanın 2020-ci ilədək ixrac potensialının məhz qeyri-neft sektoru hesabına artırılmasını, ixracın adambaşına düşən həcminin 1000 ABŞ dollarına çatrılımasını əsas hədəflərdən biri kimi qarşıda müəyyənləşdirib. Bu məqsədlə yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyatın formalaşdırılması da prioritet məqsədlərdən biri kimi nəzərdən keçirilir.

Ölkə sahibkarlarının xarici bazarlara çıxış imkanlarının genişlənməsi həm də qanunvericiliyin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi tədbirləri ilə izah olunur. Ölkə başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»nın əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin müasirləşdirilməsinə imkan yaradıb və xarici iqtisadi əlaqələrini genişləndirib. Sənəd əsasında gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması; inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması; ixracın təşviqi və genişləndirilməsi; daxili bazarın qorunması sahəsində gömrük tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Malların idxalı və ixracı zamanı gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış əsaslarda təşkili gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılmasını, bu işə sərf edilən vaxtın minimuma endirilməsini təmin edərək xarici ticarət iştirakçılarına xidmətin səviyyəsinin yaxşılaşmasına, bütövlükdə gömrük orqanlarında idarəetmənin təkmilləşdirilməsinə imkan verib. İqtisadi operatorların və sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə daha ciddi riayət etmələri, sərhəd nəzarəti prosedurlarında şəffaflığın artırılması da təmin edilib. Ümumilikdə, bu və digər tədbirlərin reallaşdırılmasında əsas məqsəd bir tərəfdən ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək, digər tərəfdən gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdirmək, gömrüklə bağlı vaxt itkisinə yol verməməkdir.

Son illər dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, gömrük orqanlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi də diqqət mərkəzindədir. Hazırda Gömrük Komitəsi tərəfindən 20-ə yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları haqqında statistik məlumatların verilməsi; rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük brokeri və gömrük daşıyıcısı fəaliyyətinə lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi

üçün müraciətin və sənədlərin qəbulu; gömrük və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi; vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi; yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması məsələləri aiddir.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunurdu ki, "Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülmüşdür".

Sərəncama əsasən, Azərbaycan Respublikasının Gömrük Komitəsi bir sıra mühüm məsələlərlə yanaşı, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu təmin edib. Komitə, həmçinin elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin edib.

 

Samir Mustafayev