news Image
2019.05.17
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Ölkədə əlverişli investisiya mühiti formalaşıb

Müxtəlif maliyyə mənbələri hesabına iqtisadiyyata əsaslı kapital qoyuluşlarının həcminin artması son illər Azərbaycanın investisiya reytinqinin yüksəlməsinə təkan verməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri sosial-infrastrukturun formalaşmasını da təmin etmişdir. Dövlət büdcəsində əsaslı kapital qoyuluşları üçün nəzərdə tutulan vəsaitlərin ilbəil artımı da məhz cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsinə, ölkənin mövcud istehsal potensialından səmərəli istifadəyə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqinə geniş imkanlar açmışdır.

Ölkədəki mövcud siyasi, iqtisadi və hüquqi atmosfer iqtisadiyyatın sağlamlaşdırılmasının mühüm göstəricisi sayılan investisiya qoyuluşlarının həcminin artım dinamikasına da müsbət təsir göstərmişdir. Hökumətin ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər respublikada investisiya qoyuluşlarından və əsas fondlardan istifadənin səmərəliliyini yüksəldir.

2003-cü ildən ölkə iqtisadiyyatında ciddi keyfiyyət və kəmiyyət dəyişiklikləri baş vermiş, investisiyaların həcmi əhəmiyyətli dərəcədə artmışdır. Hazırda Azərbaycanda dövlət investisiya siyasəti ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin təmini məqsədilə ümumi biznes şəraitinin yaxşılaşdırılması, xüsusi mülkiyyətin qorunması, korporativ idarəetmənin təkmilləşdirilməsi, bütün investorlar üçün azad rəqabət mühitinin yaradılması, iqtisadi sabitliyin qorunması prinsiplərinə əsaslanaraq aşağıdakı prioritetlərin həyata keçirilməsinə yönəldilir: a) infrastruktur sahələrinin inkişafı və onların obyektlərinin davamlı istismarının təmin edilməsi; b) regionların tarazlı inkişafının təmin edilməsi; c) insan kapitalının davamlı inkişaf etdirilməsi və sosial təminatın gücləndirilməsi.

Ümumilikdə, ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər Azərbaycanın bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını, habelə qlobal maliyyə şəraitində respublikaya xarici sərmayə qoyuluşlarını təmin edir. Həyata keçirilən səmərəli siyasətin nəticəsi olaraq Azərbaycan bu gün xarici investisiya cəlbediciliyinə görə dünya ölkələri sırasında ön sıralardadır. Son 15 ildə regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq ümumi daxil məhsul istehsalına görə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmiş Azərbaycan investisiya cəlbediciliyini də qoruyub saxlamışdır: 1993-2017-cü illərdə ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya qoyulmuşdur. Dünyanın mötəbər «beyin mərkəzi» sayılan Davos Forumunun 2018-2019-ci illər üçün hesabatında Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görülmüşdür. Respublikamız bu göstərici ilə MDB məkanında lider mövqeyini qoruyub saxlamışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət Proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün yaxşı imkanlar açmışdır. İqtisadiyyatın şaxələndirməsi tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və onun real artım

tempi, neft sənayesinin artım tempini üstələmişdir. 2018-cı ildə qeyri-neft sektorunun 2 faizlik artım tempi bunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində yerli və əcnəbi sahibkarlar daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar faktiki olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair qanunvericiliyə dəyişikliklər edilmişdir. «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda da sahibkarlar üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulmuşdur. Məcəllədə əksini tapmış vergi güzəştlərinin bir qrupu sosial məqsəd daşıyaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına, ikinci qrupu isə stimullaşdırıcı xarakter daşıyaraq müəyyən sahələrin inkişafının təmin edilməsinə yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında» Fərmanına uyğun olaraq, güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını genişləndirmiş, güzəştli kreditlər üzrə müddətin maksimum həddi 10 ilədək məbləği isə 10 milyon manatadək artırılmışdır.

Son illər respublika iqtisadiyyatına investisiya cəlbini sürətləndirmək istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkətinin yaradılmasıdır. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.

Şirkət investisiya obyektinin seçilməsi meyarları sırasında müəssisənin fəaliyyətinin kommersiya səmərəliliyi; istehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı, əsasən ixracyönümlü və ya idxalı əvəz edən olması; mühasibatlığın maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun aparılması, maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması; beynəlxalq korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi, habelə investorların və digər marağı olan şəxslərin hüquqlarının yüksək səviyyədə qorunması kimi amilləri nəzərə alır.

Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapır. Azərbaycanın adı son illərdə

maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Son illər həmçinin, ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, «Qoldman Saks» təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır.

Azərbaycanın regionlarına investisiya axınını şərtləndirən mühüm amillərdən biri də ölkənin böyük həcmdə strateji valyuta ehtiyatlarına malik olmasıdır. Hazırda strateji valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatan respublikamız bu vəsaitin müəyyən qismini bölgələrdəki pespektivli və rentabelli sahələrin inkişafına yönəldərək külli miqdarda gəlir əldə etməyə iddialıdır.

Samir Mustafayev