news Image
2019.05.21
07:25
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Qeyri-neft məhsulları ixracının genişləndirilməsi diqqət mərkəzindədir

Müasir tələblərə cavab verən, yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin açılması hər bir ölkədə dünya bazarlarına rəqabətə davamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaradır. İxracın qeyri-neft sektoru hesabına genişləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan xarici ticarət dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə nail olur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7979,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4843,4 milyon dollar, idxalın dəyəri 3135,6 milyon dollar təşkil edib, nəticədə 1707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7 faiz, o cümlədən idxal 43,1 faiz, ixrac 3,0 faiz artıb. Real ifadədə dövriyyə 6,4 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac 3,0 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,2 faizini İtaliyaya, 11,3 faizini Türkiyəyə, 6,4 faizini Almaniyaya, 6,1 faizini Çinə, 5,8 faizini İspaniyaya, 5,6 faizini Hindistana, 4,7 faizini İsrailə, 3,5 faizini Gürcüstana, 3,3 faizini Çexiyaya, 3,2 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, 2,6 faizini Avstriyaya, 2,0 faizini Yunanıstana və qalan 11,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,0 faizi Rusiya, 13,1 faizi İsveçrə, 9,8 faizi Türkiyə, 8,7 faizi Çin, 7,0 faizi İran, 4,0 faizi Kanada, hər biri 3,9 faiz olmaqla Almaniya və Avstraliya, 3,6 faizi ABŞ, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, hər biri 2,0 faiz olmaqla Belarus və Qazaxıstan, 22,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-mart aylarında ölkədən 415,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib və bu da 2018-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,9 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,8 faiz), Türkiyəyə (23,9 faiz), Gürcüstana (12,1 faiz), İsveçrəyə (8,1 faiz), İtaliyaya (3,1 faiz), Yunanıstana (2,9 faiz), Çinə (2,5 faiz), İrana (2,3 faiz), Almaniyaya (2,2 faiz) və Ukraynaya (2,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-mart aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,7 faiz, təzə tərəvəz – 38,9 faiz, tütün – 35,8 faiz, meyvə və tərəvəz şirələri – 37,8 faiz, pambıq lifi – 3,1 dəfə, emal olunmamış alüminium – 10,0 faiz, pambıq ipliyi – 36,1 faiz, qara metallardan yarımfabrikatlar – 4,5 dəfə, bentonit gili – 1,8 dəfə artmış, şəkər ixracı isə 13,4 faiz, çay – 10,3 faiz, meyvə və tərəvəz konservləri – 11,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,2 faiz, bitki yağları – 22,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 0,2 faiz, kartof – 24,6 faiz, polietilen – 1,0 faiz, qara metallardan borular – 75,9 faiz azalıb.

2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında buğda idxalı 28,4 faiz, təzə meyvə – 2,9 faiz, xam şəkər və şəkər – 4,9 dəfə, kartof – 24,5 faiz, quş əti və onun əlavə məhsulları – 2,0 dəfə, mal əti – 3,1 faiz, minik avtomobilləri – 2,3 dəfə, mineral gübrələr – 9,8 faiz, qara metallardan çubuqlar – 32,5 faiz, hesablama maşınları, blok və qurğuları – 48,5 faiz, mebellər – 32,2 faiz, polietilen – 38,2 faiz, yük avtomobilləri – 2,0 dəfə, qara metallardan künclüklər – 40,2 faiz, məişət kondisionerləri – 2,8 dəfə, avtobuslar – 2,3 dəfə artmış, bitki yağları idxalı isə 27,9 faiz, siqaret – 21,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 23,9 faiz, çay – 11,9 faiz, təzə tərəvəz – 19,0 faiz, qara metallardan borular – 9,6 faiz, polad prokatı – 16,3 faiz, rezin şinlər – 5,2 faiz, paltaryuyan maşınlar – 13,9 faiz, sement və sement klinkerləri – 39,6 faiz, məişət soyuducuları – 14,5 faiz azalıb.

Xatırladaq ki, «Azərbaycan - 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası respublikanın 2020-ci ilədək ixrac potensialının məhz qeyri-neft sektoru hesabına artırılmasını, ixracın adambaşına düşən həcminin 1000 ABŞ dollarına çatrılımasını əsas hədəflərdən biri kimi qarşıda müəyyənləşdirib. Bu məqsədlə yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyatın formalaşdırılması da prioritet məqsədlərdən biri kimi nəzərdən keçirilir.

Ölkə sahibkarlarının xarici bazarlara çıxış imkanlarının genişlənməsi həm də qanunvericiliyin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi tədbirləri ilə izah olunur. Ölkə başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»nın əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin müasirləşdirilməsinə imkan yaradıb və xarici iqtisadi əlaqələrini genişləndirib.

Son illər dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, gömrük orqanlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi də diqqət mərkəzindədir. Hazırda Gömrük Komitəsi tərəfindən 15-ə yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları haqqında statistik məlumatların verilməsi; rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük brokeri və gömrük daşıyıcısı fəaliyyətinə lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi; vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi; yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması məsələləri aiddir.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunur ki, "Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin

formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülmüşdür".

Sərəncamda Azərbaycan Respublikasının Gömrük Komitəsinə bir sıra mühüm məsələlərlə yanaşı, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etmək tapşırılmışdı. Komitə, həmçinin elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etmiş; gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirmişdir.

Böhran dövründə ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsidir. “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamında kənd təsərrüfatı və emal məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə tutulmuşdur. Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini önə çəkir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədəcə olacaq həmin fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

Xarici ölkələrdə dövlətin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi məqsədi ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi qərara alınıb.

Samir Mustafayev