news Image
2019.05.24
07:18
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Biznes qurumlarının fəaliyyətində şəffaflıq təmin edilir

Azərbaycanda biznes mühitinin liberallaşdırılmasına xidmət edən islahatlar, ilk növbədə, şəffaflıq və hesabatlılığın təmin edilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Son illər sahibkarlıq fəaliyyətinin leqallaşdırılması tədbirləri çərçivəsində Cinayət Məcəlləsində iş adamlarının mənafeyinə xidmət edən mühüm dəyişikliklər edilib. Konkret olaraq ölkə başçısının 2016-cı il 20 may tarixli sərəncamına əsasən edilmiş dəyişikliklərə görə, Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunublar.

Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə edilən qeyd bölməsində göstərilir ki, "Bu məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur".

Həmin dəyişikliklərə qədər qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdılar. 2016-cı il il iyun ayının 1-dən qüvvəyə minmiş yeni qanunla azadlıqdan məhrumetmə cəzası ləğv edilib. Bu dəyişiklikləri yüksək dəyərləndirən ekspertlərin fikrincə, Cinayət Məcəlləsinin qəbulundan ötən 16 il müddətində Azərbaycan iqtisadiyyatının inkişafı və baş verən digər iqtisadi proseslər nəticəsində dövriyyədə olan məhsulların, xidmətlərin dəyəri və insanların gəlirləri bir neçə dəfə artıb. Buna baxmayaraq, məsuliyyətin yaranmasına səbəb olan məbləğlər bu dövr ərzində Cinayət Məcəlləsində artırılmayıb. Cinayət Məcəlləsində məsuliyyət müəyyən edən həmin məbləğlərin dəyişməməsi hazırda ictimai təhlükə törətməyən əməllərə görə bir çox sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olurdu. Bunun qarşısını almaq üçün Cinayət Məcəlləsində nəzərdə tutulmuş həmin məbləğlər artırılıb. Əvvəllər vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq həmin məbləğ 20.000 manat olub. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu da həmin məbləğə qədər olan əməllərin dekriminallaşdırılması deməkdir.

Rəqəmlərə gəlincə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manat müəyyən edilirdi. Dəyişikliklə həmin məbləğ 20 dəfə artırılaraq 20 min manat olub. Bu da həmin məbləğə qədər olan hissədə əməllərin dekriminallaşdırılması deməkdir. Başqa bir dəyişikliyə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad ediləcəklər. Dekriminallaşan əməllərə görə bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu qanunla

cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

«Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 6 may 2016-cı il tarixli qanunları iqtisadi fəaliyyət sahəsində olan inzibati xətalara və cinayətlərə görə inzibati və cinayət məsuliyyətinin müəyyən edilməsi meyarlarında dəyişikliklər aparılıb, bəzi inzibati və cinayət əməllərinə görə məsuliyyətdən azad olunmanın şərtləri müəyyən olunub, əvvəllər cinayət sayılan, lakin hazırda müvafiq qanunla cinayət hesab olunmayan əməllərə görə hüquqi tənzimləmə mexanizmləri təsbit edilib.

Yekun müddəalarda bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslərin cəzadan azad olunması, habelə həmin qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin məhkumluğu olmayan hesab edilməsi, eləcə də məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu qanunla yaxşılaşdırıldığı hallarda, həmin məsələlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması qaydaları öz əksini tapıb.

Qanunun 2.4-cü maddəsində göstərilir ki, bu qanunun 1-ci maddəsinə əsasən, cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını və cəza tətbiq edilməsi zərurətini aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət işinə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir.

Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır.

Beləliklə, Cinayət Məcəlləsinin 192, 192-1, 193, 205-2, 213-cü maddələrində göstərilən əməllərin törədilməsi nəticəsində dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğləri iyirmi min manatdan az olduqda həmin cinayətlərə dair işlər üzrə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

Bundan sonra vergi orqanları qeyd olunan maddələrdə göstərilən əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsini araşdırır və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görürlər. Yəni vergi orqanları tərəfindən inzibati xəta tərkibinin bütün əlamətlərinin olub-olmaması araşdırılmalı və inzibati xəta tərkibi mövcud olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində müəyyən edilmiş müddətlər gözlənilməklə inzibati xəta haqqında protokol tərtib edilir.

Cinayət xarakterli materiallar Vergilər Nazirliyinin Hüquq baş idarəsi və Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi vasitəsilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilən zaman vergi orqanları tərəfindən son dəyişikliklər nəzərə alınır və həmin

materialların göndərilməsi üçün müvafiq sənədlər hazırlanarkən qeyd olunan dəyişikliklərin tələbləri rəhbər tutulur. Bu işə Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi də cəlb olunub. Qeyd etmək lazımdır ki, bu idarə vergilər nazirinin 17 may 2016-cı il tarixli əmri ilə vergi orqanları tərəfindən hesablanmış vergilər və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların dövlət büdcəsinə alınması işinin təşkilinin daha da təkmilləşdirilməsi, vaxtında təqdim edilməmiş vergi bəyannamələrinin alınması, habelə vergi orqanları ilə icra qurumları arasında işin təşkili, vergi cinayətlərinin sayının azaldılması üçün cinayət tərkibi yaratmayan borc materiallarının əvvəlcədən araşdırılması, vergi cinayətlərinin təhlili və araşdırılması sahəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə metodiki kömək göstərilməsi məqsədilə yaradılıb.

Ölkə Prezidentinin sərəncamları Azərbaycanda vergi borcları kimi qanunsuz əməllərin də dekriminalizasiyası istiqamətində çox mühüm addım hesab edilə bilər. Bu, biznes fəaliyyəti ilə məşğul olarkən qanunsuz əməllərə yol vermiş, lakin cəmiyyətə yararlı insanları cinayət dünyasına qatılmaqdan xilas etməklə yanaşı, dövlət büdcəsindən məhkumların saxlanmasına ayrılan xərcləri də azaldır.

Cinayət məsuliyyətinə cəlb olunmadan azadetmə vergidən yayınmaq üçün əsas ola bilməz. Bu qəbildən olan cinayət işlərinin icraatına xitam verildikdən sonra borclu vergi ödəyicilərinin dövlət büdcəsindən yayındırdıqları borcları silinmir, onlar buna görə, sadəcə, cinayət məsuliyyəti daşımırlar. Bu isə o deməkdir ki, qanunvericiliyə edilmiş dəyişiklik vergi ödəyicilərini vergi öhdəliklərindən azad etmir. Başqa sözlə, həmin borc məbləğləri könüllü şəkildə ödənilmədiyi təqdirdə, onların məcburi qaydada alınması üçün vergi orqanları qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlər görür.

Samir Mustafayev